Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ehtiyatlı inqilab: xalq dəyişiklik istəyir, rejim nəzərə alır...



İran seçkilərində islahatçı namizədin gözlənilməz qələbəsi ölkədəki donuq siyasi prosesi canlandırıb. Məsud Pezeşkian etirazçı namizəd oldu, baxmayaraq ki, hicab və internet bloklanması mövzularında islahatlar keçirəcək adama heç də oxşamır. O, özünü dini rəhbərin cızdığı qırmızı xətlərin harada olduğunu gözəl bilən sistem siyasətçisi kimi aparır. İranşünas Nikita Simaqin hesab edir ki, seçkilərdə iştirak tarixi minimum səviyyəsində olsa da, İran cəmiyyətini bir əsas sual narahat edir - dəyişikliklər istəyi.

Növbədənkənar seçkilər

İndiki seçkilərin özü qeyri-adi hadisədir. Yaxın zamanlara qədər İran prezidenti postunu ardıcıl mühafizəkar, dini rəhbər Əli Xameneinin və mühafizəkar qanadın əksəriyyətinin 

dəstəklədiyi İbrahim Rəisi tuturdu. Mühafizəkarlar zəhlələri gedən islahatçıları 2020-ci illərin əvvəllərində nəhayət siyasi müstəvidən sıxışdırıb çıxardılar və siyasəti tamamilə inhisara aldılar. 2020-ci ildə parlament - Məclis - və 2021-ci ildə prezident seçkiləri eyni sxem üzrə gedirdi: önəmli alternativ qüvvələr seçki filtrindən buraxılmırdılar və səs verənlərin azaldığı seçkilərdə mühafizəkarlar qalib gəlirdilər. 

Elə görünürdü ki, islahatçılar və mühafizəkarlar arasında 30 illik gərgin siyasi mübarizədən sonra sistem qəti şəkildə sağa əyilib və 85 yaşlı Əli Xamenei təbii səbəblərdən istirahətə gedənə qədər vəziyyət belə olacaq. 

2024-cü ilin əvvəllərində Məclis seçkiləri də bu tendensiyanı təsdiqlədi: alternativ namizədlərin maksimum bloklanması, mühafizəkarların maksimum zəfəri (290 yerdən 233) və seçicilərin maksimum zəif iştirakı (40 faizə yaxın).

Ancaq 2024-cü il mayın 19-da dünya KİV-ləri prezident Rəisinin helikopter qəzası nəticəsində ölməsi xəbərini yaydılar. Hakimiyyət, mövcud qaydalara uyğun olaraq, növbədənkənar seçki təyin etdi. 

Ərizə verən namizədlər, İran meyarlarına görə, çox deyildilər: 80 nəfərə yaxın. Konstitusiyanın Müdafiəsi Şurası (Şurayi-Nigahbani-Qanuni-Əsasi), gözlənildiyi kimi, 2005-2013-cü illərdə prezident olmuş ipə-sapa yatmaz Mahmud Əhmədinejatı, uzun illər ölkə parlamentinin spikeri olmuş mötədil və nüfuzlu Əli Laricanini seçki yarışına buraxmadı. 

Seçkiyə buraxılanlar arasında sanki xüsusi sürprizlər yox idi: üçü açıq-aşkar spoyler təsiri bağışlayan beş mühafizəkar və bir islahatçı namizəd - alternativ rəqabət yaratmaq görüntüsü üçün.

Parlamentin indiki spikeri, praqmatik mühafizəkar, İran İnqilab keşikçiləri ordusuna (SEPAH) yaxın olan Məhəmməd Bağır Qalibaf favorit görünürdü. O, çoxdan siyasətdədir və özünü idarəolunan sistem adamı kimi göstərib. Keçən seçkilərdə öz namizədliyini itaətkarca Rəisinin xeyrinə geri çəkdi, amma çox güman, bunu etmək üçün ürəyi getmirdi. Ola bilər, məhz bu güzəşti sayəsində Məclis spikeri postunu tutdu. 

Üstəlik, digər namizədlərdən fərqli olaraq, Qalibafın kiçik də olsa, sabit elektoratı vardı. Onun əsas rəqibi - başlıca üstünlüyü Xameneiyə yaxınlığı olan Səid Cəlili idi: Cəlili Ali milli təhlükəsizlik şurasında dini liderin nümayəndəsi postunu tutur.   

Belə fonda Məsud Pezeşkian formal namizəd kimi görünürdü. O, sıravi iranlılara, demək olar, tanış deyildi. Doğrudur, 1990-cı illərdə (2001-2005-ci illərdə - Press klub) İran tarixinin ən parlaq islahatçı prezidenti olan Məhəmməd Hatəminin kabinetində səhiyyə naziri vəzifəsini tutub. Amma xüsusi bir şeylə yadda qalmayıb. Bununla belə, proses heç də proqnozlaşdırılan ssenari üzrə getmədi. 

Sensasiyalı nəticə

Seçki kampaniyası yetərincə ölgün keçdi. Namizədlər müxtəlif nəzər nöqtələrini təmsil edirdilər, amma mübahisələr çox da şiddətli deyildi. Maraqlıdır ki, altı namizəddən beşi (Cəlilidən başqa hamısı) hicab bağlamaq qaydasına nəzarət edən polisin izafi sərtliyini tənqid etdi. Amma bu zaman da hamı, Pezeşkian da daxil, yetərincə ehtiyatlı idilər. Heç kəs küçələrdən patrulları yığışdırmağı və İslam dress-kodunun prinsiplərinə yenidən baxmağı vəd etmirdi. Tənqid, sadəcə, metodlara yönəlmişdi. 

Seçki öncəsi rəy sorğulari Cəlili və Pezeşkianın digərlərini bir qədər qabaqladığını göstərirdi. Nəticədə, birinci tur sensasiya ilə yekunlaşdı: ikinci tur lazım gəldi ki, əvvəllər cəmi bir dəfə, 2005-ci ildə lazım olmuşdu. Cəlilinin 9,4 milyon səsinə qarşı Pezeşkian 10,4 milyon səs topladı. Əsas favorit, Qalibaf isə ikinci tura keçməyəcək qədər az səs topladı. Başqa sözlə, ikinci tura tamamilə zidd mövqelərin təmsilçiləri çıxdı: yeganə islahatçı Pezeşkian və namizədlər arasında ən mühafizəkar Cəlili. 

Birincisi ölkəni beynəlxalq izolyasiyadan çıxarmaq üçün nüvə razılaşmalarını bərpa etmək zərurətindən danışır, eləcə də, mədəni və iqtisadi sahələrdə islahatlar keçirməyi vəd edirdi. İkincisi isə nüvə razılaşmasının pozulmasına görə ABŞ-ın cəzalanmalı olduğunu deyir və “ailə institutunun müqəddəsliyini qoruyan” dress-kod hesab etdiyi hicab məcburiyyətini ardıcıl dəstəkləyirdi. 

Daha sonra vəziyyət lap əcaib oldu. Yarışdan çıxan Qalibafın tərəfdarları ikinci turda Pezeşkiana səs verməyə çağırdılar. Ya vahid namizəd ətrafında razılığa gələ bilmədikləri Cəliliyə acıqlı idilər, ya da söhbət daha qəliz daxili intriqalardan gedirdi. 

Mühafizəkarların ixtilafı

Cəlili və Qalibaf tərəfdarları arasındakı ixtilaf seçkilərdən əvvəl çox da önəmli görünməyən, amma islahatçının qələbəsinin əsas səbəblərindən biri olan məsələyə işıq saldı. Söhbət İran mühafizəkarları arasındakı parçalanmadan gedir: gənc siyasətçilər hesab edirlər ki, yaşlı həmkarları İslam inqilabının ideallarından uzaqlaşırlar. 

Nə qədər ki, prezident konsensuslu fiqur olan Rəisi idi, gərginləşmə yox idi. Hərçənd, son parlament seçkilərində mühafizəkarların beş əsas siyahısı təqdim olunmuşdu. İran siyasi ənənəsinə görə, bir namizəd seçki öncəsi bir neçə seçki siyahısında və koalisiyasında ola bilər. 

Nəhayət, etiraz səsverməsi gözlənilməz amilə çevrildi. İranda səsvermədə iştirak ildən ilə azalır. Narazılar seçkilərə gəlmirlər, seçki məntəqələrinə yalnız loyallar üz tutur: hakimiyyət tərəfdarları və səsverməyə getməyə bilməyənlər (məmurlar və hərbçilər kimi).  

Keçən seçkilərdə səs verməyə məcbur olanlar hakimiyyətin kursu ilə narazı olduqları halda sadəcə bülleteni xarab edirdilərsə (2021-ci il seçkilərində ikinci yeri korlanmış bülletenlər tutdu, təxminən 15%), bu dəfə öz etirazlarını başqa cür ifadə etdilər - islahatçıya səs verdilər. Həm də səs verməyə məcbur olanlar arasında narazılar əvvəllər olduğundan xeyli çox oldu. 

Süstlük fonunda qələbə

Birinci tur tarixdəki ən aşağı iştirakla (40%) yekunlaşdı, özü də bu, 2020 və 2024-cü illər Məclis, 2021-ci il prezident seçkilərindən sonra dalbadal dördüncü antirekorddur. Gözlənilməz nəticə ikinci turda auditoriyanı bir qədər ruhlandırdı, amma yenə də iştirak sadəcə 49 faizə çıxdı ki, bu da müasir İran meyarları üçün azdır. Başqa sözlə, seçkilər İrandakı son illərin tendensiyasını - siyasi süstlüyün artması və əhalinin İslam Respublikası sisteminə inamsızlığı - təsdiqlədi:

İkinci turda Pezeşkiana verilən səslərin sayı (16,384 milyon) 1993-cü ildən İran seçkilərində prezident seçilənin ən aşağı göstəricisidir. Başqa sözlə, islahatçı prezidentin mandatını ümumxalq mandatı adlandırmaq çətindir. Yəni elektoral sensasiya dominant siyasi süstlük fonunda baş verdi ki, onu da gözlənilməz nəticə və ikinci turda kəskin rəqabətlə bir qədər qımıldatmaq oldu. 

Hələ ki, Pezeşkian ümidlərin namizədi deyil, necə də olsa, ona etiraz əhvalı ilə, xüsusi həvəs olmadan və əhalinin kiçik hissəsi səs verib. Prosesi canlandırmaq isə olar, bunun üçün Pezeşkian mühüm mövzular - məsələn, hicab və internet blokları -  üzrə gerçəkdən qətiyyətlə hərəkət etməlidir. Amma o, seçki kampaniyası zamanı heç də İslam Respublikasının siyasi vektorunu dağıdacaq adam təsiri bağışlamadı. Əksinə, Pezeşkianın cümlələri dini rəhbərin cızdığı qırmızı xətlərin harada olduğunu gözəl bilən səliqəli sistem siyasətçisinin ritorikasıdır.  

Görünür, nəticələr bir çox mühafizəkarlara, o cümlədən dini liderə yaxın olanlara sərf edir. 2022-cil etirazları zamanı açıq-aşkar təzahür edən legitimlik böhranından sonra hakimiyyətdəki bir çoxları islahatçıları siyasətə qaytarmaq üzərində düşündülər. Belə addımın siyasi prosesdə əhalinin kütləvi iştirakını bərpa edəcəyinə ümid bəslənilirdi. 

Bundan əlavə, mötədil islahatçı prezident çətin ki, dini liderə və onun çəkdiyi vektora təhlükə olsun. Necə də olsa, 1989-cu ildən keçən vaxtın çoxunda prezident postunu məhz islahatçılar tutub. Yalnız Əhmədinejad və Rəisi istisna idi, onlar bu postda ümumən 11 il oldular, digər düşərgənin nümayəndələri isə 24 il olublar. Yəni sistem prezidentin islahatçı, ali dini liderin də mühafizəkar olmasına öyrəncəlidir. 

Əlbəttə, hətta zəif islahatçı prezident də Rəisi kimi güclü mühafizəkardan fərqlənəcək. Bununla belə, xarici və daxili siyasət kurslarında kosmetik dəyişikliklər çərçivəsindən kənara çıxmaq üçün Pezeşkiana qətiyyət və mətanət lazımdır. Bu vəzifədəki (2013-2021-ci illərdə) sonuncu islahatçı Həsən Ruhani nüvə razılaşmasının əldə olunmasında ilkin uğurlarına baxmayaraq, tapşırığın öhdəsindən ümumən gəlmədi. Nəticədə, özünün ikinci kadensiyasının sonlarında İranın cari kursunu tənqid edən, amma heç nəyi dəyişə bilməyən, dini liderin və ətrafının əleyhinə getməkdən qorxan eksperti xatırladırdı. 

Hər halda, İran siyasi sistemi göstərdi ki, hələ də gözlənilməzlik və rəqabətli seçkilər generasiya edə bilər. Görünür, İran cəmiyyətini bir əsas sual narahat edir - dəyişikliklər istəyi. Bu istək də hakimiyyəti sıxır, onu reaksiya verməyə və hətta güzəştə getməyə məcbur edir.  

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/opinions/nikita-smagin/272939 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10