Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Yerə zibil atma... 5000 manat cərimə, yaxud həbs...” -REPORTAJ



“Guya dənizə istirahət eləməyə getmişdik. Burnumuzdan gəldi. Zir-zibilin əlindən oturmağa yer tapmadıq. Mədəniyyətsiz insanlar gül kimi sahili elə günə qoyublar ki, it də bağlasan, orada durmaz. Yer butulka, qarpız qabığı, tum qabığı, qarğıdalı qabığı, siqaret kötükləri ilə doludur. Hələ şüşə qırıntılarını demirəm. İnsan dəniz kənarında ayaqyalın gəzmək istəyir. Amma bu şəraitdə necə edəsən?.. Ödənişli çimərliklərə də giriş od qiymətinədir. Heç olmasa, bu ictimai çimərliyə nəzarət olunmalıdır. Ciddi nəzarət olsa və vaxtlı-vaxtında təmizlik işləri aparılsa, biz də bir istirahət görərik”.

Sumqayıt sakini Fəridə Zeynallı Pressklub.az-ın əməkdaşı ilə söhbətində bəzi insanların dəniz kənarlarını çirkləndirməsindən gileylənib. 

Deyiblər, insan əli dəyən yerdə gül bitər. İnsan olduğu yeri gözəlləşdirər. Amma bəzi insanlar bu deyimlərin əksini etməklə fərqlənirlər. 

Vəziyyətin canlı şahidi olmaq üçün müsahibimizin şikayətləndiyi əraziyə yollandıq. Söhbət Novxanı çimərliyindən gedir. Elə çimərliyin girişindən məlum oldu ki, qarşılaşacağımız mənzərə ürəkaçan olmayacaq. Kələ-kötür, enişli-yoxuşlu yolu keçdikdən sonra dəniz kənarına yaxınlaşdıq. Müsahibimizin dediyi kimi, sahildə nə desən, var idi. Bizim ardımızla gələn bir ailə dəniz kənarını dolandıqdan sonra dincəlməyə yer tapmayıb, məkanı tərk etdilər. Amma bununla yanaşı, natəmiz yerdə əyləşib, oranı çirkləndirməyə davam edənlər də az deyildi. 

Ətrafı gəzərkən maraqlı bir ana-qız dialoqunun şahidi olduq:

-Ana, (dondurma paketini və qarğıdalı qabığını göstərib-red.) əlimdəkiləri neyləyim? Bəlkə paketə büküb, çantama qoyum, yolda zibil qabı olsa, ataram.

-Əşi, təmizkar çıxmısan başıma? Çantada yer yoxdu. Onsuz da camaat bura atıb. Sən də üstünə at, gəl, gedək. 

Uşaq 2-3 saniyə düşündükdən sonra anasının dediyini elədi. Bu mənzərə çox təəssüfləndirici idi. Əməkdaşımız uşağa yaxınlaşıb, zibili oraya atmamasını xahiş etsə də, uşaq anasının belə dediyini bildirib, əlindəkiləri yerə atıb, anasının yanına qaçdı. 

Özəl çimərliklərin əksinə, ictimai çimərliklərdə bu cür xoşagəlməz mənzərələrə daha çox rast gəlinir. Görəsən, həmin çimərliklərə aidiyyəti qurumlar nəzarət edirmi? 

Novxanı çimərliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin (İH) tabeliyindədir. Sumqayıt şəhər İH-nin mətbuat katibi Eyvaz Qocayev Pressklub.az-a açıqlamasında bildirib ki, şəhər İcra Hakimiyyəti tərəfindən Novxanı çimərliklərinin təmizliyi xüsusi diqqətdə saxlanılır. 

Müsahibimizin sözlərinə görə, hər həftə ərazidə genişmiqyaslı iməcilik aksiyaları təşkil edilir: “Bu aksiyalarda sahil boyu zibillərin yığılması və ərazinin ümumi təmizliyi həyata keçirilir. Bununla yanaşı, gündəlik olaraq Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən xidmət göstərilən ərazilərdə tullantıların vaxtında daşınması və sahilyanı ərazilərdə təmizlik təmin olunur. Çimərliklərin təmizliyinin qorunması üçün maarifləndirmə tədbirləri aparılır və sahili zibilləməmək barədə davamlı şəkildə xəbərdarlıqlar edilir. Çimərliklərimizin təmizliyi ilə bağlı sakinlərdən dəstək gözləyir, onları dəniz sahilinin təmiz saxlanılması üçün məsuliyyətli olmağa dəvət edirik”.

İcra hakimiyyətləri məsələyə diqqətli yanaşsa da bu problemi kökündən həll etmir, sadəcə, müvəqqəti təmizliyə səbəb olur. 

Bəs problemin qarşısını almaq və həll etmək üçün nə etmək lazımdır?

Bununla bağlı sosial şəbəkə hesablarında tez-tez paylaşımlar edən sosial blogger Saleh Nəsirov Pressklub.az-a açıqlamasında deyib ki, dənizkənarı əraziləri zibilləyən şəxslərə cərimə tətbiq olunmalıdır. 

“Ərazi boyu zibil qutuları yerləşdirilməlidir. "Yerə zibil atma! Cərimə 5000 AZN" nişan lövhələri və təhlükəsizlik kameraları quraşdırılmalıdır. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və nəzarətçiləri olmalıdır. Avtodayanacaqla dəniz sahili arasındakı məsafə minimum 100 metr olmalıdır. Qaydaları pozan şəxslər yüksək məbləğdə cərimələnməli və ya həbs olunmalıdır. Ərazidə təcili tibbi yardım məntəqələri olmalıdır. Bütün bu işlərin təşkilini və nəzarətini yerli icra orqanları həyata keçirməlidir. Ciddi nəzarət olmasa, bu problem həll olunmayacaq”.

Dəniz kənarında ətrafı zibilləyən şəxslərin ucbatından digər insanlar istirahət etməyə yer tapmır. Yəni, istirahət yox, əziyyət çəkirlər. Bundan əlavə, oradan keçən heyvanlar, eləcə də quşlar həmin zibil qalıqlarından zərər görə bilərlər. Eləcə də suya çox yaxın yerdə olan plastik butulkalar, polietilen torbaları və s. tullantıları dalğa dənizə aparır. Bunun da nəticəsində dəniz çirklənir, flora və faunası zərər görür. 

Təbiətin düşməni yox, dostu olaq.

Günay Elşən






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10