Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstan inqilabın astanasında - Rusiyanın mesajı...



“Maydan ssenarisi” xəbərdarlığı realdırmı?; politoloq: “Tiflisin Moskvaya yaxınlaşması ona əlavə üstünlüklər verməyəcək, amma...”

Gürcüstanda “Təsir agentləri haqqında” qanunun faktiki qüvvəyə minməsindən sonra siyasi böhran vəziyyəti yaranıb. Bu qanunun tətbiqindən sonra Qərb emissarları sıradan çıxacaq və Avropa, ABŞ Gürcüstandan “siyasi poliqon” kimi istifadə edə bilməyəcəklər. 

Hazırda görünən budur ki, Qərb Gürcüstanı itirir. Buna sakit qalmayacaqları sirr deyil. Reaksiyaların sanksiya, əməkdaşlıqlara son verilməsi, yoxsa inqilab edilməklə yeni qüvvələrin iqtidara gəlib söz sahibi olması yönündə olacağını proqnozlaşdırmaq çətindir. Ancaq ilkin ehtimallar var: mümkündür ki, Qərb Gürcüstanda inqilab ssenarisini reallaşdırsın. Artıq Rusiya bununla bağlı xəbərdarlıq da edib. 

“Qərb Rusiya Federasiyasının sərhədləri yaxınlığında yeni gərginlik mənbəyi yaratmaq üçün oktyabr ayına qədər Gürcüstanda yeni "Maydan" ssenarisini həyata keçirməyə çalışır". Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib: “Biz oktyabrda keçiriləcək parlament seçkiləri kontekstində qərblilərin Gürcüstanda vəziyyəti gərginləşdirmək cəhdlərini görürük. İstisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik mənbəyi yaratmaq ümidi ilə hakimiyyət dəyişikliyinin "Maydan" ssenarisini həyata keçirməyə çalışmaqdır", - rusiyalı diplomat vurğulayıb. (APA)

Onun sözlərinə görə, ABŞ və Aİ ölkələri bir çox suveren dövlətlərə təzyiqlər edir.

Qaluzin həmçinin Litva, Latviya, Estoniya və İslandiyanın xarici işlər nazirlərinin mayın ortalarında Tiflisdə keçirilən küçə etirazlarında iştirakına da diqqət çəkib.

“Bunu müstəqil dövlətin daxili işlərinə açıq-aşkar müdaxilədən başqa bir şey kimi xarakterizə etmək çətindir. Bütün bunlar suverenliyini məhdudlaşdırmağa çalışdıqları ölkələrə öz iradələrini tətbiq edən neokolonial təcrübələrin iyrənc nümunələridir”, - Rusiya XİN başçısının müavini qeyd edib.

Bu arada Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniya səfiri Peter Fişeri Gürcüstan-Almaniya əlaqələrini zədələməyə çalışmaqda ittiham edib. Hökumət başçısı Almaniyanın Gürcüstandakı səfirinin müxtəlif media orqanları vasitəsilə dezinformasiyalar yaydığını bildirib.

“Almaniya bizim dostumuz və tərəfdaş ölkədir, heç bir səfir bu ənənəvi dostluğu və tərəfdaşlığı poza bilməz. Hazırkı səfir buna çalışır. Nəticə etibarilə o, buna nail ola bilməyəcək”, - Kobaxidze deyib.

Kobaxidze qeyd edib ki, Peter Fişer “X” platformasında Almaniya kansleri Olaf Şoltsun sitatını paylaşaraq bu sözlərin Gürcüstanla bağlı neqativ kontekstdə deyilməsi görüntüsünü yaratmağa çalışıb.

Qeyd edək ki, Peter Fişer iyunun 2-də kansler Olaf Şoltsun bu sözlərini paylaşıb: “Bugünlərdə siyasi motivli düşmənçilik və hücumlar artmaqdadır. Bizim nifrət və zorakılığa tolerantlığımız yoxdur. İnsanların əksəriyyəti ləyaqətli insanlardır. Onların səsi, şübhəsiz, eşidilməlidir”.

“ABŞ Gürcüstan demokratiyasına xələl gətirən şəxslərə qarşı sanksiyalar tətbiq etməyə hazırdır”. Bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller söyləyib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin Gürcüstan, Ukrayna və Moldovaya münasibətini dəyərləndirərkən deyib ki, Avropanın son iki ildə Gürcüstana münasibəti Avropa dəyərlərinə uyğun gəlmir. O, Avropanın inteqrasiya prosesində çoxlu ədalətsiz qərarlar qəbul etdiyini, gürcü xalqının həm tarixən, həm də son dövrlərdə yol verilmiş bu cür qərarlara alışdığını əlavə edib.

Spiker qeyd edib ki, Aİ Ukrayna və Moldovaya namizəd statusu verərkən Gürcüstana qarşı ədalətsizliyə yol verərək eyni qərarı qəbul etməyib. Daha sonra isə digər iki ölkə ilə, həmçinin Bosniya və Hersoqovina ilə üzvlük danışıqlarına başlamaq qərarı qəbul edilib, lakin Gürcüstana yalnız namizəd statusu verilib. Şalva Papuaşvili həmin ölkələrin Gürcüstandan geridə olduğunu, Aİ-nin qərarının ədalətsiz olduğunu qeyd edib.

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Yaranmış mənzərə hansı proseslərin gedə biləcəyini deməyə əsas verir? Gürcüstanı qarşıda nə gözləyir - inqilab, yoxsa Qərbdən asılılığını qurtarmış Cənubi Qafqaz ölkəsinə çevrilmək? 

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda "Təsir agentləri haqqında" qanunun qəbulu, şübhəsiz, Qərbi çox narahat edir:“Baxmayaraq ki, bu cür qanun 1938-ci ildə ilk dəfə ABŞ-da qəbul olunub və bu günə qədər də ciddi şəkildə tətbiq olunur. Ancaq Qərb ekspertləri iddia edirlər ki, Gürcüstanda qəbul olunan qanunun ABŞ-da qəbul olunmuş qanundan ciddi fərqləri var və bu qanun Rusiya qanununa bənzəyir. Qərbin gəldiyi qənaət ondan ibarətdir ki, Gürcüstan addım-addım Qərbdən uzaqlaşır və Rusiyaya yaxınlaşır. Və nəyin bahasına olur-olsun Qərb bu prosesin qarşısını almağa çalışır. Nəzərə almalıyıq ki, "Gürcü arzusu" Partiyasının əsas gücü Bdzina İvanişvilinin maliyyə qaynaqlarındadır. Ona görə əgər qarşıdan gələn parlament seçkilərində qərbpərəst qüvvələrin qalib gəlməsini arzulayırlarsa, Gürcüstanda qərbpərəst müxalif partiyalara daha ciddi maliyyə yardımı göstərilməlidir. Güman edirəm ki, ciddi dəstək seçkilərdə qalib gəlmək üçün şərait yarada bilər. İnqilab məsələsi yəqin ki, o qədər asan olmayacaq. Çünki artıq həm Ermənistanda, həm Gürcüstanda və digər müstəqil dövlətlərdə anlayırlar ki, zorakı çevriliş etmək istəyənlərə meydan vermək olmaz və bu cür proseslərin qarşısı qətiyyətlə alınmalıdır. Görünən odur ki, Ermənistandakı proseslərin də - keşiş Baqrat Qalstanyanın başladığı başıpozuq hərəkatın da qarşısı yaxınlarda qətiyyətlə alınacaq. Gələcəkdə Gürcüstanda inqilab senarisi işə düşsə, ona da imkan verilməyəcək. Qərb bu xəyallardan uzaqlaşmalıdır. Siyasi partiyalara ciddi maliyyə dəstəyi göstərilməlidir, ciddi siyasi liderlər dəstəklənməlidir. Mən hesab eləmirəm İvanişvili elə bir böyük dövlət adamıdır və ya böyük siyasi xadimdir ki, onu və onun partiyasını seçkidə məğlub etmək mümkün olmasın".

Siyasi şərhçi qeyd etdi ki, Rusiyanın narahatlığı da anlaşılandır, əslinə qalsa, “Maydan ssenarisi” söhbətini ortaya atmaqla qabaqdangəlmişlik edirlər: “Yəni Rusiya xarici işlər nazirinin müavininin söylədiklərini real hesab etmirəm. Gürcüstanın Qərbdən uzaqlaşmaq xəttinin qarşısını almaq üçün Qərbin kifayət qədər başqa imkanları var və bu imkanlardan istifadə olunmalıdır. Yəqin ki, istifadə olunacaq. Çünki bu, həm Gürcüstanın, həm də bütövlükdə bölgənin maraqlarına cavab verir. Gürcüstanın Rusiyaya yaxınlaşması ona əlavə üstünlüklər yəqin ki, verməyəcək, işğal olunmuş ərazilərinin tamamilə qaytarılması yəqin mümkün olmayacaq. Ancaq əlavə ciddi problemlər yaranacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10