Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baqratın yalanı: 1969-cu ildə Azərbaycanla Ermənistan arasında hansı müqavilə imzalanıb?










“Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan artıq baş nazirlik iddiasına düşdüyünü gizlətmir. Rahibliyini dondurduğunu bildirən erməni keşiş ölkədə davam edən itaətsizlik aksiyalarına liderlik edir. Erməni müxalifəti və keçmiş siyasilərdən ciddi dəstək alan Baqrat işini ustalıqla tutmaq, xalqı “həvəsləndirmək” üçün müxtəlif yalan tezislər üzərindən hərəkət edir.

Qalstanyanla görüşən müxalifət və keçmiş siyasilər isə Azərbaycanla aparılan demarkasiya və sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı cəfəng açıqlamalar verirlər. Onlar guya bu prosesin Konstitusiyaya uyğun olmaması, sözügedən kəndlərdə sakinlərə əvvəlcədən Kadastr idarəsi tərəfindən sənədlərin verilməsini əsas gətirirlər.



Yalanları özləri də ifşa edirlər

Bəs əslində vəziyyət necədir? Bir qrup keçmiş diplomat, siyasilər sərhədin demarkasiyası ilə bağlı əsassız şübhələr yaratmağa çalışırlar. Bunu hətta erməni politoloqları və mütəxəssisləri də etiraf edirlər. Məsələn, Qor Tsraukyan və Vardan Poqosyan kimi erməni cəmiyyətində müəyyən nüfuza malik şəxslər yalanları ifşa etməkdən çəkinmirlər.

“Ümumerməni diplomatlar ittifaqı” adlı qrupun bu yaxınlarda dərc etdiyi bəyanat və mülahizələr də əsassızdır və manipulyasiya xarakteri daşıyır.

Almatı Bəyannaməsini də inkar edirlər

Məsələn, bəyanatda bildirilir ki, Almatı bəyannaməsi sərhədlərin müəyyən edilməsi və demarkasiya üçün əsas ola bilməz. Əslində isə Almatı bəyannaməsi dövlət sərhədlərinin müəyyən edilməsi prinsiplərinə aiddir ki, bu da demarkasiya prosesində əsas kimi götürülüb. Rəsmi Bakı və İrəvan 1991-ci ildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Sözügedən bəyannamə əsasında keçmiş SSRİ respublikalarının sərhədləri dövlət sərhədi kimi qəbul edilib. Hüquq və məntiq arasındakı bu aşkar qanuni əlaqə özünə diplomat deyənlər üçün aydın olmalı idi.



Komissiyaların fəaliyyətinə kölgə salmaq cəhdi


Digər bir məqam isə sərhədlərin tənzimlənməsi və sərhəd təhlükəsizliyi komitəsinin fəaliyyətinin hüquqi əsasları ilə bağlıdır. Keçmiş ombudsmanlar və diplomatlar dərk etmirlər ki, komitənin funksiyası Sovet dövründən mövcud olan sərhədi yenidən çəkmək, dövlət sərhədi haqqında beynəlxalq müqavilə bağlamaqdır. Tərəflər 2021-ci ildə Soçidə Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların yaradılması barədə razılığa gəliblər ki, bu, 2022-ci ildə Brüsseldə də təsdiqlənən üçtərəfli bəyannamədə qeyd olunub. Bu razılaşmalar əsasında Ermənistanın baş nazirinin 2022 570-A saylı qərarı ilə komissiya yaradılıb. Ermənistan və Azərbaycan komissiyaları arasında əldə olunan razılaşmaya əsasən, onlar sərhədlərin müəyyən edilməsi prosesində Alma-Ata bəyannaməsini rəhbər tutacaqlar. Sərhəd xəttinin ayrı-ayrı hissələrinin razılaşdırılması hüquqi əsası olan 1976-cı ilin topoqrafik xəritələri əsasında həyata keçiriləcək. Başqa sözlə, komissiyaların fəaliyyəti iki ölkə tərəfindən artıq qəbul edilmiş və lazımi daxili prosedurlardan keçmiş beynəlxalq müqavilələrə, iki ölkə arasında əldə edilmiş razılaşmalara əsaslanır. Bu da Baqratın yalanının növbəti ifşası sayıla bilər.



Kəndlilərin qanunsuz şəhadətnaməsini əsas tuturlar

Başqa bir məqam kəndlərin sakinlərinə məxsus mülkiyyət şəhadətnamələri ilə bağlıdır. Siyasilərin əlində rəhbər tutduğu uyğunsuzluğun səbəbi isə Ermənistanla Azərbaycan arasında heç vaxt, ən azı, həmin hissədə heç bir detallı demarkasiya işinin aparılmamasıdır. Bu qeydiyyatlar dövlət qeydiyyatı faktına görə, qeyri-dəqiqliklərə əsaslanaraq, sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini təsdiqləmək üçün hüquqi əsas ola bilməz.

Xeyrımlı kəndinə aid yalanın ifşası

Digər bir vəziyyət Azərbaycanın Xeyrımlı kəndi ilə əlaqədardır və bu məsələdə Ermənistan Respublikasının “İnzibati-ərazi bölgüsü üzrə” qanunu əsas gətirilir. Amma əslində vəziyyət necədir? Sözügedən qanun 2017-ci ildə qəbul edilib. SSRİ-nin dağıldığı dövrdə mövcud olan xəritələrdə, eyni zamanda 1976-cı il xəritəsində dəqiq göstərilir ki, Xeyrımlı Azərbaycan SSR ərazisidir və heç bir halda Kirantsın ərazisi kimi təqdim edilə bilməz.

1976-cı il xəritəsini də inkar edirlər

Müxalifətin manipulyasiya etdiyi məsələlərdən biri də 1976-cı ilin xəritələri ilə bağlıdır. Bildirilir ki, SSRİ Baş Qərargahının 1976-cı il xəritəsinin heç bir hüquqi əsası yoxdur, çünki həmin illərdə Ermənistan SSR ilə Azərbaycan SSR arasında sərhədlə bağlı müqavilə olmayıb. Amma unudulan və üstündən keçilən məqam odur ki, 1976-cı ilin xəritəsi üzərində SSRİ Dövlət Geoloji Nəzarətinin ərazi müfəttişlərinin rəislərinin imzaları var. 1969-cu ildə isə Azərbaycan SSR və Ermənistan SSR arasında sərhədlə bağlı müqavilə imzalanıb. Sözügedən imza isə 1969-cu ildə iki sovet respublikası arasında imzalanan müqaviləni təsdiqləyir və hüquqi cəhətdən uyğunluğunu vurğulayır.
Göründüyü kimi, müxalifətin və keçmiş siyasilərin, yəni Baqratın dəstəsinin əsas məqsədi xalqı yalan və manipulyasiya yolu ilə meydanlara yığmaq, Nikol Paşinyanı devirməkdir. Keşişin ən böyük arzusu isə baş nazir postuna yiyələnmək, ətrafdakılarına vəzifə paylamaqdır. ("Kaspi" qəzeti)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10