Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Sanki qoşa zər verir “Masallı xəbərləri”



31 il öncə Masallıda Zahir Əmənovun təsisçiliyi və redaktorluğu ilə həyata vəsiqə almış “Masallı xəbərləri” qəzeti haqqında Qubanın ucqar kəndində yaşamış tanınmış şair Rəhim Alxasın yazdığı şeir

 1993-cü ildə nəşrə başlamış, maddi səbəblər üzündən çapında qısa fasilələr  olsa da,  30-a yaxın sayı işıq üzü görən bu qəzet ilk sayından başlayaraq 

əyalətin görünməz dərdlərini, uğurlarını və problemlərini çox fərqli, cəsarətli, həm də Mirzə Cəlil demişkən “keçəl-küçəl” qardaşların “dilində”oxuculara təqdim etdi. Onu da xatırladaq ki, “Masallı xəbərləri” elə Zahir Əmənovun redaktorluğu ilə işıq üzü görən, bölgənin ilk ictimai-siyasi qəzeti olan “Masallı” qəzetinin layiqli davamçısı idi.

Bu qəzet ilk sayından başlayaraq əvvəllər Masallıya rəhbərlik etmiş Ələddin Həsənov, Ələsgər Qocamanov, Əlövsət Baxışov, Ağaddin Niftiyev, hətta qeyri rəsmi “icra başçısı” İsrafil Hüseynovdan və digərlərindən aldığı müsahibələr, bölgəmizin tarixi, mədəniyyəti, generalları və digər tanınmışları, eləcə də həmin dövrdə icra başçısı olan şəxslərin arzu olunmaz əməlləri barədə  yazıları ilə böyük marağa səbəb oldu.  Cəsarətli, oynaq dili olan bu qəzet qısa müddətdə ölkə miqyasında region qəzetləri sırasında öncüllər sırasına çıxdı.

"RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına layiq görüldü.  

Dəfələrlə məhkəmələrə çəkildi. Hədələri,  qarayaxmaları sadalasaq, böyük siyahı alınar.  Həmin vaxtlar qəzetin yazarları Zamin Tahirov, Mirzəkişi Mirzəyev (Masallı ), Müstəcəb Məmmədov(Astara), Gülbala Əhmədli(Yardımlı), Hüsaməddin Abbasov(Lerik), Tapdıq Həşimov, Mətləb Dadaşov (Masallı, karikaturaçı rəssamları) və başqaları bu qəzetin ən fəal əməkdaşları idi. Qəzetin maraqlı cəhətlərindən biri də onun səhifələrində maraqlı və kəskin mövzulu karikaturların yer alması idi. Qəzetin ötən nüsxələrinə baxıb, bu gün də kəsərini itirməyən yazılarına baxanda, sanki Masallının həmin illər üçün canlı tarixini oxuyursan. Yəqin ki, nə vaxtsa kimsə bu tarixi yazacaq.

İllər sonra bu qəzetin “başmağın” geyən çox olsa da, “yerişin” gedən çox az oldu.

 2017-ci ilə qədər “Cənub xəbərləri” qəzeti, daha sonra cenub.az saytı kimi fəaliyyət göstərən internet qəzet “Masallı xəbərləri”nin layiqli davamçısı idi.

 Qəzetin sorağı nəinki bölgəmizdə, eləcə də ölkəmizin digər ucqar guşələrinə də yayılmışdı.




Həmin vaxt qəzetin heyranlarından olan, Quba rayonunun ən ucqar Xınalıq kəndində yaşayan Rəhim Alxas “Masallı xəbərləri”  qəzet haqqında maraqlı bir şeir yazıb redaksiyaya yollamışdı. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, 22il öncə yazılsa da, hələ də şirinliyini itirməyənhəmin şeiri sizə təqdim edir, eləcə də hazırda dünyasını dəyişmiş şeirin müəllifi Rəhim müəllimə rəhmət diləyirik.

 

Məlumat üçün bildirəki ki, Rəhim Alxas-- Azərbaycan Yazıçılar Birliyinin və Aşıqlar Birliyinin   üzvü, Respublika Prezidentinin Milli Məsələlər üzrə Məsləhət Şurasının üzvü idi.

İndi isə həmin şeiri sizə təqdim edirik:

 Sanki qoşa zər verir “Masallı xəbərləri”.

 Həmişə baməzədir,

Könülləri bəzədir,,

Bir-birindən təzədir

“Masallı xəbərləri”.

 

Sel tək kükrəyib-coşur,

Demə,  sahilin aşır,

Marağa maraq qoşur.

“Masallı xəbərləri”.

 

Sanki qoşa zər verir,

Çox cavabı zor verir,

Hər yerdən xəbər verir,

“Masallı xəbərləri”.

 

Zaman-zaman oyaqdır,

Qarşımızda bir dağdır,

Həqiqətə dayaqdır,

“Masallı xəbərləri”

 

Nifrəti var and-şərə,

Hopubdur diləklər,

Yol tapıb ürəklərə,

“Masallı xəbərləri”

 

Sədd aşmaz, səhv eyləməz,

Canlını məhv eyləməz,

“Yalan nədir?” söyləməz,

“Masallı xəbərləri”.

 

Düzü daim düz görür,

Əyri işi tez görür,

Nadanlara dərs verir,

“Masallı xəbərləri”.

 

Nə qədər qüdrəti var,

Bir yerdə tutmaz qərar,

Nöqsanları qamçılar,

“Masallı xəbərləri”.

 

Günlər ötür, ay olur,

Bahar keçir, yay olur,

Sabirana yayılır,

“Masallı xəbərləri”.

 

Rəhim, bu dünyanı gəz,

Haqqın gücü əskilməz, 

Namərd xoşuna gəlməz,

“Masallı xəbərləri”.

Rəhim Alxas 

Yazını hazırladı:  Abdul Əsgərli






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10