Mirmehdi Ağaoğlu, mənim əziz dostum kitab oxuyanların, ömrünü kitaba, elmə fəda edənlərin hansı güzəran yiyəsi olduğunu məndən də yaxşı bilir.
Məncə, belə situasiyada istedadlı bir aktyorun kitab oxumağa vaxt tapa bilməməsini (məlum səbəblərdən) qabartmaq problemlərin həllinə kömək etməyəcək. “Ey aktyorlar, çoxlu kitab oxuyun!” deməklə işlər düzələsi deyil. Qonşu ölkələrin kinosu və teatrı ilə müqayisələr aparmaq da yersizdir. Qonşu ölkələrdə kinoya ciddi yatırımlar qoyulur, rejissor da, ssenarist də, aktyor da sırf görəcəyi işə fokuslanır, daha “kreditin vaxtı çatır, neyləyəcəm, kirayə pulunu hardan tapım” deyə düşünmür, səhnəyə çıxmaq əvəzinə pablarda, restoranlarda müğənnnilik etmək, şadlıq evlərində tamadalıq etmək məcburiyyətində qalmır.
Yeri gəlmişkən, bir aktyor dostum var, neçə-neçə filmdə yaddaqalan obrazlar yaradıb. Çantasında həmişə kitab olur, onun mütaliəsi məni həmişə heyrətləndirir. Onunla söhbətdən zövq alıram. O, indi filmlərə çəkilmək, səhnədə obrazlar yaratmaq əvəzinə gündəlik restoranlarda müğənnilik etmək məcburiyyətindədir. Günorta Folkneri oxuyub, axşam bayağı mahnılarla kütləni əyləndirməyin faciəsi heç bir sözə, izaha gəlmir. Baxın, aktyor belə məhv olur!