Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sən gecələr yat, ay Qurban... - Məhəmməd Tanhudan Yeni Şeirlər



cenub.az gənc şair Məhəmməd Tanhunun şeirlərini təqdim edir.

Keyf məclisindən sonra mujiklər

oturub üç gecə, üç gecə tamam
içərəm, içərəm, yenə içərəm.
içirəm indi şərəfinə, əziz Moskvam
qoy, xanımın qəhvəmi bir az da gec dəmləsin
boşalır qədəhimiz, qəlbim hələ doludur
uğultulu qurğuşun sularına möhür vurur Ayın əksi
bir butulka üzür sularında; içində bükülü kağız
o bizim alın yazımız, o bizim alın yazımız.
uşaqkən ertədən oyadılıb çörək almağa göndəriləndə
sənə əsəbiləşib qarışqalarına allahlıq edirdim bəzən
sağ ayağım boyda qəzəb izim qalırdı torpağında
adamsız olmadı sahillərin, evlərin, binaların,
prospektlərin, küçələrin, dalanların,
qalmadıq sənlə təkbətək
bəlkə, başa düşərdim nifrət qarışıq sevgimi
səsləriylə bir-birinin zəhləsini tökən qağayılarını daşlayırdım
o vaxtlar göz yaşlarıma inanırdın, heybətli şəhərim
Tələsmə, xanımım, qəhvə süzməyə
Mənim şəhərim, torpağın nə qədəri səninsə,
Sənindir səmanın da bir o qədəri.
öləcəyik, bəxtimiz diş ağartsa, torpağında gizlədəcəklər bizi
mənsə, daima həqiqi və diri sevmək istəyərdim səni
Taleyinin baş qəhrəmanı olmayanlar,
vətənin milli qəhrəmanı olmağı arzulayır səndə
Səni Napoleonun qadını kimi görən fransızların acığına
anamız kimi sevdik, daha çox namusumuz oldun
Atının ayaqları altında yıxılan əsgər kimi
günaşırı aşıram xəyallarımdan
Pas tutmuş divarların qurumuş qan qoxuduqca.
İçərəm, içərəm, yenə içərəm.
Şərəfinə, şəninə, Anam Moskvam!
Gözəl Moskvam!
Yalanlar sürətlə çoxalır, doğrular öz yerində əyləşməyə ərinəndə
Axı hərdən dilənçilərini kilsəyə, şairlərini ölümə qovdun
Özündən qaçdıqca Lermontov, özünə gəldikcə Puşkin
Özünü söydükcə Dostoyevski, özünü sevdikcə Yesenin qoydun adını
itsəm bir gün, nağıllarından birində tapılmaq istəyərəm
Sən Lermontova ağa, Lermontov sənə kölə, qul şəhərim
Həyat, taleyimin rus-fransız müharibəsində dikbaşlı Napeleon kimi
Mənim qarangünçü I Aleksandrlığıma əzab-əziyyət verir, xəbərin varmı?
Ey böyük Moskva, quc öz məğrur oğlunu
küknar, cökə, qayın ağacları və ağ akasiyalarına baxdıqca əsnəyirəm
ölümə – son yuxuya tələsirəm, nəm torpağa, soyuğa
Onda ki gecədən qalma qışın ağ yorğanını yırtır günəş
kölgəm özümdən başqa hamıya oxşamağa başlayır.
şeir də bitir, deməli şeir də fanidir, bitməyən təkcə sənə eşqim olacaqdır
əldən düşmüş balıqçının yuxusuna qarışır alın yazımız
Ziqzaqşəkilli ildırımlar çaxır, qayığında yuxudan dik atılır balıqçı
toruna ilişən alın yazımızı ümid yeri kimi qayığına dartır

Ulduzlar və sairə

(Ölü yarpaq fəslinə)
Qaranlıqlar qaçışdı şəhərin üstə
Həvəssiz Ay göründü kiridi şəhər
Gecəyə bulaşdı yollarda nə var
adamlar, ağaclar, qart tısbağalar.
Tısbağalar əzəldən yolçu doğulmuş
Saçı uzun saray xanım, donu uzun daray xanım
Xəbərsizsən “Səma dənizinin balıqları”ndan
Günəş çıxır olursan, dənizlərin mavi mələyi
Qüruba endi döndün, sonetlərin əsmər ledisinə
Möcüzələr ölkəsində az veyillən, Alisa
Getdiyin kimi qayıt xəyal quraq ölənəcən
Tülkü qonaq çağırır evə durnanı
Üçgünlük boyat dovğanı qoyur süfrəyə
Ay işığının ayağı altda qalır qəsəbə
Dığırlanıb dörd yana dünyanı yamsılayan
Aşiq-məşuq kirpilər daha nə istər
Kirpi kirpiklərindən öpülmək istər?
Yusifin quyusunun yosunlarını
Qoxlayıb-qoxlayıb doydu ilbizim
Kimdir axı düşmənin bu ləng dünyada?
Don Kixot ilbizim, fağır ilbizim
Hamsı mifdir, əfsanədir, nağıldır, rəvayətdir
Sən də qaç sorağına qaranlıq gəlir
Qurbağalar əsgər təkin növbələşir sularda
Bir bülbül də gecikdi; oxuyar bek-vokalda
Cənub girəcəyində “Mərkəzi Park”ın
Göldə üzən ördəkləri görmüsünüz?
O göl qışda ördəksiz qaldımı?
Qu quşu yuvasının üstündən uçan
Ördək öcün aldımı?
Səhərəcən yaxasından yapışıb ağacları
TV-yə insansaq, yoracaq Xəzri.
Həyətdəki ağacla qol-boyun olub
Yaxamdan salacam yolunu qarışqaların
Qarışqalara heyvanlığın vicdanı deyəcəm
Kölgəmi yoranacan gəzəcəm küçə boyu
Köynəyimin yaxasında, qollarında qarışqa
Ritmi pozuq addımlardan xoflanacaq köpəklər
Hasarın o tayında növbəylə hürüşəcəklər
İçindəki uşağa özgələşmir böyük itlər

İlbizvari

qapananda ilbiz kimi içinə qapana insan,
yapışıb daşlara, elə daşa dönə ki, utandıra daşları.
insan boyda yaşamağa yer kürəsi bəs etmir
ilbiz olub gedəsən çuxurda yaşlanmağa.
insan kimi olmursa da, ilbiz ömrü yaşayasan.

Rəşid, gülümsə. Zərifə, qizlari qucaqla.

İstəmirsən səni, ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər
Bu mənim günahlarımdır, qadın şəklində düşüb qarabaqara dalımca gəzir!
Ehh, belə gözəl dünyanı dəlixanaya döndərən qadınlardı dana, qadınlar.
Görəsən, monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?
İkinizi də Allah öldürsün, səni də, Hitleri də.
Yaz ki, uşaqlar pilləkəndən yıxılıb ölürlər
Rəşid, gülümsə. Zərifə, qızları qucaqla.
Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular,
bir yağış yağacaq ki, tut ucundan göyə çıx.
Tarix budur e, student qədeş, Süleyman peyğəmbərin öz dəst-xətti ilə yazılıb:
Ağ qızıl, qara qızıl, taxıl zəmiləri, pambıq çölləri, başı qarlı dağlar.
Şəhərin adı Jeneva, gözəlin adı Jeneveva
İngiltərədə pivənin kruşkası iki pennidir, bizim pulla havayı.
Pencəyimiz yox, “зато”, çörəyimiz, yağımız, qəndimiz var.
Sabah Kislovodskidən mənə marojna da alarsan?
İstəyirsən lap texnikuma girim sənin üçün,
sən gecələr yat, ay Qurban
Bir mən qalmışam, bir də daş hasar.
Rəşid, gülümsə. Zərifə, qızları qucaqla.
Çal, aşıq, çal, komsomolun canı it canı imiş
Bilirsiz bu kimdi? Julikdi.. O sizi aldadıb, siz də ona inanırsız..
Amma inan mənə, Zaur, heç kimlə bu cür olmayacaq.
Bu xalat sizi gələcəyə yalnız bir dəfə apara bilər
Atamın yadigarıdır, axı.
Doymadın küçəyə baxmaqdan! Gəl qapını aç, şahənşahın təşrif buyurub
Dərd də azar kimi gələndə batmanla gəlir
Rəşid, gülümsə. Zərifə, qızları qucaqla.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10