Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kondisionerdən istifadəyə görə əlavə ödəniş etməliyik



Taksi xidmətləri müştərilərdən kondisionerdən istifadəyə görə artıq ödəniş tələb edir
 
İqtisadiyyat üzrə fəlsəfə doktoru, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin professoru Qubad İbadoğlu şəxsi “Facebook” hesabında diqqətçəkən paylaşım edib. AYNA həmin paylaşımı təqdim edir:
 
“Artıq 4 gündür ki, Bakıdayam. Bu günlər ABŞ-dan gələn qonaqlarla bərabər oldum. Onlarla birgə hərəkət etdiyim zaman qarşılaşdığım bir hadisədən çox məyus qaldım. İstərdim ki, məni məyus edən bu hadisəni sizinlə də bölüşüm.


Xarici qonaqlar üçün *9111 taksi xidmətindən sifariş etdiyim yol haqqı barədə onları məlumatlandırdım. Razı oldular. Sifariş qəbul olundu və çox keçmədi ki, “Hundai” markalı maşın gəldi. Yol gedərkən qonaqların istəyi ilə sürücüdən kondisioneri işə salmağı xahiş etdim.
 
Mənzil başına çatarkən xarici qonaqlardan biri ödəniş üçün pulu sürücüyə uzatdı. Sürücü pulu alandan sonra mənə sarı dönərək “ondan 1,5 manat çox götürəcəm” dedi. Səbəbini soruşanda yolun yarısını kondisionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondisioner işləyərkən mühərrik daha çox benzin "yeyir".
 
Sürücüyə xarici qonarların verdiyi pulun qalığını tam qaytarmağı məsləhət gördüm. “Mümkün deyil”, - dedi. “Bununla Azərbaycanı hörmətdən salırsan” fikrimə də məhəl qoymadı. Bu variantda məsələnin həll edilmədiyni görüb, sürücüyə qonaqların pulunun qalığını tam qaytaracağı halda, ona əlavə 2 manat ödəyəcəyim təklifini verdim. Razılaşdı. Qonaqları yola salıb, 2 manatı sürücüyə uzatdım və sürətlə maşından aralandım ki, qonaqlar görməsin, yoxsa biabır olarıq.
 
Bununla taksi xidməti göstərən şirkətin və bu sahədə çalışanların işgüzar nüfuzuna xələl gətirmək istəmirəm. Amma hesab edirəm ki, belə halların baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə olan boşluqlardır. Odur ki, taksi sifariş verəndə kondisionerlə və kondisionersiz qiymətləri ayrıca soruşun”.
 
AYNA əməkdaşı məsələni aydınlaşdırmaq məqsədilə, müştəri qismində *9111 şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən kondisionerə görə əlavə ödəniş alınması xəbəri təsdiqlənib.
 
“Əgər müştəri sürücüdən kondisioneri işə salmağı tələb edərsə, bu zaman əlavə ödəniş hesablanır. 10 manata qədər olan sifarişlərə görə 50 qəpik, 10 manatdan artıq sifarişlərə görə isə 1 manat əlavə ödəniş edilir”, - deyə bildirilib.

Lakin taksi şirkətlərində bu qayda fərqli imiş. Məsələn, 189 nömrəli taksi şirkətindən öyrəndik ki, müştəri sifariş verdiyi zaman müəyyən, edilən gediş haqqına kondisionerdən istifadə etmək seçimi də avtomatik daxil edilir.


*0123 şirkətindən də kondisionerə görə əlavə ödəniş edilməli olduğu bildirilib. Belə ki, müştəri bu şirkətdən taksi sifariş edirsə, gediş haqqının məbləğindən asılı olmayaraq, kondisionerin işə salınmasını tələb edərsə, 1 manat əlavə ödəniş etməlidir.
 
Burada sual yaranır: Bəs, yerin-göyün od tutub yandığı bir mövsümdə sürücünün özünə kondisioner lazım olmur?






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10