Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Zibilin çıxıbdı dizə...” - REPORTAJ



“Bezmişik. Bilmirik hara gedək, dərdimizi kimə deyək? Qoxudan birtəhər olmuşuq. Allergiyamı da artırıb. Həm də buna görə şəhərdə it-pişik də qalmayıb. Elə bil, hamısı yığışıb məskən salıblar bura. Nə rahat gedib-gələ bilirik, nə də yaşaya bilirik. Evdə oturursan, qoxu öldürür, çölə çıxsan, qorxu öldürür. Heyvan qorxusu. Zibillik ayaq açıb yeriyir. Vaxtında təmizlənmir, amma vaxtında ödəniş alınır. Hələ bir qaldırıb 1 manat ediblər. Bu pintiliyə görə pul da verməliyəm? Xahiş edirəm, bu işə bir əl atsınlar, biz də rahatlığa çıxaq”. 

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini M. Qurbanlı Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, evlərinin yaxınlığındakı zibilxana ən yaxşı halda həftədə bir dəfə təmizlənir.

Həmin ərazidəki zibilxana problemi bir neçə dəfə mediada işıqlandırılsa da, həllini tapmayıb. Bundan əlavə, şəhərin başqa ərazilərində də bu hala rast gəlinir. Məsələn, məcburi köçkünlərin yaşayış yeri olan “Əlvan metal” pansionatında, eləcə də Azərbaycan prospekti, Fərman Cəfərov küçəsində (əşya bazarı yaxınlığı) və s. zibilxana problemi tüğyan edir. 

Məsələnin daha yaxından şahidi olmaq üçün F. Cəfərov küçəsinə yollandıq. Həqiqətən də ürəkbulandırıcı mənzərə ilə qarşılaşdıq. Ətrafa səpələnmiş zir-zibil sanki günlərdir orada yatırdı. Bir az da yığılsa, dağ boyda olacaq. Bəlkə də sakinlər burada dəfələrlə zibil dağının şahidi olublar.

Oraya zibil atmağa gələn sakin bizi görən kimi gileylənməyə başladı: “Bezmişik, bala, belə dərd olar? Camaatın burnu gül-çiçək qoxusuna alışıb, bizimki də zibil qoxusuna. Hərdən elə bilirəm, iybilməm gedib. Qorxuram, axırda xəstəlik tapam. Bütün qoxu elə bil evimin divarlarına yapışıb. Onun dərdindən qapımızı açan da qalmayıb”...

Əlbəttə, bu problemə yalnız Sumqayıtda yox, ölkənin müxtəlif yerlərində, elə paytaxtda da rast gəlinir. 

Bildiyimiz kimi, Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən iclasında yanacağın, ictimai nəqliyyat vasitələrinin qiyməti artırılıb. Bununla yanaşı, bərk məişət tullantılarının daşınmasının da ödənişi adambaşına 70 qəpik qaldırılaraq, 1 manat müəyyən olunub. Amma təəssüf ki, xidmətin səviyyəsi göz qabağındadır. Əsasən kənar ərazilərdəki zibilxanalar baxımsız vəziyyətdədir. Anti-sanitariya baş alıb gedir. Qoxudan insanlar təngə gəlib. Ona görə də insanlar haqlı olaraq bu bahalaşmaya etiraz edirlər.

Maraqlıdır, bu cür anti-sanitariya şəraiti insanların sağlamlığına zərər vururmu?

Mövzu ilə bağlı Pressklub.az-a danışan terapevt Sübhan Hacıyev bildirib ki, zibilliklərin vaxtında təmizlənməməsi insanların sağlamlığına ciddi zərər vura bilər. 

Doktor deyib ki, bu cür anti-sanitariya şəraiti patoloji mikroorqanizmlərin, bakteriyaların yaranması üçün münbit şərait yaradır. İnsan orada nəfəs alarkən, hava-damcı yolu ilə bu mikroorqanizmlər üst tənəffüs yollarından keçərək, orqanizmdə bir çox patoloji hallar yarada bilir: “Tənəffüs yollarının infeksion xəstəlikləri, eləcə də ağciyər iltihabı aşağı tənəffüs yollarında ağır bakterial infeksiyalara yol aça bilir. Eyni zamanda, tənəffüs yolunun allergik reaksiyaları və dəri xəstəlikləri yarana bilər. Xüsusilə dərimizə təmas edərsə, xəstəliyin yaranma riski daha da artır”. 

Müsahibimiz bildirib ki, bir çox qida məhsullarına anti-sanitar şəraitdə olan patogen mikroorqanizmlər qonarsa və ya biz həmin yer ilə təmas edib əllərimizi yumazsaq, bundan ciddi şəkildə zərər görə bilərik: “Bu bakteriyalar istər tənəffüs yolu ilə, istər qida yolu ilə hər zaman bizim orqanizmimizdə olur. Nəticədə, orqanizmdə kəskin bakterial infeksiyalara yol açır. Bu da müalicə olunmazsa, bir müddət sonra ağır septik durumlara qədər gətirib çıxara bilər”. 

İnsanların həm rahatlığına mane olan, həm də sağlamlığına zərər vuran baxımsız zibilxanalar sayca heç də az deyil. Hətta elə ərazilər var ki, ümumiyyətlə, zibil konteynerləri yoxdur. Ona görə də həmin yerin sakinləri “zibilxana” qurub, bütün zibillərini müəyyən bir yerə atırlar. Və ya əziyyət çəkib zibili özü ilə uzaq məsafəyə daşıyıb, başqa bir zibilxanaya atırlar. Ən pis halda isə yandırırlar. Onun zəhərli tüstüsü də ekologiyaya yetəri qədər zərər vurur.

Maraqlıdır, aidiyyəti qurumlar niyə həmin ərazilərin təmizliyinə nəzarət etmir? Ümumiyyətlə, bu ərazilərin təmizlənmə prosesi necə həyata keçirilir?

Pressklub.az-a açıqlama verən Sumqayıt şəhər İcra Hakimiyyətinin (İH) mətbuat katibi Eyvaz Qocayev bildirib ki, Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən həm şəhərin mərkəzində, həm də ətraf qəsəbələrdə mütəmadi olaraq təmizlik işləri aparılır: “Bu işlər məişət tullantılarının qrafik əsasında daşınmasını, parklar və ictimai yerlərin təmizlənməsini, vətəndaşların sağlam və təmiz mühitdə yaşaması üçün zəruri tədbirlərin görülməsini əhatə edir”. 

Müsahibimiz bildirib ki, şəhərin bütün ərazilərində məişət tullantıları müəyyən edilmiş qrafik əsasında daşınır. Həyət evlərində yaşayan sakinlər üçün tullantıların daşınması siqnal üsulu ilə həyata keçirilir: “Təəssüf ki, bəzi ərazilərdə sakinlər tərəfindən məişət tullantılarının yanlış atılması halları müşahidə olunur. Bu cür halların qarşısını almaq üçün Sumqayıt şəhər İH mütəmadi olaraq iməcilik aksiyaları keçirir. Eyni zamanda, sakinlərlə mütəmadi maarifləndirici söhbətlər aparılır. Bu söhbətlərdə tullantıların düzgün idarə edilməsi, ətraf mühitin qorunması və şəhərin təmiz saxlanmasının vacibliyi vurğulanır. Sumqayıt şəhər İH olaraq şəhərimizin təmizliyini və sakinlərin sağlam yaşayış mühitini təmin etmək üçün bütün zəruri tədbirləri görməkdə davam edəcəyik. Bu istiqamətdə sakinlərimizdən də dəstək və əməkdaşlıq gözləyirik. Birlikdə daha təmiz və sağlam Sumqayıt yarada bilərik”.

Bu, ölkənin ikinci şəhərinin, həm də bircə məhəlləsində gördüklərimizdir. Bütövlükdə ölkə miqyasında, eləcə də paytaxtın bəzi ərazilərində bu problem daha qabarıq, daha ciddi şəkildədir. Tullantıların daşınmasının haqqı bu qədər yüksək, hətta fantastik həddə artırılsa da, xidmətin keyfiyyəti buna adekvat deyil hətta çox aşağıdır. Qiymət dağın başında, xidmətin keyfiyyəti isə dibdədir. Problem həmişə olub, ancaq qiymət artımından sonra hələ də aradan qaldırılmaması insanların narahatlığına və etirazına səbəb olur. Artırılmış qiymətlərin müqabilində, heç olmasa, zibil konteynerlərinin sayını artırmaq, zibilxanası olmayan, yeni salınmış yaşayış massivlərində zibilxanalar yaratmaq bu qədərmi çətindir? Vətəndaş həm artıq pul ödəyir, həm də üfunətdən canın qurtara bilmir...

Yeni qiymətlə xidmətin keyfiyyəti nə dərəcədə adekvatdır? Problem necə həll edilməlidir?

Sosioloq Lalə Mehralı Pressklub.az-a açıqlamasında deyib ki, məbləğlə xidmətin keyfiyyəti qeyri-adekvatdır: 

“Hər kəs gözləyirdi ki, bu fantastik qiymət artımının qarşılığında xidmətin keyfiyyəti artacaq. Amma təəssüf ki, bu gözləntimiz puç oldu. Bu məbləğin müqabilində keyfiyyət yaxşılaşdırılmalıdır”.

Ekspertin sözlərinə görə, bu problemə ölkənin bir çox yerlərində, hətta Bakı şəhərinin mərkəzinə yaxın ərazilərdə belə rast gəlinir: “Bu vəziyyətin yaranmasında, əlbəttə, vətəndaşların səhlənkarlığı da rol oynayır. Kim hara, nə gəldi, atır. Hətta zibilxanaya getməyə ərinib, zibili eyvandan həyətə tullayanlar da görmüşük. Tullantıların çeşidlənmə məsələsinə çox laqeyd davranırıq. Kağız, plastik və şüşə tullantılar üçün ayrılmış zibil qutusuna digər tullantıları atırıq. Çeşidlənməyə problem yaradır, təbiətə düşmən kəsilir, ekologiyanın evini yıxırıq. Atmosferə çox ciddi zərər veririk. Əvvəlcə özümüz mədəniyyət qaydalarına əməl etməliyik. Qurumlar da öz işini layiqincə yerinə yetirməli, xidmətin keyfiyyətini artırmalıdır”.

Günay Elşən






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10