Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovu tanıyırsınız?
İcra başçısı olanda göstərilən etimadı doğruldub-doğrultmadığının indi heç bir əhəmiyyəti yoxdur. Çünki Asif müəllim daha icra başçısı deyil. Nə olsun ki, kabinetinin açarını hələ təhvil verməyib. Bu proses cəmi bir-iki saat çəkir. Hətta açarı namizəd olduğu Zaqatala meşələrində itirdiyini deyib yeni sahibinə verməkdən imtina etsə belə, biz yenə onun haqqında keçmiş zamanda danışacağıq: "Sabiq başçı, indiki deputat..."
Pis səslənmir. Sayt yaratmaq
Nəsimi sakinlərinin duası qəbul olundu, Asif müəllim rəsmən deputatlığa namizəd oldu. MSK-nın saytında 112 saylı Zaqatala seçki dairəsində namizədliyi qeydə alınmış şəxslərin siyahısında Asif Əsgərovun adı birinci sırada yer alır. Əmin olun ki, seçkini də birinci yerdə başa vuracaq. Ona görə yox ki, kürəyini Zaqatalanın ən uca dağlarına söykəyib. Ona görə ki, arxasında o dağlardan daha əzəmətli görünən YAP dayanıb. İndi YAP-ın emblemindəki dəfnə ağacının bir yarpağı 100 illik çinardan daha qalın kölgə salır.
Dünən müxbirimiz Asif müəllimin rəqibləri haqda yazı hazırlamışdı. Həmin məqaləni oxuyanda başa düşdüm ki, YAP Asif Əsgərovun arxasında dayanmasa da, heç kim onun qabağında dura bilməz.
Siz heç 2-ci sinif şagirdinin 11-ci sinif şagirdini yıxdığını görmüsünüz?
Asif müəllimin rəqibləri ikinci sinifdə oxuyurlar. Üçüncü sinfə keçib-keçməyəcəkləri sual altındadır. Bəlkə də sinifdə qalacaqlar.,.
Böyük "biznes imperiyası"na malik olan Asif Əsgərovun 6 rəqibi var. Onlardan biri təqaüdçü, beşi işsizdir. Biz zəhmətkeş xalqıq. İşsiz adama təkcə qız deyil, heç səs də vermirik...
İnanın ki, indi ən azı yüz adam bu sözləri deyir: "Fərasəti olsaydı, özünə iş-güc tapardı, 5-10 manat qazanc yiyəsi olardı".
Təqaüdçü yoldaşın hansı resursa güvənib seçkiyə qatıldığı isə mənə bəlli deyil. Bəlkə də elə bilib namizəd olandan sonra pensiyası artacaq. Deputat seçilmək şansı kiçik olsa da, həyat eşqi böyükdür. Allah 357 manatlıq pensiyanı ona çox görməsin.
Bilirsiniz, Asif Əsgərov deyil, rəqiblərindən biri deputat seçilsə nə baş verəcək?
Çox uzağagedən nəticə çıxarmayın.
Sadəcə, ölkədə işsizlərin sayı bir nəfər azalacaq...
Seymur VERDİZADƏ