Şimali Koreya (KXDR) Cənubi Koreyaya zibil və peyinlə doldurulmuş 150-dən çox hava şarı göndərib.
Musavat.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bundan bir qədər əvvəl KXDR Seul tərəfindən təbliğat materiallarının yayılmasına cavab verəcəyini açıqlamışdı. Vərəqələrdə Kim Çen Inın tənqidi yer alırdı.
Hərbçilərin məlumatına görə, şarlar çərşənbə axşamı axşam saatlarında sərhədi keçməyə başlayıb. Onlar ölkənin müxtəlif yerlərində düşüblər. Şarların içində müxtəlif zibillər olub: plastik qablar, batareyalar, ayaqqabı hissələri, peyin və s. Hərbçilər ətraflı təhlil üçün onlardan nümunələr götürüb.
Seul Şimali Koreyanı “qeyri-insani və vulqar hərəkətləri” dərhal dayandırmağa çağıraraq, bildirib ki, “Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir”.
Musavat.com