"İran İnqilab Qvardiyası Donald Trampa necə kömək eləyir?"
"Sizə qəribə görsənər, çalışacam kəsə izah eləyim". AYNA xəbər verir kİ, bu sözləri jurnalist Rövşən Əliyev özünün "Facebook" hesabında paylaşıb. Çexiyada yaşayan həmyerlimiz İran və Amerika liderlərinin bu savaşda məqsədlərini şərh edib.
"Tramp iyulun 9-da Böyük Britaniya, Fransa və başqa müttəfiqlərinə təklif eləmişdi ki, Fars körfəzinin çıxışı Hörmüz boğazında və Qırmızı dənizin çıxışı Bab əl-Məndab boğazında təhlükəsizlik koridoru yaratmağa qüvvə göndərsinlər. Yəni Ərəbistan yarımadasının hər iki tərəfində tankerlərin təhlükəsiz gediş-gəlişi üçün onları müşayiət eləməyə hərbi gəmilər ayırsınlar. Amerikanın müttəfiqləri belə bir tədbirin gərəksiz olduğunu, süni gərginliyə gətirib çıxaracağını bildirmişdilər. Bu gün İran İnqilab Qvardiyası Böyük Britaniyanın iki tankerini həbs eləyib. Beləliklə, indi Trampın planından boyun qaçırmaq müttəfiqlər üçün çətinləşir".
Rövşən Əliyev Trampın bu qalmaqalı yaratmaqda məqsədini də təhlil edib: "Bəs bu gərginlik Trampın və ya İnqilab Qvardiyasının nəyinə gərəkdir? Tramp xarakterli liderlər reytinqlərini artırmaq üçün bir münaqişə, ziddiyyət yaradıb ordan qəhrəman kimi çıxırlar, kütlələri özlərinə cəlb eləyirlər. Və ya yox yerdən bir problem yaradıb onu həll eləyirlər. Xüsusən də seçki ilində belə bir şeyə ehtiyac duyurlar. Onlar liderliyin başqa yolunu tanımırlar. İstənilən ölkədə buna uyğun zəmin də var: ortabab kütlə".
Jurnalist İranın da bu soyuq savaşdakı məqsədi ilə bağlı fikirlərini paylaşıb: "Bəs bu gərginlik İran İnqilab Qvardiyasına nəzarət eləyən Xameneinin nəyinə lazımdır? Məsələ burasındadır ki, totalitar rejim xarici düşmən xofuna əsaslanır. Bir xoxan tapıb kütləni onunla qorxutmasan, dayaqlarını itirərsən. İranın Amerika ilə qarşıdurması 40 il qabaq mollalara kütlələri səfərbər eləmək imkanı verdi, öz rejimlərini möhkəmləndirdilər. Ancaq artıq bu əhval keçib getməkdədir. Yeni nəsil üçün artıq bu düşmən obrazı inandırıcı görsənmir. Xüsusən də 20-30 il qabaqkı kimi total senzura tətbiq eləmək, cəmiyyətlə dünyanın arasına divar çəkmək mümkün deyil".
"Beləliklə, İran rejimi ömrünü uzatmaq üçün kütlələrə daha bir real düşmən göstərməlidir, xarici güclər xofunu gücləndirməlidir. Ərdoğan da eynən həmin cür "dış güçler" propaqandasını işə salır. O, xoxan düzəldib özünü onunla vuruşan kimi göstərməsə, ağızıayrıq kütləni itirər. Bircə fərq budur ki, İran rejimi, hətta bu xofu diri saxlamaq üçün toqquşmaya da hazırdır. Onun üçün rejim vətəndən irəlidir və bunu kütləyə başa salmaq çətindir", - deyə, jurnalist qeyd edib.