Xəyalpərəstlər məsələni onları devirəcək “rəngli inqilab”a aparırlar
“Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası Gürcüstandakı hakimiyyətini təhlükəyə atmadan Avropaya inteqrasiyada irəliləyişə nail ola bilmir. Hakim partiya ölkə üzərində avtoritar nəzarəti gücləndirməklə və Avropa Birliyinə daxil olmaq şərtlərini sabotaj etməklə Avropaya can atan və islahatlar tələb edən vətəndaş cəmiyyəti ilə üz-üzə qalıb. Hakimiyyət vətəndaş cəmiyyətinə repressiya, anti-Qərb və sui-qəsd ritorikası ilə cavab verdi.
Ukraynada müharibə başlayandan sonra Gürcüstanda “Gürcü arzusu”nun Brüsseldən Moskvaya tədricən yönləndirilməsi və Avropaya inteqrasiya kursundan geri çəkilməsi ilə bağlı qorxular artmağa başladı. Hazırda Tiflisdə baş verən hadisələr bu qorxuları təsdiqlədi və hakim partiyanın bu ilin oktyabrında keçiriləcək parlament seçkiləri ərəfəsində nə qədər irəliləməyə hazır olduğunu göstərdi. Onun ötən ilki uğursuzluqdan sonra mübahisəli “Xarici agentlər haqqında” qanununu qəbul etmək cəhdi ölkədə etiraz dalğası və daxili siyasi böhrana səbəb olub. Həmçinin Gürcüstanın Aİ-yə potensial üzvlüyünü təhlükə altına qoyub. Amma partiya geri çəkilmir və başladığı işi başa çatdırmaq niyyətindədir.
“Gürcü arzusu”nun addımlarında çoxları Rusiyada milyardlarla dollarlıq sərvət qazanan və geniş ofşor şirkətlər şəbəkəsi vasitəsilə orada biznes maraqlarını qoruyan onun qurucusu Bidzina İvanişviliyə geosiyasi “Kreml əli”nin təsirini görür. Lakin “Atlantik üzərində dönüş”ün gürcü variantının daha ciddi səbəbləri var.
“Xəyalpərəstlərin” anti-qərbçiliyinin mənşəyi Gürcüstanın daxili siyasətində yatır. Bu siyasət ilk növbədə özünün sağ qalmasını düşünən hakim rejim və bir-birindən fərqli, lakin hakimiyyətə can atan müxalifət arasındakı qarşıdurma ətrafında qurulub. Onların arasında vətəndaşların 80 faizdən çoxunun ölkənin Aİ-yə daxil olmasını dəstəklədiyi və islahatlar tələb etdiyi vətəndaş cəmiyyəti və müstəqil media var. “Gürcü arzusu” “Xarici agent” qanununun köməyi ilə onları idarə etməyə çalışır, çünki hakim partiyanın avtoritar impulslarını cilovlamağa qadir olan yeganə vasitə budur. Keçən il partiya hələ də dilemma ilə üz-üzə qaldı: hakimiyyətdə necə qalmaq və eyni zamanda, Avropaya inteqrasiya üçün tələb olunan demokratik islahatları həyata keçirmək. Bu il “Gürcü arzusu” nəhayət ki, qərarını verdi.
2023-cü ilin dekabrında Gürcüstan məhkəmə sistemində islahatlardan tutmuş azlıqların hüquqlarının müdafiəsinin gücləndirilməsinə qədər geniş spektrli siyasət və hüquqi məsələlərini əhatə edən Avropa Komissiyasının on iki tövsiyəsindən yalnız üçünü həyata keçirdikdən sonra Aİ üzvlüyünə namizəd statusu əldə etdi. “Gürcü arzusu” bu uğuru Gürcüstan ictimaiyyətinin qətiyyən etiraz etmədiyi və bu tədbirin milli bayrama çevrməsini özünə borcludur. Avropa Komissiyası buna etiraz etmədi, baxmayaraq ki, statusu qazanan hakim partiya deyil, “Avropa dəyərlərinə dəfələrlə sarsılmaz sadiqlik nümayiş etdirən” gürcü xalqı olduğunu vurğuladılar.
Avrointeqrasiya yolunda sonrakı irəliləyiş Gürcüstandan Avropa Komissiyasının hər biri ciddi islahatlarla bağlı olan doqquz şərti yerinə yetirməyi tələb etdi. Lakin “Gürcü arzusu” islahatları zəif apardı. Məsələn, məhkəmə sistemində islahatlar aparmaq üçün Avropa Komissiyası Gürcüstana ən yüksək məhkəmə orqanlarında vəzifə tutan hakimlərin dürüstlüyünə nəzarətin tətbiqini tövsiyə edib. Söhbət hakimlərin yoxlanılması üçün bir sıra meyarlardan gedir: dürüstlük, maraqların toqquşmasının olmaması, əmlakın məcburi bəyan edilməsi və s. Yoxlama hakimlərin vəzifədən kənarlaşdırılması, hakim vəzifəsinə təyin olunmaq üçün yeni namizədlərin təsdiqi və ya rədd edilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik beynəlxalq ekspertlərin daxil olduğu xüsusi komissiya tərəfindən aparılmalıdır.
Gürcüstanın Ali Məhkəməsi bu tövsiyəyə son dərəcə mənfi reaksiya verib, onun “məhkəmə sisteminin legitimliyini zəiflətməyə və idarəetmə mexanizmlərini məhkəmələrdən kənara çıxarmağa” diqqət yetirdiyini vurğulayıb və dürüstlüyə nəzarətin özünü “dövlətin suverenliyini pozan hal” adlandırıb. “Gürcü arzusu” da analoji mövqedən çıxış edərək, nəzarəti müxalifətin və qeyri-hökumət təşkilatlarının ölkənin suverenliyinə müdaxiləyə yönəlmiş təşəbbüsü, məhkəməni ələ keçirmək və təklif olunan baxış vasitəsilə ona nəzarət etmək cəhdi kimi təqdim edib. Partiyanın liderlərindən biri Mamuka Mdinaradze qəti şəkildə bildirdi ki, “hökumət heç bir sahədə Gürcüstan nümayəndələrinin və ya onun hakimiyyətinin hər hansı qolunun qərarının başqa ölkələrin vətəndaşlarından asılı olacağı bir sistemin yaradılmasına icazə verməyəcək, bizə qarşı nə qədər mehriban olsalar da... Ona görə də bu məsələ bağlıdır”.
Bu ritorika ayrı-ayrı hakimlərin sərvət bəyannamələrinin yoxlanılması prosesinin dayandırılması və ya parlament çoxluğunun korrupsiya hallarını araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaratmasının qarşısının alınması kimi konkret hərəkət və qərarlarla birləşdirilir. Bununla da, ədliyyə sistemində “Gürcü arzusu”nun məhkəmə islahatlarının həyata keçirilməsini sabotaj etdiyini göstərir.
Lakin Gürcüstanın məhkəmə islahatları Avropa Komissiyası üçün əsas məsələdir, çünki heç kim ən yüksək məhkəmə sisteminin qəbiləçiliklə xarakterizə olunduğu, bəzi yüksək rütbəli hakimlərin isə bu siyahıya daxil olduğu ölkəni Aİ-yə qəbul etmək fikrində deyil.
Oxşar mənzərə Avropa Komissiyasının digər tövsiyələrində də müşahidə olunur. Məsələn, seçki islahatı vətəndaşların maraqlarının Mərkəzi Seçki Komissiyasında adekvat təmsil olunmasını təmin etməlidir. Əslində “Gürcü arzusu” Gürcüstan Mərkəzi Seçki Komissiyasına siyasi təzyiqləri artırır, onun neytrallığına xələl gətirir: parlament bu yaxınlarda Seçki Məcəlləsinə Mərkəzi Seçki Komissiyasının sədri və üzvlərinin seçilməsi prosedurunu dəyişdirən düzəlişlər qəbul edib, həmçinin Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin və üzvlərinin seçilməsi qaydasını ləğv edib. Dəyişikliklərə əsasən, MSK-nın sədri və üzvləri Prezident tərəfindən deyil, parlamentin sədri tərəfindən irəli sürüləcək. “Gürcü arzusu”nun Gürcüstan Prezidenti Salome Zurabişvili ilə yolları ayrıldığı üçün düzəlişlərə ehtiyacı var idi, lakin parlament Prezidentə qarşı impiçment elan edə bilmədi. Amma düzəlişlərin qəbulundan az sonra parlament MSK-nın hakim partiya üçün məqbul sayılan yeni rəhbərini təsdiqləyib.
Gürcüstanın Avropaya uğurlu inteqrasiyası üçün tələb olunan islahatlar açıq-aydın “Gürcü arzusu”nun mövqeyini sarsıdır, onu hakimiyyət qolları üzərində nəzarətdən məhrum edir. Bu, partiya və onun təsisçisi üçün qəbuledilməzdir. Digər tərəfdən, sabotaj və islahatların ləngiməsi vətəndaş cəmiyyətinin narazılığına və Qərb tərəfdaşlarının tənqidinə səbəb olur. Avrointeqrasiya yolu ilə öz şərtləri ilə, hakimiyyəti birləşdirərək, mühafizəkar siyasətə və Orban tipli populizmə arxalanaraq irəliləmək cəhdləri uğurlu alınmadı. Və bu vəziyyətdə partiya avtoritar üsullara və ritorikaya əl atdı.
“Xarici agentlər haqqında” qanunun qəbuluna yeni cəhdə qarşı vətəndaş cəmiyyətinin sərt müqaviməti ilə üzləşən “Gürcü arzusu” taktikasını dəyişmək və birbaşa Rusiya hakimiyyətinin dili ilə danışmaq qərarına gəlib. Qanunun qəbuluna etiraz edənlər belə çıxır ki, “Gürcüstanda dövlət çevrilişi etmək” istəyirlər. Onlar “xalqa qarşı çıxan”, “psevdoliberalizm və narkotik tətbiq edən”, “Gürcüstanı şəxsiyyətindən və ailə dəyərlərindən məhrum edən” və “gənclərdən istifadə etməyə çalışan” qeyri-hökumət təşkilatları (QHT-lər) vasitəsilə maliyyələşir. Üstəlik, QHT-lər hakimiyyətə gətirmək istədikləri radikal müxalifəti və ya “agentliyi” maliyyələşdirir və onların arxasında “NATO və Avropa İttifaqına həlledici təsir göstərən” müəyyən “qlobal müharibə partiyası” dayanır.
Bundan əlavə, məlum olur ki, QHT-lərə ayrılan vəsaitin “yardımla heç bir əlaqəsi yoxdur, əksinə, onların yeganə məqsədi Gürcüstanı dövlət suverenliyindən məhrum etməkdir”. Belə çıxır ki, qeyri-hökumət təşkilatları, məsələn, Avropa Komissiyasının doqquz şərtinin icrası ilə bağlı öz baxışlarını təqdim edərkən, islahatların həyata keçirilməsində mövcud problemləri və çatışmazlıqları qeyd edərkən, əslində “Gürcüstanda xarici repressiya aparmaq istəyirlər”. Buna görə də “Gürcü arzusu” liderləri “Gürcüstanda kənar hökumətin təyin olunmasının qarşısını almaq üçün” QHT-lərin maliyyələşdirilməsində şəffaflığı təmin edəcəyini bildirən bu qanunun qəbul edilməsində israrlı oldular. Göründüyü kimi, ölkənin maraqlarını müdafiə etməyin bu unikal forması onların Aİ və ABŞ-ın yüksək rütbəli rəsmilərinə qarşı son demarşları, məsələn, Gürcüstan Parlamenti sədrinin parlament nümayəndə heyəti ilə görüşdən imtina etməsi ilə diktə olunur. Nəzərə almaq lazımdır ki, altı Aİ ölkəsinin bu qanunu müzakirə etməsi və ya Gürcüstanın Baş nazirinin Vaşinqtona strateji tərəfdaşlıq və Gürcüstana yardımı müzakirə etmək üçün səfər etməkdən imtinası faktı var.
Maraqlıdır ki, bütün bunlar Bidzina İvanişvilinin Gürcüstanın 2030-cu ildə Aİ-yə daxil olacağı vədinə, ölkənin Baş naziri İrakli Kobaxidzenin isə Aİ-ni Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara bu ilin sonuna qədər başlamağa çağırmasına mane olmur. Bu vədlərin görünən absurdluğuna baxmayaraq, xüsusən də Avropa Parlamentinin hakimiyyət qanun layihəsini geri götürməyincə Aİ-nin Gürcüstanla danışıqlara başlamayacağı barədə qətnaməsinin qəbulundan sonra onların əsas məqsədi gürcü elektoratını Avropayönlü kursa inandırmaqdır. Lakin “Gürcü arzusu”nun təbirincə - “müstəqillik, suverenlik və dəyərlərin qorunub saxlanması” şərti ilə.
Bununla belə, inandırmaq mümkün deyil: Gürcüstanın bir çox şəhərlərində hər gün etiraz aksiyaları keçirilir, güclənir və polislə toqquşmaya çevrilir. Paytaxt Tiflisdə etirazçıların sayı artıq 200 min nəfərə çatıb. Getdikcə daha çox təşkilat və qruplar etirazlara qoşulur və 30-dan çox universitetdə tələbə hərəkatı artıq tətilə çıxıb.
Gürcüstanın Aİ yolunda irəliləməsi üçün dövlətçilik institutlarının təkmilləşdirilməsi və konkret islahatların aparılması yolları haqqında məzmunlu söhbət əvəzinə “Gürcü arzusu” daxili və xarici auditoriyaya xarici qüvvələrin QHT-lərin köməyi ilə Gürcüstanda “rəngli inqilab” planlaşdıraraq ölkəni xarici nəzarətə keçirmək və sonra onu Rusiya ilə müharibəyə sürükləmək barədə xoşagəlməz nağıl təqdim edib. Dünyanın bu mənzərəsi ilə razılaşmayanlar ölkənin milli maraqlarına zidd fəaliyyət göstərən və beləliklə, zorakılığa layiq görülən bu qüvvələrin agentləri elan edilir.
Əslində söhbət “Gürcü arzusu”nun qarşıdan gələn seçkilər ərəfəsində müxalifətin və müstəqil medianın imkanlarını məhdudlaşdırmaqla yanaşı, nəyin bahasına olursa-olsun hakimiyyətini qorumaq və gücləndirmək uğrunda apardığı mübarizədən, hakim partiyanın demokratik inkişafı qurban verməyə hazır olmasından gedir. Bu isə ölkəni dərin siyasi böhrana sürükləyir.
Yaxın keçmişdə Gürcüstan oxşar böhran yaşayıb. Həmin vaxt parlamentdə daha bir partiya - Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası üstünlük təşkil edirdi ki, bu partiya da hakimiyyəti qəsb etmək cəhdləri ilə müxalifətin siyasi resurslarının və medianın müstəqilliyinin məhdudlaşdırılmasına, dinc etirazların yatırılmasına və hüquqların pozulmasına yönəlmiş addımlar atırdı. Həmin vaxt böhran hakim partiyanın növbəti parlament seçkilərində məğlubiyyəti və hakimiyyətin sülh yolu ilə “Gürcü arzusu”na keçməsi ilə başa çatdı. Bugünkü siyasi böhranın 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkiləri üçün eyni ssenari üzrə inkişaf etdiyi görünür. Təbii ki, “xəyalpərəstlər” özləri məsələni onları devirəcək “rəngli inqilab”a aparırlar. Və bu halda onların özlərindən başqası günahkar olmayacaq.
Müəllif: Vaxtanq Partsvaniya – Gürcü professor, iqtisad elmləri namizədi.
Mənbə: “MoscowTimes”
Tərcümə AYNA-ya məxsusdur.