“Vətən uğrunda Tavuş” hərəkatı dayansa, bir neçə gün ərzində Ermənistanın yeni əraziləri təhvil veriləcək, Mehri dəhlizi açılacaq və xaricilərin nəzarətində olacaq, eləcə də azərbaycanlıların sürətlə Ermənistanda məskunlaşdırılmasına başlanacaq”. Bu “dəhşətli” versiyanı Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan NEWS.am saytına açıqlamasında səsləndirib. O hesab edir ki, yuxarıda sadaladığı prosesləri məhz adı çəkilən hərəkat dayandıra bilib.
Onun sözlərinə görə, qarşı tərəf, planının hər üstü açılan detalının Ermənistanda narazılığın artmasına səbəb olacağını anlayır. Burada o, Azərbaycanı nəzərdə tutur. "Buna görə də proseslər səngiyib. Lakin Qərb tələsdirir. Çünki İran və Rusiyaya qarşı atılmalı olan addımların müddəti çoxdan keçib", - səfir bəyan edib.
O, hesab edir ki, indiki mübarizə sprint deyil, marafon yarışı, əsəb oyunudur. Ağacanyan əmindir ki, Ermənistanın hazırkı iqtidarının hakimiyyətdən getməsi erməni kimliyini qoruyub saxlamaq imkanları açacaq. Diplomat əlavə edib ki, hakimiyyət, Qərbin bu dəfə Dağlıq Qarabağ ermənilərinə qarşı “soyqırıma” məhəl qoymaması fonunda, səhvlərdən dərs almaq istəmir. “Onlar öhdəlik götürüblər və manevr üçün yerləri yoxdur, ona görə də yuxarıdan gələn göstərişlərə əməl edirlər. Bu addımlar Ermənistanın və bunu anlamağa başlayan erməni xalqının maraqlarına ziddir”, - deyə səfir əlavə edib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti xalqı gələcəkdə oyada biləcək bütün təməlləri ardıcıl olaraq gözdən salıb və ya məhv edib. O, insanları hakimiyyətin cəmiyyətdə məyusluq yaratmaq və mübarizə həvəsini qırmaq cəhdlərinə təslim olmamağa çağırıb.
“Biz, “Vətən uğrunda Tavuş” hərəkatının sıralarında hakimiyyətin bir çox keçmiş tərəfdarlarını görürük. Onlar başa düşdülər ki, hakimiyyət ölkəni 2018-ci ildə vəd etdiyi yolla aparmır”, - Dzyunik Ağacanyan bildirib.
Erməni diplomatın bu fikrinin arxasında nə dura bilər? Böyük ehtimalla, o, ciddi şəkildə belə düşünür və danışır. Amma bu, Paşinyan və komandasına qarşı kütləvi narazılığı artırmağa yönəlmiş hökumət əleyhinə siyasi bəyanat da ola bilər.
Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini Pressklub.az-a bölüşüb.
O, deyir ki, Ermənistan siyasətinin müəyyən nümayəndələrinin qəribə bəyanatları artıq təəccüb doğurmur. “Onların Koreya Xalq Demokratik Respublikasının siyasi strukturlarında təlim keçdikləri və yalnız düşüncənin gücü ilə qlobal geosiyasi proseslərə təsir edə biləcəklərinə ürəkdən inandıqları təəssüratı yaranır. Açıq-aşkar axmaqlığın publik şəkildə növbəti dəfə ifadə edilməsi erməni həmkarlarımıza görə dərin utanc hissi doğurur.
Srbazanın “əks-inqilabçı hərəkatının” “məkrli” Qərbin İranla bağlı bütün strateji planlarını tamamilə pozduğu, eləcə də Nikol Vovayeviçin hakimiyyətdən uzaqlaşdırılmasının “erməni kimliyini qoruyub saxlamağa imkan yaradacağını” iddia etmək absurd səslənir”, - o qeyd edib.
Analitik deyir ki, əslində Ermənistanda millətin ideoloji, siyasi və ideoloji transformasiyası, öz dövlətçiliyinin xilası naminə regionda mehriban qonşuluq münasibətlərinin qurulması prosesi başlayıb. “Kövrək erməni şüuru üçün bu ağrılı və psixoloji travma yaradan prosesin başında baş nazir Paşinyan özü dayanıb. O, beynəlxalq öhdəliklər sisteminə şəxsən daxil olub və bu, Ermənistana çətin müharibə dövründə sağ qalmaq şansı verir. O, xalqın etimad mandatını almış şəxs kimi beynəlxalq münasibətlərin bütün aktorları tərəfindən danışıqların subyekti kimi tanınır. İndiki mərhələdə Paşinyanın “sıfır səviyyəsinə salınması” qarşılıqlı öhdəliklərin ləğvinə və onsuz da güclə nəfəs alan “Ermənistan layihəsinin” Cənubi Qafqazda dərhal bağlanmasına gətirib çıxaracaq. Qısa müharibə bu hekayənin qaçılmaz sonu olacaq”, - politoloq hesab edir.
Onun fikrincə, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı regionda qarşıdurma dövrünə qayıtmaq istəyən qüvvələrin özünü göstərməsidir. “Hadisələrin gedişatı göstərir ki, bu “keçmişin” başında Erməni Apostol Kilsəsinin özü dayanır. Bu dini qurum İlk dəfə olaraq siyasi biznesə marağını bu qədər aydın şəkildə nümayiş etdirdi, üsyana xeyir-duasını fiziki cəhətdən güclü kadrlarla dəstəklədi. Erməni Apostol Kilsəsinin ambisiya və intriqalarının arxasında regionda qanlı müharibənin başlaması və onun gələcəkdə Böyük Yaxın Şərq müharibəsinə çevrilməsini istəyən xarici geosiyasi qüvvələrin dayandığını söyləmək lazımdır. Mövzu ciddidir, qısa şərhdə onu izah etmək olmaz...
Əminəm ki, Ermənistanı dövlət çevrilişinə cəhdin həyata keçirilməsi üçün hazır ssenarilər gözləyir. İlk baxışdan, Ermənistan və Gürcüstanda “əks qütblü” xarakter daşıyan vəziyyətin eyni vaxtda qarışması təsadüfi deyil. Bu isə Cənubi Qafqaz regionu uğrunda mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu göstərir”, - Rzaquliyev yekunlaşdırıb.
Rauf Orucov