Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Masallının ən yaxşı və vəsiqəsiz jurnalisti



Onun həyat yolu bir neçə filmə sığmaz. Bir də niyə Abdullamız çox olsun?

Vətəndaş jurnalistikası həyata vəsiqə alandan, necə deyərlər, jurnalistika rəngini və ahəngini xeyli dəyişib. İndi hər hansı uğurunuzu, yaxud probleminizi  ictimailəşdirmək üçün redaksiya tapmaq, kəndə müxbir gətirmək, onun qayğısına qalmaq elə də vacib deyil. Lap ucqar bir kənddə, dərənin dibində, nə bilim çayın ortasında canlı yayıım açıb aləmə car çəkə bilərsən. Təki insanlara deməyə sözün olsun.

Gələk mətləbə.  Masallı rayonunun Ərkivan qəsəbəsində Abdulla adlı birisi var. Həm fəhlədir, həm sahibkardır, həm xeyriyyəçidir, həm də arada bir filosofluğu da var.

Abdullanın ən maraqlı  cəhətlərindən biri sanki özü-özünün  Mətbuat Xidməti olmasıdır. Yüzlərlə DAF maşınları var. Dünyanın 3 qitəsinin yüzdən çox şəhərinə yük daşıyırlar. Qarabağ müharibəsindən tutmuş Ukrayna müharibəsinə kimi döyüş bölgələrində olublar. Bəzi işçiləri ağır yaralanıb. Bəzən bir sürücünün sağalması üçün 100 min manat pul xərcləyib.

Xeyriyyə işlərinin siyahısı olduqca uzundur. Gah Şəhid ailəsi üçün ev tikir, gah hansısa narkotik aludəçisini sağaltdırıb, sağlam həyata qaytarır,  şəhid və qazı ailələrinə maddi və mənəvi yardım göstərir.  Abdullanın maşın parkında müdirlə, usta ilə fəhləni ayırmaq çətin olur. Necə deyərlər,  burada hamı bir nəfər üçün, bir nəfər hamı üçündür.

Yaxşı at çapmağı, yaxşı bostançılığı... ən əsası isə hamıya qarşı böyük səmimiyyəti var.

Həyat yoluna aid onlarla video-çarxı internetdə izləyə bilərsiniz. Bir çox jurnalistlərin həsəd aparacağı video-sujetlər çəkir. Həyat yolunu, gördüyü işləri, həm də düşüncələrini özü təqdim edir.

Ona görə, mənim fikrimcə bu günün jurnalisti elə Abdulladır.

Bu gün onu Milli Mətbuat Günündə təbrik edir, arzu edirəm ki, Abdullalarımız çox olsun.

Sonda onun paylaşdığı videolardan birini sizə təqdim edirəm.

Cenub.az Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10