Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

40 yaşdan yuxarı kişilər, diqqət: “Təbib” sizə müraciət edir



Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.

Pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.

Rubrikamızın ötən dəfəki mövzusu prostatit xəstəliyi idi. Bu dəfə isə həkiminiz sizə prostat vəzin adenoması barədə danışır. 

Prostat vəzin adenoması

Bu xəstəliyə prostat vəzin xoşxassəli hiperplaziyası da deyilir. Geniş yayılmış xəstəlikdir və demək olar, 45-50 yaşdan yuxarı bütün kişilər bu problemlə üzləşirlər. Hazırda planetimizdə yaşayan bütün kişilərin 2/3 hissəsi prostat vəzin hiperplaziyasından əziyyət çəkir. 

Xəstəliyin əlamətləri. Xəstəlik prostat vəzi toxumasının ölçülərinin böyüməsilə başlayır ki, bu da bir müddətdən sonra sidik axarı kanalını sıxmağa başlayır. Prostat vəzin adenomasının ilkin dövrlərində aldadıcı tualetə getmək istəyi, gecələr 3-4 dəfə və daha çox sidiyə getmə üçün çağırışların olması, sidik ifrazı üçün təzyiqin normadan çox az olması və sidik ifrazı zamanı axıcılığın qırıq-qırıq olması kimi hallar yaranır ki, bunlar da xəstəliyin başlıca əlamətləridir. Göstərilən bu əlamətlər uzun müddət, illərlə davam edə bilər, amma xəstəliyin tədricən inkişaf etməsilə sidik ifrazı zamanı ağrılar, yanmalar başlayır. Hətta sidik ifrazından sonra sidik kisəsinin yenə tam dolu olması kimi hisslər yaranmağa başlayır. Sidiyin sona qədər ifraz olunmaması ilə əlaqədar olaraq, həmin mühitdə olan bakteriyaların təsirilə sidik-cinsi sistemdə uzun müddətli qıcıqlanmalar yaranır ki, buda böyrəklərdə problemlərə gətirib çıxarır. 

Göstərilən bu problemlərin toplusu və xeyli müddət davam etməsi isə ümumilikdə sidiyin saxlanılmaması ilə nəticələnir.  

Təbii ki, hər bir adam xəstəliyin müəyyən dövrlərində müalicə almaq fikrinə düşür. Amma hərtərəfli müalicəyə başlamazdan əvvəl bir neçə şərtə əməl etmək məsləhət görülür. İlk  növbədə, bu cür xəstədə həyat tərzi dəyişməlidir. Yəni oturaq həyat tərzindən tədricən imtina edilməlidir. İkinci addım olaraq, qəbul edilən qidanın və xüsusilə çəkinin azalmasına (artıq çəki varsa) nail olmaqdır. Bədən çəkisinin prostat vəzi ölçülərilə birbaşa əlaqəli olması elmi cəhətdən tam sübut olunmuşdur. 

Kəskin, acı, aşırı duzlu və hisə verilmiş qidalardan imtina edilməlidir. Siqaret və bütün növ alkoqollu içkilərin qəbulu tamamilə dayandırılmalıdır. Alkoqollu içkilərdən kişilər üçün ən zərərlisi pivədir. Çünki çox pivə içən adamlarda kişi cinsi hormon – testosteronun sintezi prosesi pozulur və əks proses - qadın cinsi hormonu – estrogenin əmələgəlmə prosesi yaranır. Son nəticədə prostat vəzin fəaliyyəti ümumilikdə pozulmağa doğru gedir. 

Prostat vəzinin adenoması zamanı, əlbəttə, bitkiləri təsir mexanizminə uyğun olaraq qəbul etmək lazımdır. Məsələn, xəstəlik zamanı sidikqovucu bitkilərdən istifadə edilməsi çox vacibdir. Çünki xəstəlik dövründə sidiyəgetmə prosesində bir çox problemlər yaranmış olur. Bunun üçün pol-pala, ardıc meyvəsi, qırxbuğum, qatırquyruğu və s. istifadə etmək olar. 

İkinci yardımçı qrup olaraq “bərpaedici uroseptik” təsirli bitkiləri: bağayarpağı, gülümbahar, çobanyastığı, dəmrovotu, boymadərən və s. göstərmək olar.                                                                          Üçüncü yardımçı qrup olaraq “mikrobları məhvedici” təsirli bitkiləri: ayıqulağı yarpağı, atpıtrağı kökü, acı yovşan və s. göstərmək olar.                                                                                                                                  Xəstəliyin çox geniş yayılmasına baxmayaraq, kişilərin böyük əksəriyyəti xəstəliyi etiraf etmək istəmirlər, bundan yayınırlar. Lakin xəstəliyin vaxtında aşkar edilməsi xəstəliyin müalicəsini asanlaşdırar, tezləşdirər və sağalmasını təmin edə bilər. 

Prostat vəzin adenoması zamanı faydalı olan bitkilər: balqabaq, çuğundur, soğan, qovaq qabığı və s. göstərmək olar. İndi isə bu bitkilər haqqında geniş şəkildə məlumat verək.                                                 

Balqabaq. Tərkibi A,B,C,E,PP və D vitaminləri ilə zəngindir. İmmuniteti möhkəmləndirir, həzm prosesini normallaşdırır. Tərkibində orqanizm üçün çox vacib olan kalium, kalsium, mis, dəmir, sink və s. mikroelementlər var. Göründüyü kimi, bitkinin tərkibində prostat vəzin normal fəaliyyəti üçün kompleks elementlər var. Balqabağı orta və yuxarı yaşlı kişilərin gündəlik olaraq qəbul etmələri tövsiyə olunur. Müalicənin keyfiyyətini bir qədər də artırmaq üçün balqabaq qəbulunu 1 çay qaşığı təmiz balla birlikdə etmək daha yaxşı olar. 

Çuğundur. Prostat vəzin xəstəliyi zamanı çuğundurdan istifadə edilməsi çox faydalıdır. Adenomanın böyüməsini dayandırır, prostat vəzin fəaliyyətini yaxşılaşdırır.                                                         Resept. 5 kq təmizlənmiş və bir neçə yerə bölünmüş halda çuğundur götürüb, üzərinə 1 sm qədər çıxan qədər su əlavə edib zəif-orta alovda 4-5 saat qaynatmaq (bişirmək). Sonra alovdan götürüb, çuğundurları çıxarıb, başqa qabaq qoymaq, hazırlanmış məhlulu (yəni suyu) atmamaq. Bişmiş çuğundurları ət maşını və ya blenderdən keçirmək, süzülmüş məhlulu əzilmiş pürenin üzərinə əlavə edib yenidən 1-1,5 saat  qaynatmaq. Sonra alovdan götürüb, bir qədər soyutmaq, süzmək və püreni tullamaq. Alınan məhlulu yenidən zəif alov üzərinə qoyub, 500-600 ml qalana qədər qaynatmaq və dərman hazırdır. Hazırlanmış dərmanı soyuducuda saxlamaq lazımdır. Gündə 3 dəfə yeməkdən qabaq 1 xörək qaşığı qəbul etmək lazımdır. 

Soğan. Prostat vəzin bütün xəstəliklərində, əsasən də adenomada soğan çox faydalıdır.  Resept-N1. Soyan qaynatması. 2 ədəd orta böyüklükdə soğan götürüb, qabıqlarını təmizləmək, xırda-xırda doğramaq, üzərinə 0,5 litr qaynar su əlavə edib, ağzı bağlı halda ikiqat təmiz dəsmala büküb 2 saat saxlamaq və dərman hazırdır. Gündə 10-11 dəfə hər 1-1,5 saatdan bir 50 ml içmək. 

Resept-N:2. Soğanın üst qabıqlarından 1,5-2 stəkan götürüb, üzərinə 1,5 litr qaynar su əlavə edib, zəif alovda 10-12 dəq. qaynatmaq, soyutmaq, süzmək. Üzərinə 3 xörək qaşığı təmiz bal əlavə edib, qarışdırmaq. Gündə 3 dəfə 100-120 ml içmək. Müalicə kursu 5 gündür. 

Qovaq qabığı. Bitkinin qabıqlarından quru və nisbi xırdalanmış halda 100 q götürüb, 200 ml 50%- li spirtə əlavə edib, 2 həftə saxlamaq, gündə bir dəfə çalxalamaq, süzmək. Gündə 3 dəfə 20 ml adi suya 20-25 damcı əlavə edib, yeməkdən qabaq içmək. Müalicə kursu 60 gündür. Sadəcə 30 gün qəbuldan sonra 2-3 gün fasilə verilməsi məsləhət görülür. 

Gicitkən. Prostat vəzi toxumasını bərpa edir, iltihabi prosesi aradan götürür. Spermaların yaranmasına təkan verir, ümumi tonusu artırır. Bitkinin yarpaqlarından quru və xırdalanmış halda 2 xörək qaşığı götürüb, termosa qoymaq, üzərinə 0,5 litr qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu gün ərzində 4-5 dəfəyə içmək. Gündəlik olaraq bu resepti hazırlayıb içmək. Müalicə kursu 24 gündür. Atpıtrağı. Bitkinin köklərindən hazırlanmış vasitələr (dəmləmələr, tinkturalar) prostat vəzinin və toxum kisəciklərinin sklerotik və çapıqlaşmış törəmələrini tədricən aradan qaldırır. Bitkinin köklərindən quru və xırdalanmış halda 1 xörək qaşığı götürüb, termosa qoymaq, üzərinə 0,2 litr qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu gün ərzində 4-5 dəfəyə içmək. Gündəlik olaraq bu resepti hazırlayıb içmək. Müalicə kursu 30 gündür.  

Bağayarpağı. Bitkinin yarpaq və toxumları prostat vəzinin iltihabi prosesini aradan götürür, ağrı-kəsici, bakterisid təsir göstərir Bitkinin yarpaqlarından quru və xırdalanmış halda 1 xörək qaşığı götürüb, termosa qoymaq, üzərinə 0,2 litr qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu gün ərzində 4-5 dəfəyə içmək. Gündəlik olaraq bu resepti hazırlayıb, içmək. Müalicə kursu 30 gündür. 

Şüyüd toxumu. Şüyüd iltihabi prosesə qarşı, sidikqovucu və bakterisid təsirlərə malikdir. Bitkinin toxumlarından 1 çay qaşığı götürüb, termosa qoymaq, üzərinə 1 stəkan qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu gün ərzində 4-5 dəfəyə içib qurtarmaq. Müalicə kursu 15-20 gündür. 

Cəfəri toxumu. Cinsiyyət gücünü artırır, bağırsaq mikroflorasını yaxşılaşdırır, qanda şəkərin miqdarını bir qədər azaldır, görməni yaxşılaşdırır, iltihabi prosesi aradan götürür  və s. Tərkibi vitaminlər (yarpaqlarında) və mikroelementlərlə zəngindir. Bitkinin toxumlarından 4 çay qaşığı götürüb, termosa qoymaq, üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzı bağlı halda axşamdan səhərə qədər saxlamaq, süzmək. Gün ərzində 6-7 dəfə 1 xörək qaşığı içmək. Hazırlanmış dəmləməni 2 gün ərzində qəbul etmək olar. Sonra yenisini hazırlamaq lazımdır. Müalicə kursu 15 gündür. 

Zəncəfil. Bitkinin köklərindən hazırlanmış tinkturasından (spirtdə dəmləmə) gündə 3 dəfə 20 ml adi suya 15-20 damcı əlavə edib, içmək. 

Gülançar (qulançar və ya quşüzümü də deyilir). Rəsmi fitoterapiyada müalicə məqsədilə bitkinin əsasən köklərindən istifadə edilir. Lakin bitkinin yerüstü hissəsi, əsasən cavan zoğları, meyvələri və s. də işlədilir. Bitkinin köklərindən quru və xırdalanmış halda  3 çay qaşığı götürüb, termosa  qoymaq, üzərinə 300 ml qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən sonra 1/3 hissə içmək. 

Sağlam olun!






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10