Və ya şəmkirli yeniyetmənin nakam eşq dastanı...
Şəmkirin kənarıyla uzanan və “Kraz yolu” deyilən ərazidən keçən insanlar qəribə bir mənzərə ilə qarşılaşırlar. Rayonun Morul kəndi ərazisindəki təpəliklər üzərində, böyük ölçülü daşlarla yığılmış ürək və içindən keçən ox fiquru insanların marağına səbəb olur.
Təxminən 35-40 kvadrat metr ərazini əhatə edən bu fiqur dağın daşlarından istifadə edilərək hazırlanıb və sonradan üzərinə ağ boya çəkilib.
Ətraf ərazidə yaşayanlar bu fiqurun Şəmkir şəhər sakini Elbrus Hüseynov tərəfindən hazırlandığını deyirlər. Gənc öz sevgisini izhar etmək üçün, sevdiyi qızın evlərindən də görünən yerdə bu fiquru düzəldib. Lakin bir il sonra bədbəxt hadisə nəticəsndə Hüseynov dünyasını dəyişib.
Elbrusun qohumu Ülvi Hüseynov AYNA-ya bu nakam sevgidən danışır: “Bibim oğlu Elbrus öz sevgisini bu yolla bəyan edib. O, 2015-ci ildə yaradıb bu fiquru. Onda Elbrusun 17 yaşı olub. Bir qızı sevirdi. Sevgisini bu yolla etiraf etmişdi. Lakin 2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdi. Biz isə onun bu yadigarını qorumağı özümüzə borc bilirik”.
Yaxınları E.Hüseynovun hər doğum günündə yaratdığı abidəyə baş çəkirlər. Dağılan daşları səliqəyə salırlar. Yağış yuyan fiquru hər il yenidən rəngləyirlər.
Qeyd edək ki, bu fiqur yüksək təpəlikdə çəkildiyindən, Şəmkirin bir çox hissəsindən də görünür.