Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyana əvəz tapıldı - Nikolun kürəyinə xəncəri o saplayacaq



Qazaxın işğal altındakı 4 kəndinin qaytarılması haqda razılaşmadan sonra ölkədə baş nazir Nikol Paşinyana qarşı radikal-revanşistlərin və erməni kilsəsinin etirazları davam edir. Hələ ki hakimiyyət situasiyaya nəzarət edir. Ancaq artıq aydındır ki, sülh sənədi imzalanandan sonra vəziyyət daha da qəlizləşəcək. Bu arada İrəvanın sabiq meri, Paşinyanın keçmiş silahdaşı Ayk Marutyan öz tərəfdarları ilə birgə “Yeni qüvvə” partiyasını təsis edib. Dərhal da böyük iddialarla çıxış edib.  

“Mən Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla əməkdaşlıq etməyəcəyəm və onlara qoşulmayacağam”. “Yeni Müsavat” bildirir ki, bunu o, təsis qurultayında jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, adları çəkilən adamlar vaxtilə ölkəni məhv edən sistem qurublar. Sabiq mer onların dəyişməyəcəyinə əmin olduğunu bildirib. “Biz Ermənistana əhəmiyyət vermədiklərini sübut edən qüvvələr və fiqurlarla əməkdaşlıq etməyəcəyik. Bu insanlar Ermənistanın inkişafını istəmirlər. Bunlara hakimiyyətdə olarkən ölkəni yox, öz var-dövlətlərini artırmağı düşünüblər”,- Marutyan söyləyib. Lakin o, Nikol Paşinyan və komandasının da “artıq getmək vaxtının çatdığını” bildirib. Eyni zamanda, Paşinyanın konstitusiyanı dəyişmək istədiyini görə sərt tənqid edib. Halbuki bunsuz Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamaq mümkün olmayacaq. Sülhün alternativi isə müharibədir. O zaman Marutyanın Qarabağ klanından fərqli nə oldu? Ümumiyyətlə, erməni cəmiyyətinin onun ardınca getməsi mümkündürmü? Marutyan kimin projesi - Qərbin, yoxsa Rusiyanın? 

“O, Paşinyanın rəhbəri olduğu ”Vətəndaş Müqaviləsi" partiyasının üzvü idi, sonra sıralarını tərk etdi. Məncə, daha çox “cib müxalifəti”nə oxşayır. Ondan qabaq da keçmiş müdafiə naziri Karapetyan Ümumerməni Cəbhəsi Partiyası yaradıb. O da Paşinyanın təyin etdiyi nazir idi. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verdi, o da partiya qurdu. Yəni hər üç şəxs Paşinyanın silahdaşları olub, sonra ona qarşı çıxıblar. Maraqlısı budur ki, heç biri də “dişli müxalifət” deyil, yəni elektoratı, sosial bazası yoxdur. Fikrimcə, Paşinyan ruspərəst “Qarabağ klanı”nı neytrallaşdırmaq üçün özünün idarə etdiyi siyasi opponentlər formalaşdırıb" - bu sözləri “Yeni Müsavat”a siyasi ekspert Ramiyə Məmmədova bildirib.

Siyasi şərhçinin fikrincə, Ermənistanda iqtidarı devirəcək güc yoxdur, amma narazılıq var. Təhlilçi Paşinyanın reytinqinin aşağı düşdüyünü, müxalifətin isə populyarlığının daha da azaldığını hesab edir: “Erməni xalqı alternativ görmür. Köçəryan kimi qatil, Sərkisyan kimi hərbi canidənsə, pis-yaxşı Nikolu dəstəkləyirlər. Bunun bir səbəbi də ölkədə müəyyən islahatların aparılmasıdır. Marutyan və digərləri isə hakimiyyətin şinelindən çıxan qüvvələrdir, onlara xalqın inamı yoxdur. Bu şəxslər Ermənistanda ciddi nüfuz qazanmayıblar. Yəni mitinqlərə minlərlə adamı çıxarmaq təsirləri yoxdur. Ona görə Paşinyan burada hiylə işlətmiş ola bilər. Onun kontrol etdiyi müxalifətə oxşayır”.

Ekspertin sözlərinə görə, Marutyan kimi müxalif qüvvələrin fəaliyyəti də görünmür: “Aksiyalara çağırmırlar, Paşinyana müqavimət göstərmirlər, cəmiyyət onların sifarişlərinə qoşulmur. Ümumiyyətlə, erməmi cəmiyyəti yorğundur. Xalq böhrandan, məğlubiyyətdən bezib. İnsanlar Paşinyanın ölkəni irəliyə aparacağını hesab edirlər. Görürlər ki, müharibə dayanıb, sərhədlər dəqiqləşir, yəni Nikol iş görür. Onun da deməyə sözü var. Xalqa göstərir ki, biz münaqişəni başa çatdırıb normal sülh içində yaşamağa hazırlaşırıq, daha erməni analarının üstünə tabutlar getməyəcək. O baxımdan xalq heç bir siyasi qüvvəyə ümid etmir. Ən azından indiki hakimiyyət İrəvanda doğulan uşaqların Qarabağda ölməsinə son qoyub. Sözsüz ki, burada səbəblər fərqlidir. Azərbaycan sülhü təmin etmək üçün işğalçı qüvvələri ərazilərindən qovdu, amma Paşinyan da reallığı xalqa qəbul etdirir”. 








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10