Medvedyev Jirinovskinin yerini tutmağa çalışır, amma...
Siyasətlə azacıq maraqlanan hər kəsdən Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedyev haqqında nə xatırladığını soruşsanız, rusiyalı siyasətçinin məşhur ifadəsi ilə cavab verər: “Pul yoxdur, amma siz bərk dayanın”.
Bəziləri Soçidə Olimpiadanın açılışını xatırlaya bilər. O zaman Medvedyev ya yorğunluqdan, ya da mərasimin darıxdırıcı olması səbəbindən yatmaq qərarına gəlmişdi.
Ümumiyyətlə, Medvedyev “Telegram” kanalının aktiv istifadəçisidir, burada vaxtaşırı “qızıl xırdalayır”. Rus “teleqrambazı” Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra xüsusilə fəallaşıb. Onun açıqlamaları ictimai təhqir sərhədinə qədər sərtləşir, amma, bu, əlbəttə ki, siyasətçinin sitatlarının absurdluğunu istisna etmir.
Onlardan bəzilərini sadalayaq:
“Xüsusi hərbi əməliyyat Ukraynanı Qərbin neokolonial buxovlarından azad etməyə kömək edəcək”, - deyə o, “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində yazır;
“Ukraynanın mövcudluğu ukraynalılar üçün ölümcül təhlükədir. Mən təkcə indiki vəziyyəti, Bandera siyasi rejimini nəzərdə tutmuram. Mən istənilən, tamamilə hər hansı bir Ukraynadan danışıram. Niyə? Tarixi Rusiya ərazilərində müstəqil dövlətin olması indiki hərbi əməliyyatların yenidən başlanması üçün daimi səbəb olacaq”;
“ABŞ və onların müttəfiqləri bizə qaydasız müharibə elan edib. Biz hər gün çalışmalıyıq ki, ölkəmizə və bütün vətəndaşlarımıza bu məhdudiyyətləri qoyan ölkələrə maksimum zərər vuraq. Zərər verə biləcəyi hər şeydə zərər. İqtisadiyyatlarına, qurumlarına və hökumətlərinə zərər”;
O, həmçinin bütün növ silahların Rusiyanın müttəfiqlərinə verilməsinə çağırıb, lakin hələlik nüvə silahları istisna olmaqla.
Medvedyevin onlarla belə “parlaq” fikirləri var. İnternet məkanı onun “müdrik aforizmləri” ilə doludur. Görünür, qalmaqallı açıqlamaları ilə tanınan rusiyalı siyasətçi Vladimir Jirinovskinin ölümündən sonra Medvedyev onun işini davam etdirmək qərarına gəlib. Sadəcə onda bu, çox pis alınır.
Jirinovskinin ifadələrində, hətta ən gülünc ifadələrində belə, hələ də aktual olan bir rasionallıq zərrəsi var idi. Amma Dmitri Anatolyeviçin ifasında biz plagiat, özü də və ən aşağı sortlu plagiat görürük.
Bu gün Rusiya, demək olar ki, kabus günlərini yaşayır. Ukraynadakı “azadlıq” müharibəsi, yumşaq desək, Rusiyanın hərbi-siyasi quruluşu üçün ağır başağrısı oldu. Müharibə Rusiyanın özünə də yayıldı ki, bu da Moskvanın həqiqi hərbi potensialının göstəricisidir. Rospropaqandanın öz vətəndaşlarını mavi ekranlardan, qəzetlərdən və saytlardan qidalandırdığı deyil, əsl potensialını göstəricisidir.
Ukrayna Silahlı Qüvvələri Kursk və Belqorod vilayətlərində hərbi əməliyyatlar aparır, rus əsgərləri təslim olur, “böyük dövlət”də qaçqınların sayı artmaqda davam edir.
Lakin Medvedyevin son bəyanatına əsasən, o, baş verənlərdən xəbərsizdir və paralel dünyada yaşayır. Rusiya öz sərhədlərini qoruya bilmədiyini sübut etdiyi halda, təhlükəsizlik üzrə sədr müavini Reyxstaqla hədələyir.
“Ən yeni rus tankları Berlindəki Reyxstaq binasının qarşısındakı meydana çata bilər”, - deyə o, “X” sosial şəbəkəsində Almaniyanın “Bild” qəzetinin 80 ildən sonra alman tanklarının Rusiya torpaqlarında yenidən peyda olması barədə məqaləsini şərh edərkən bildirib.
“Cavab olaraq, biz Reyxstaq meydanına yeni rus tanklarının gətirilməsi üçün hər şeyi edəcəyik”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini yazıb.
Aydındır ki, bu, Medvedyevi qəzəbləndirib, amma həqiqətdən qaçmaq mümkün deyil. Sovet qoşunlarının Berlinə çatdığı və faşist Almaniyasını təslim olmağa məcbur etdiyi Böyük Vətən Müharibəsinə istinad tamamilə yersizdir.
- Birincisi, bu, həqiqətən də Vətən Müharibəsi idi.
- İkincisi, SSRİ-nin ABŞ və Böyük Britaniya kimi güclü müttəfiqləri var idi.
İndiki Rusiya bu meyarlarla öyünə bilməz. O, heç olmasa Kiyevə çatmalı, yalnız bundan sonra Berlin haqqında xəyal etməlidir...