Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İrandan keçən 10 min qaçqın bəs edər ki, Azərbaycanda ciddi problemlər meydana çıxsın”




Azər Rəşidoğlu: “Miqrantlardan istifadə edib, ölkəyə terrorçular da daxil ola bilərlər”

 

“İrana qarşı müharibə təhlükəsi reallaşarsa, bu, Bakının maraqlarına cavab verməyəcək. Belə ki, proseslər Azərbaycan sərhədlərinin dibində cərəyan edir və bizim üçün də müəyyən mənada narahatlıq doğura bilər.

 

Bu fikirləri AYNA-ya şərhində politoloq Azər Rəşidoğlu səsləndirib. O, İranda on milyonlarla soydaşımızın yaşadığına diqqət çəkib: “Məsələ ondan ibarətdir ki, İrana hansısa hərbi müdaxilə olarsa, Azərbaycana qaçqın axını başlaya bilər. Hətta, məsələ onda deyil ki, bu zərbələr Cənubi Azərbaycanı hədəf alacaq, yoxsa yox. Yadınızdadırsa, vaxtilə İrandan Azərbaycana çoxsaylı qaçqın keçdi. Onlar müxtəlif ərazilərdə evlər aldılar. Minlərlə İran vətəndaşı Bakıda ev və mülk sahibinə çevrildi. Hər kəs özünü gələcək savaşdan sığortalamaq istəyirdi və ən asan başa gələn metod Bakıda ev almaq idi”.



“Bu dəfə Azərbaycana daha çox sayda qaçqın axın edə bilər. İraqdakı, Suriyadakı toqquşmalar da bu prosesi isbatlayır. Lakin İran qədim kökləri olan dövlətdir. O, Səudiyyə Ərəbistanı, Qətər, yaxud İordaniya deyil. İran oturuşmuş, dövlət ənənələrinə sadiq və dini ideyalarla idarə olunan İslam dövlətidir və odur ki, İranı Suriyanın gününə salmaq elə də asan deyil”, - deyə siyasi şərhçi bildirib.

 

O, daha maraqlı bir məqama da diqqət çəkib: “Azərbaycanda miqrantların qəbulu və yerləşdirilməsi üzrə qanunverici baza yoxdur. Söhbət miqrantların qəbul edilməsindən getmir. Zəruri xidmətlər və müxtəlif təminatlar da həllini tapmalıdır. Qaçqınların Avropaya can atmasının səbəbləri budur ki, onların təminatı Avropada dövlət siyasətinin tərkib hissəsidir. Diqqət etmisinizsə, miqrantların böyük əksəriyyəti məhz Almaniyaya can atır. Çünki orada bu qanunlar daha loyaldır”.

 

“Bu baxımdan hesab edirəm ki, Azərbaycana ciddi miqrant axını baş verməyəcək, lakin kiçik bir ölkəyə on minlərlə qaçqın gəlsə belə, bu, kifayət qədər problemə səbəb olacaq. Bir məsələyə diqqət etmək lazımdır ki, miqrantlardan istifadə edib, ölkəyə terrorçular da daxil ola bilərlər. Bu da dövlətin müvafiq orqanlarının işidir ki, onlara nəzarət etsinlər”, - Rəşidoğlu vurğulayıb.

 

Politoloq İran hadisələri fonunda, Azərbaycan-İsrail münasibətlərinə də toxunub: “Azərbaycanın İsraillə yaxın münasibətləri var. Bu da, təbii ki, İranı qıcıqlandırır. Öz növbəsində rəsmi Bakı İranın Azərbaycana İslam inqilabı ixrac etməsindən ehtiyatlanır. Həmçinin, son illər İran və Azərbaycanın bir-birinə göndərdiyi etiraz notaları və qarşılıqlı ittihamlar münasibətlərin həssaslığını göz önünə sərir. Buna baxmayaraq, Azərbaycan İranla münasibətlərini normallaşdırmaq arzusundadır. Mümkün savaş isə bu müstəvidə ciddi problemlər yarada bilər”.

Müəllif: İbrahim Məmmədli 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10