Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qəzet köşkündə yaşayan rus qadın||--||



O, qəzet satır – səyyar. Qəzet almaq adıyla yaxınlaşdım və bir taleni vərəqlədim: alıcısı çox az tapılan bir bazarda qəzet satmaq və elə qəzet köşkündə də gecələmək... Daha doğrusu, yaşamaq. Lyudmila xanımın bütün həyatı bundan ibarətdir.


“Bura mənim vətəmindir”




- Soboleva Lyudmila Aleksandrovna. 1962-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Əvvəllər Lənkəranda mühasib işləyirdim. 1988-ci ilə kimi orda işlədim. Sonra Cəlilabada qayıtdım. Evdə xəstə nənəmə baxırdım, anam da işləyirdi. Heydər Əliyev prospektində evimiz var idi. Anamgil qardaşımla bərabər nənəm öldükdən sonra evimizi satıb Rusiyanın Stavropol şəhərinə köçdülər. Mən getmədim. Bilirəm ki, ora getsəm, yaşaya bilməyəcəm. Atam, xalam, nənəm və bir çox qohumlarım burda dəfn olunub. Qəbiristanlığa gedirəm, qəbirlərini ziyarət edirəm. Anam da Stavropola köçdükdən sonra darıxır. Çünki burda doğulub böyüdüyümdən, başqa bir yerdə qalmaq istəmirəm. Azərbaycan mənim vətənimdi. Çox sağ olsunlar, burda hamı mənə hörmət eləyir.


“Oğlan dedi, gəl qaçırdım səni”


- İlk məhəbbətimə qovuşmadım. 21 yaşım var idi. Lənkəranda işləyəndə bir hüquqşünas oğlan sevirdi məni. Doğrusu, mənim də könlüm var idi. Gəlib evimizdə valideynlərimlə məsləhətləşdim. Valideynlərim dedi ki, sən ona ərə getsən, gərək İslam dinini qəbul edəsən, namaz qılasan. Oğlana dedim olanları, o da dedi ki, mən səni belə də qəbul edirəm. Bu o demək deyil ki, sən bizim dinə keçəsən. Dedi ki, gəl qaçırdım səni, birlikdə yaşayaq. Mən isə razı olmadım. Dedim ki, valideynlərim icazə vermir. Ondan sonra ailə qura bilmədim.


“Baş həkim deyir ki, bura xəstəxanadı, yaşayış yeri deyil”


- Anamgil köçüb getdikdən sonra evsiz qaldım. Rayon İcra Hakimiyyətinə müraciət etdim. Onlar da mənə Göz Xəstəxanasında bir otaq verdilər. Ötən ilə kimi orada yaşayırdım. Xəstəxananı təzə binaya köçürdükdən sonra mən də çıxmalı oldum. Baş həkim deyir ki, bura xəstəxanadı, yaşayış yeri deyil.


“Pulumu istədim, gəlib pəncərəmi daşa basdı”


- 113 manat təqaüd alıram. 1 saylı məktəbdə bir müəllim var. Məni aldadaraq təqaüd kartımı aldı və səkkiz ay təqaüdümü mənimsədi. Gedib pulumu istədim, həyat yoldaşı dedi ki, evdə yoxdu. Amma səhərisi gün gəlib məni təhqir elədi, pəncərəmi daşa basdı. Hər dəfə gedib pulumu istəyirəm, üstümə qışqırır, deyir ki, verəcəm də pulunu, nə olub axı!


“Məni sakinlər dolandırır”


- Dörd ildi qəzet köşkündə işləyirəm. Bir ildi işlədiyim bu köşkdə də yaşayıram. Sakinlər yatmağım üçün çarpayı da veriblər. Gündəlik yeməyə kim nə bişirir, mənə də verirlər. Sağ olsunlar, onların sayəsində yaşayıram. Hərdən özüm də pulum olanda ərzaq alıb, xörək bişirirəm.


“Bir də nisyə qəzet satmayacam”


- Görürəm ki, köşkə gələn yoxdu, çıxıb özüm satıram qəzetləri. Həftənin ikinci və beşinci günləri qəzet satışı yaxşı olur. Çünki həmin günlər “Bukmeker” qəzeti gəlir. Bir çoxları hesab yazdıqlarına görə satış yaxşı olur. Qalan günlər isə satış zəifləyir. Əsasən də internetin olması çoxlarını qəzetdən uzaqlaşdırıb. Bir çoxları da ki, bu günə kimi məndən aldıqları qəzetin pulunu ödəmirlər. Ünvanlarını da bilmirəm. Bir qəzet nədir ki, onu da nisyə alırsınız? Ayda 20-25 manat qəzetdən pul qazanıram. Çünki bir çox müştəri imkansız olduğumu bilib, pulun qalığını almır.


“Xahiş edirəm mənə kömək edin!”


- Burda hər şey yaxşıdı. Dolanışığım da pis deyil. Amma evsizlik çox çətindi. Mənə bir otaq versinlər, qalan ömrümü orada sürüm. Bu boyda rayonda bir yer yoxdumu ki, məni yerləşdirsinlər? Axı mən də insanam. Adam kimi yaşamaq istəyirəm. Havalar soyuyub, donuram burda. Burda o qədər boş evlər var ki! Mənim onsuz da heç kimim yoxdu. Öləndə heç olmasa, bir yerim olsun. Vaxtı-vaxtında çimə bilmirəm. Bir rəfiqəm var. Həyat yoldaşı daş karxanasında işləyir. Əri evdə olmayanda küçələrdən taxta qırıntıları toplayıb gedib onlarda çimirəm.


Vasif Əlihüseyn

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10