Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ Azərbaycana maliyyə yardımını 97 milyon dollar artırıb



Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran "Security Assistance Monitor" proqramı Azərbaycanla bağlı məlumat yayıb. 

Məlumata görə, ABŞ Prezidenti Tramp 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. 

2016-2017 maliyyə ili üçün isə ayrılmış pulun məbləği cəmi 3 milyon dollar olub. 

Yəni bir ilin içində ABŞ Azərbaycana maliyyə yardımını 97 milyon dollar artırıb.

Bu pul Azərbaycanın cənub sərhəddinin gücləndirilməsinə yönəlib. Oraya tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Məbləğin bir hissəsi də Xəzər dənizində təhlükəsizliyə yönəlib.

12 iyulda isə ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. 

Layihəyə səs verənlərin əksəriyyəti demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün, onun Senatda təsdiqlənməsi və Prezident tərəfindən imzalanması gərəkdir.

ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli deyir ki, ayrılmış 100 milyon dolların təyinatına baxanda çox şey aydın olur: "Erməni lobbisinin hər fürsətdə bizə qarşı qanun və ya qərar layihələrini qəbul etdirmək marağı, demokratların da bu cür layihələrə səs vermək həvəsi məlumdur. Sadəcə, ABŞ Konqresinin birdən-birə belə layihəni qəbul etməsi çox maraqlıdır. ABŞ bizə onsuz da silah satmırdı. Sən demə, ortada bizim xeyrimizə olan və erməniləri, Rusiyanı və İranı narahat edən fakt varmış”.

Erkin Qədirli deyir ki, qərbin bu bölgədə dayağı Azərbaycandır və Azərbaycanı bir tək Ermənistana qarşı silahlandırmırlar.

O bildirir ki, Gürcüstanla sərhədimizdə olan insident məhz bu hadisədən sonra yaşanıb və bu, Rusiyanın təxribatıdır: "Azərbacanın Ermənistanla sərhəddən Müdafiə Nazirliyinə (MN) aid hissələri götürüb yerinə sərhəd qoşunlarına aid hissələrini yerləşdirməyin konteksti indi aydın oldu. ABŞ-ın cənub sərhədlərimizin gücləndirilməsinə ayırdığı pulun hesabına öz büdcəmizdən başqa sərhədlərimizi gücləndirmək imkanımız yarandı. Üstəlik, Ermənistanla sərhəddən götürülmüş MN hissələri indi birbaşa Qarabağa yönəldilə bilər. Gürcüstanla sərhəddimizdə Rusiyanın təxribatı indi daha aydın görünür. Rusiya gücümüzü Ermənistandan yayındırmaq, Gürcüstanla bizim aramızda əlavə münaqişə yaratmaq istəyir. Bu, şübhəsiz ki, İranın da xeyrinə olardı”.

Bu gün Ermənistan xəbər saytlarının gündəmini ABŞ-ın Azərbaycana etdiyi 100 milyon dollarlıq hərbi yardım paketi təşkil edib. Yardım paketi Ermənistanda narahatlıq yaradıb.

Bu haqda "Yerevan Today” və "Newspress.am” saytı yazıb.

Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün də 2 milyon dollar ayırıb. İddialara görə, Tramp bunu Ermənistanı cəzalandırmaq üçün edib.  Səbəb isə ermənilərin Suriyada ruslara yardım üçün əsgər göndərməsidir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10