Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?



"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

Kulis.az Firuz Mustafanın "Çaparaq notlar" adlı yazısını təqdim edir. 

Stalinin qızı Svetlana Alliluyevanın sevgililəri

Mən tarixi-sənədli bir əsər üzərində işləyirəm. Personajlar sırasında inqilabi fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.

Haqqında söhbət açdığımız Svetlana Alliluyeva bu məşhur ailənin övladıdır. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq Stalinin qızı haqda kiçik qeydləri təqdim edirəm. Svetlananın anası Nadejda Alliluyeva 1932-ci ildə intihar edəndə qızcığazın yeddi yaşı vardı. İlk illər ona demişdilər ki, anası xəstəlikdən ölüb. Sveta sonralar anasının özünü güllə ilə vurub öldürdüyünü biləndə sarsılmışdı. Stalinin qızı sonralar yazırdı: "Kaş mənim anam Baş katibə yox, adı bir dülgərə ərə gedəydi".

Svetlana təbiətən sərbəst, habelə hökmlü bir qızdı.

Stalinin sevimli qızı hələ 14 yaşında olarkən Beriyanın oğlu Serqoya vurulmuşdu. Amma oğlan Stalinin qızından iki yaş böyük idi. Bir müddət sonra Serqo Lavrentyeviç məşhur proletar ədib Maksim Qorkinin nəvəsi Marfa Peşkovla evləndi.

Qorkinin nəvəsi çox gözəl və "modnitsa" idi. Svetlana isə rəftar və geyimində sadəliyi sevirdi. Məsələ budur ki, hər iki məşhur simanın qızları zaman keçdikcə bir-birinə daha çox nifrət etməyə başladı.

İlk yeniyetməlik eşqinin oxu daşa dəyən Svetlana 17 yaşında olarkən o zaman tanınmış dramaturq Aleksey Kaplerlə sevişməyə başladı. O zaman Kaplerin 40 yaşı vardı. Kapler "Lenin Oktyabrda" adlı məşhur filmin ssenari müəllifi idi. Kapler Svetanın qardaşı Vasilinin dostu idi. Stalin məktəbli qızının yəhudi əsilli, həm də yaşlı bir adamla sevişdiyini biləndə bərk qəzəbləndi. Az sonra yazıçını "ingilis şpionluğunda" günahlandırıb Vorkuta sürgün etdilər. Kapler orada ağır şəraitdə, xüsusi xidmət orqanlarının təzyiqi altında yaşamağa başladı. O zaman başqa cür ola da bilməzdi. Onlar, bu iki sevgili, bir də Stalinin ölümündən sonra təzədən görüşə bildilər.

Stalin qızının müstəqil ailə həyatı qurmasını, ümumiyyətlə, azadlıqsevərliyini, təqdir etmirdi. Amma Svetlana da Svetlana idi. O, hələ MDU-da təhsil alarkən yenə öz qardaşının tələbə dostu Qriqori Morozovla ailə qurdu. Bu, onun ilk rəsmi nikahı idi. Oğlan Stalinin qızından ötrü dəli-divanə idi. Amma Sveta öz ərinə qarşı soyuq idi. Tezliklə onların övladı oldu. Uşağın adını dahi rəhbərin şərəfinə İosif qoydular.

Stalin öz nəvəsini sevmirdi, çünki uşağın atası yəhudi idi.

Qriqori uşaqcanlı idi. İstəyirdi ki, çoxuşaqlı ata olsun. Amma Svetlana ərinin arzusunun xilafına olaraq çox uşaq istəmirdi. Alliluyeva Morozovla yaşayarkən beş dəfə abort etdirdi.

Svetlana atasının təhriki ilə Qrişadan ayrılmalı oldu. Oğlu Yosenin (İosifin) iki yaşı olanda o, Yuri Jdanovla ailə qurdu. Yurinin atası Andrey Jdanov Mərkəzi Komitə katibi, üstəlik də, Stalinin yaxın dostu və silahdaşı idi. Bu izdivac valideynlərin arzusu ilə baş tutmuşdu. Tezliklə onların bu evlilikdən Katya adlı qızları dünyaya gəldi. Amma Svetlana ərini sevmirdi. Onun bütün günü restoran və gənclərin şənlik məclislərində keçirdi. Tezliklə ailə dağıldı. "Ellər atası" bu dəfə boşanmaya sakit yanaşdı, onsuz da böyük ölkənin problemləri az deyildi.

Svetlana 1956-cı ildə yeni eşqə mübtəla oldu. Bu, onun uşaqlıqdan tanıdığı Svanidze idi. Oğlanın adı Conrid idi. Bu ad ona məşhur amerikan jurnalisti Con Ridin şərəfinə qoyulmuşdu. Məsələ burasında idi ki, Conrid Stalinin birinci arvadının qardaşı oğlu idi. Yəni Svetanın ögey bibisi oğlu. Svanidzenin valideynləri 1938-ci ildə həbs edilərkən öz övladlarından imtina etməli olmuşdular. Conrid uzun illər həbsdə və sürgündə olmuşdu. 1954-cü ildə sürgündən qayıdıb Moskvaya gəlmiş, Xruşşovun şəxsi göstərişi ilə ona mənzil verilmişdi. Svanidze Svetlana ilə 1957-ci ildə ailə qurdu. İki ildən sonra onlar ayrıldılar.

Svetlana Alliluyeva dördüncü dəfə hind vətəndaşı Braceş Sinqxlə ailə qurdu. Bu adam Moskvaya müalicə üçün gəlmişdi. Kommunist idi. Varlı ailədən çıxmışdı. Alliluyevadan 26 yaş böyük idi. Kreml bu evlənmənin əleyhinə idi. Axı bu necə ola bilər ki, Stalinin qızı xarici vətəndaşla ailə qursun? Amma Sveta öz istəyində möhkəm idi. Ərini də sevirdi. Halbuki Sinqx ağır xəstə idi. Onlar dörd il birgə yaşadılar. 1967-ci ildə Sinqx öldü. Svetlana onu dəfn etmək üçün Hindistana getdi. Amma onun sevgi macəraları davam edirdi.

Svetlana beşinci dəfə 1970-ci ildə amerikalı memar Uilyam Piterslə ailə qurdu. Onun Olqa Piters adlı qızı oldu. Sonralar həmin qız Kris Evans kimi tanındı.

1988-ci ildə Svetlana Alliluyeva texaslı Tom Ternerlə yeni ailə qurur. Tom ondan on yaş kiçik idi. Amma evlilikdən bir neçə ay sonra Tom öldü.

İngiltərədəki meksikalı diplomat Raul Ortiz də Svetlananın son ərlərindən biri idi. Yaşı altmışı keçmiş bu adam yüksək təhsil və mədəniyyət sahibi idi.

Bütün bunlardan başqa, müxtəlif mərhələlərdə Svetlana Alliluyeva müxtəlif adamlarla eşq həyatı yaşayıb. Bunlara misal olaraq məşhur tənqidçi və yazıçı Andrey Sinyavskini göstərmək olar. Bu adam Abram Terts imzası ilə də tanınır.

Daha bir tanınmış şəxs, məşhur rus şairi David Samoylov Svetanın sevgililərindən biri idi.

Amerikalı jurnalist Luis Fişer, rus şair və yazıçısı Vladimir Solouxin, jurnalist Dmitri Pisrevski, amerikan iş adamı Ues, redaktor Rozamond Riçardson, Başnell də Svetlana Alliluyevanın sevgililəri olmuşdu.

Dahi rəhbərin qızı 2011-ci ildə Amerikada Viskonsin ştatında vəfat edib.

Stalinin oğlu və Hitlerin bacısı oğlu...

Yeni tarixi əsər üzərində işləyərkən Stalinin oğlu ilə bağlı əksəriyyətinizin bildiyi bir faktı təzədən araşdırmalı oldum.

Yakov Cuqaşvili 1941-ci ilin yay aylarında qanlı Smolensk döyüşlərinin birində əsir düşür. Əsir Yakov Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilir. Almanlar Yakovu Stalinqrad döyüşü zamanı sovet ordusuna əsir düşmüş feldmarşal Fredrik Paulus ilə dəyişdirmək istəyirlər. Mənbələrdə Stalinin bu təklifə müxtəlif cavablar verdiyi göstərilmişdir. Həmin cavablardan ən məşhuru budur: "Bir feldmarşalı leytenanta dəyişmərəm". Digər bir cavab: "Yakov kimi milyonlarla oğlum var. Ya onları da Yakov ilə birlikdə azad edərsiniz, ya da oğlum onlarla eyni taleni yaşamalıdır" - olmuşdur.

Amma mənim diqqətimi vacib bir informasiya cəlb etdi. Hələlik fakt kimi tam təsdiqlənməmiş bir mülahizəyə görə, Adolf Hitler sovet əsirliyində olan bacısı oğlu Leo Raubalı Stalinin oğlu Yakov ilə dəyişdirmək istəmiş, ancaq bu təklif də Stalin tərəfdindən rədd edilmişdir.

Yakov Cuqaşvili Zaksenhauzen həbs düşərgəsində saxlanılan zaman düşərgədən qaçmaq istəyərkən elektrik tellərinə toxunaraq həlak olmuşdur.

P.S. Yakov 1925-ci ildə 18 yaşı olarkən, 16 yaşlı yəhudi qızı Zoya Qunina ilə evlənmişdi. Stalin oğlunun bu nikahına qarşı çıxır. Yakov əsəbiləşib özünü güllə ilə vurur və sağ qalır. Stalin istehza ilə deyir ki, "bu heç düz-əməlli atəş də aça bilmir".

Stalin oğlunu o qədər də sevmirdi. Hətta deyilənə görə, ikinci arvadı Nadejdanı öz oğluna qısqanırdı.

Sonralar Yakov artilleriya akademiyasına daxil olur. 30-cu illərin əvvəllərində Yakov Olqa Pavlovna Qolışeva ilə tanış olur. Qız Moskvaya Urüpinskdən -Stalinqrad oblastından gəlmişdi. Amma onlar az müddətdən sonra ayrıldılar. 10 yanvar 1936-cı il tarixdə onların Yevgeni adlı övladları dünyaya gəldi.

1936-cı ildə Yakov balerina Yuli Meltserlə evləndi. Yakov balerinanın əri Nikolay Bessarabla əlbəyaxa vuruşmuş, nəhayət, öz istəyinə nail olmuşdu. Onların bu nikahdan Qalina adlı qızları doğulmuşdu. Nikolay Bessarab sonradan həbs edilərək öldürüldü.

Leninin sevgilisi... Krupskayanın əri...

Leninlə Krupskayanın ər-arvad olduğunu az qala bütün dünya bilir. Amma az adam bilir ki, Leninin qanuni arvaddan başqa, mülki arvadı, daha doğrusu, sevgilisi də olub. Bu, məşhur inqilabçı İnesa Armand idi.

Lenin (və eləcə də Krupskaya) İnessa Armandla 1909-cu ildə Parisdə tanış olub. Bu tanışlığa qədər İnessanın iki nikahdan beş uşağı vardı. Bildiyimiz kimi, Krupskayanın övladı olmamışdı.

Nadejda öz məşhur ərinin fransalı xanıma bənd olduğunu yaxşı bilirdi. Nə qədər təmkinli olsa da belə, Nadya daxilən iztirab keçirirdi. Hətta bir dəfə boşanmaq qərarına da gəlmişdi. Amma sonralar bu istəkdən daşınmışdı.

Leninlə İnessanın sevgi macərası izsiz ötüb keçməyib. Deyilənə görə, onların Aleksandr (bəzi mənbələrə görə isə Andrey) adlı övladları olub. Bu barədə bir qədər sonra...

İnessa Fyodorovna Armand 1874-cü ildə Parisdə opera müğənnisi Teodor Stefanın ailəsində doğulmuşdu. O, səkkiz yaşında ikən atasını itirir. Ailə çətinliklərə məruz qalır. İnessa 15 yaşında ikən öz bacısı Rene ilə Rusiyada yaşayan xalasıgilə gəlir. Xala məşhur varlı ailənin - Armandların uşaqlarına musiqi dərsi keçirdi. 1893-cü ildə İnessa Armandın oğullarından birinə - Aleksandrla, onun bacısı Rene isə digər qardaşa - Pavellə ailə qurur.

İnessanın birinci nikahdan dörd uşağı - iki oğlu, iki qızı olur. 1902-ci ildə qadın öz ərindən ayrılaraq onun kiçik qardaşı - 18 yaşlı Vladimirə ərə gedir və bu evlilikdən Andrey adlı oğlu olur. O, əvvəlcə Vladimirin təsiri altında rus eserrçilərinin Moskva qrupu ilə tanış olur. 

Bundan sonra İnessa inqilabı fəaliyyətlə məşğul olur. O, tezliklə bolşeviklərə qoşulur. Dediyimiz kimi, Leninlə Armand Parisdə tanış olmuşdular. İnessa Volodyadan dörd yaş kiçik idi. Bildiyimiz kimi, Nadejda isə Volodyadan bir yaş böyük idi. Xanım İnessa fransız fəhlələri arasında partiya təbliğatı aparırdı. O, Leninin əsərlərini fransızcaya tərcümə edirdi.

Armand 1917-ci ilin aprelində Rusiyaya Leninlə eyni vaqonda - bir kupedə gəldi. Leninin yaxın silahdaşı kimi ağır döyüşlərdə iştirak etdi. Xəstəliklərə mübtəla oldu.

Lenin hakimiyyətə gələndən sonra da İnessa Armanda xüsusi qayğı ilə yanaşmışdı. İnqilabdan sonra bu xanım Moskva Xalq Komissarları şurasının sədri seçildi. Armand 1919-20-ci illərdə Rusiya Kommunist (b) Partiyası MK-da qadın şöbəsinə rəhbərlik edib. İnessa 12 oktyabr 1920-ci il tarixdə Nalçikdə vəbaya yoluxub və Beslanda vəfat edib. O, Moskvada Kreml divarları önündə dəfn edilib. Məzarının üzərinə Baş nazirdən - Leninin adından əklil qoyulub.

Yeri gəlmişkən, belə bir rəvayət də gəzir ki, Leninlə Armand ötən əsrin əvvəllərindən tanış olublar və Andrey məhz Vladimir İliçin oğlu olub. Qızıl ordunun kapitanı Andrey Aleksandroviç Armand (1903-1944) müharibədə qəhrəmancasına həlak olub və Vilnüs yaxınlığında - Mariyampolda dəfn olunub.

...Rus tarixini yazanlar son zamanlar belə bir mülahizə ilə də çıxış edirlər ki, Nadejda Krupskaya Vladimir İliçdən əvvəl də ailəlik həyatı yaşayıb.

Gəncliyində Krupskaya yaraşıqlı qız olub. Onun aşiqləri, fanatları az olmayıb. Belə iddia olunur ki, Nadyanın birinci əri Boris Vladimiroviç German olub. O, 1860-cı ildə doğulub. Nadejdadan 9 yaş böyük olub. Eser partiyasının rəhbərlərindən biri kimi tanınıb. Sonralar ər-arvadın yolu ayrılıb və onların nikahı pozulub.

Yeri gəlmişkən, German məşhur eser Fanni Kaplanın yaxın dostu olub. Bu, həmin Kaplandır ki, 1918-ci il avqust ayının 30-da Lenin Moskvada Mixelson zavodunun fəhlələri qarşısında çıxış edərkən tapançadan bir neçə atəş açmış, nəticədə inqilab rəhbərini ağır yaralamışdı.

German haqqında "NKVD"nin keçmiş agenti Kirill Henkin 1984-cü ildə İsraildə nəşr etdirdiyi kitabda ətraflı söhbət açıb. 1984-cü ildə çapdan çıxmış həmin kitabın adı belədir: "Ruslar gəldilər".

Kitabda qeyd olunur ki, İnqilabdan sonra Boris German Argentinaya gedir, ömrünü mühacirətdə başa vurur. German mühacirətdə də dinc durmur, terrora əl atır. Həbs olunur və elə həbsxanada "Sosializmin biologiyası" adlı kitabını yazır. O, deyilənə görə, məhbəsdə vəfat edir.

Tarixin bu cür açılmamış səhifələri də olur...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10