Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Gürcü arzusu” isterikada – Hakim partiya hər yola əl atır


Gia Xuxaşvili: “Məqsəd Gürcüstan cəmiyyətini parçalamaq və vətəndaş qarşıdurması həddinə çatdırmaqdır”

Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası müxalifəti sıradan çıxarmaq siyasətinə start verib. Ötən həftə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, həbsdə olan sabiq Prezident Mixail Saakaşvilinin qurucusu olan müxalif Vahid Milli Hərəkat Partiyasının deputatları təşkilat konstitusiyaya zidd elan edildikdən sonra mandatlarından məhrum ediləcəklər.

“Konstitusiyamıza görə, mandatları yalnız Konstitusiya Məhkəməsi ləğv edə bilər. Düşünürəm ki, mandatların ləğvi partiyaya qoyulan qadağanın məntiqi davamı olardı”, - Kobaxidze bildirib. Onun fikrincə, “cinayətkar partiya”nın nümayəndələri Gürcüstan Parlamentinin deputatı statusundan istifadə etməməlidirlər.

“Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının deputatlarının mandatları ləğv olunarsa, oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra parlament birpartiyalı ola bilər. Bu gün Moldova Parlamenti praktiki olaraq birpartiyalıdır, lakin heç kim bu barədə danışmır. Əksinə, hamı bunu alqışlayır. Eyni şey Gürcüstanda da ola bilər”, - deyə Baş nazir söyləyib.

Gürcüstan hökumətinin başçısı parlament seçkilərinin nəticələrinə görə ölkənin qanunverici orqanına yalnız iki partiyanın - hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının və Vahid Milli Hərəkat Partiyasının keçəcəyini proqnozlaşdırır.

Gürcü ekspertlər hakimiyyətin bu siyasi xətti seçməsini qorxu ilə əlaqələndirirlər. Politoloq Gia Xuxaşvili “Georgia Online”yə deyib ki, hakim “Gürcü arzusu” isterikadadır: “Hakim partiya müxalifəti əzmək üçün maksimum addımlar atır. “Gürcü arzusu” konstitusiya çoxluğu əldə etdikdən dərhal sonra “Konstitusiyaya zidd olan partiyalar və ya varislərini” sıradan çıxarmaq niyyətindədir. Bu, hakimiyyətin qorxduğunu və çaşqın olduğunu sübut edən faktdır”.

“Siz 12 il hakimiyyətdə olanda daim bu mövzudan danışırsınız və 12 ildən sonra belə bir bəyanat yayırsınız. Bu, ciddi deyil, üstəlik, gülüncdür. Mən heç kimin bu cəfəngiyyatı “yeyəcəyini” düşünmürəm”, - Xuxaşvili qeyd edib.

Eyni zamanda, politoloq deyib ki, Rusiya da eyni üsullardan istifadə edir: “Baş nazirin bu bəyanatının məqsədi Gürcüstan cəmiyyətini parçalamaq və vətəndaş qarşıdurması həddinə çatdırmaqdır”.

“İndi bu barədə danışmaq qeyri-ciddi və gülüncdür. Bu o deməkdir ki, məqsəd yalnız gürcü cəmiyyətini aldatmaq və hələ də “millətin qanına susayan” çox kiçik bir qrup fanatik qrupa rəğbət bəsləməkdir”, - Xuxaşvili bildirib.

Onun sözlərinə görə, müxalifət iqtidarın bu təbliğat “yeminə” konkret arqumentlərlə qarşı çıxmalı, insanlarla danışmalı və onlara başa salmalıdır ki, bu, “Gürcü arzusu”nun böyük bir yalançı povestinin tərkib hissəsidir: “Əslində “Gürcü arzusu” sülh tərəfi deyil, əksinə, müharibə tərəfidir. Müharibənin ən pis forması isə vətəndaş qarşıdurmasıdır. Bu təbliğat tufanı üçün təkcə əks-təbliğat kifayət etmir. Bütün bunların cəfəngiyyat olduğunu xalqa aydın dillə izah etmək üçün müxalifət ictimaiyyətlə dialoqa getməlidir. Çox iş tələb olunur. Müxalifətin bu gün gördüyü işlər yetərli deyil. Onlar daha çox və ən əsası, interaktiv şəkildə işləməlidirlər. İnsanların sualları var ki, onlara sərt siyasi dildə deyil, insanların başa düşdüyü dildə cavab vermək lazımdır”.

“Nəhayət, bu açıqlama “Gürcü arzusu”nun isterika içində olduğu təəssüratını yaradır. Hakim partiya postunda qalmaq üçün hər yola əl atır. Bir insan nə vaxt hər yola əl atır? Qorxduğu və çaşqın olduğu zaman. Müvafiq olaraq, bu bəyanat güc nümayişi deyil, “Gürcü arzusu”nun zəifliyidir”, - Xuxaşvili fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10