“Dilimin ucundadır”, "şey", "zad", "nədir onun adı"...
İnsanlarla ünsiyyətdə xoşagəlməz anlardan biri lazımi sözü yada sala bilməməkdir. Həmin an böyük bir gərginlik, tərləmə yaşayırıq. Bu vaxt “lap dilimin ucundadır” ifadəsi köməyimizə çatır. Daha sonra, vəziyyətdən çıxmaq üçün, "şey", "zad", "nədir onun adı", "zəhrimara qalsın" kimi kəlmələrlə, necə deyərlər, vaxtı ötüşdürürük.
Unutqanlıq son dövrlər daha çox yayılsa da, ilk dəfə “lete” unutmaq sözünü psixoloq Carl Jung 20-ci əsrdə işlədib. Hətta elmi adı da var: "letologika". Yunan dilində "lete" unutmaq, "loqos" isə söz deməkdir.
Son illər gənc və orta nəsil az qala dünən etdiyi işi, yediyi yeməyi belə unudacaq dərəcədə yaddaş zəifliyindən şikayətlənir. Hələ koronavirus pandemiyasından sonra bu şikayətlərin sayı daha da artıb. Bəziləri unutqanlığını pandemiyanın yan təsirləri ilə əlaqələndirir.
Biz niyə unutqan olmuşuq? Nəyə görə yaşadığımız şeylər yaddaşımızdan silinir? Bunların səbəbləri nələrdir?
Lent.az unutqanlığın niyə yarandığını, beyninizdə nə baş verdiyini və çıxış yollarını araşdırıb.
İnsanın yaddaşı 4 əsas saxlanc sistemindən ibarətdir:
- İşçi – operativ hissə - burda sizə indi, bu dəqiqə lazım olacaq və saniyələr ərzində yadda saxlanılacaq informasiya yığılır. Məsələn, telefon nömrəsini və ya kodu tez yadda saxlayıb, 1-2 dəqiqə ərzində istifadə edirsiz. Sonra unudula bilər.
- Epizodik yaddaş – bir neçə dəqiqə bundan əvvəl baş vermiş və ya 20 il əvvəl baş vermiş epizodik hadisələri saxlayır. Beyində hippokamp deyilən hissə bu yaddaşa cavabdehdir.
- Semantik yaddaş – insanın dünya, özü, ətrafda baş verənlər barədə qavradığı özünəməxsus bilgilər toplusudur. Sözlər, fikirlər, şeirlər, onların mənaları, obyektlərin adları, oxuduğu kitablar.
- Prosedur yaddaş – nəyisə bacarmaq qabiliyyətlər yaddaşı. İnsan bir dəfə velosipeddə sürməyi öyrənir, edir, bu o hissədə yazılır. Buna bədən yaddaşı da deyilir.
Dünən səhər yeməyinə nə yemisiniz? Keçən həftə hansı geyimdə idiniz?
Hə, ilk oxuyanda bir anlıq insan durub düşünür. Bir çoxumuz isə cavabı tapa bilmirik. Yəni, unutmuşuq...
Unutmaq nə deməkdir?
Burda hansısa informasiyanın beynin həmin saxlanc arxivindən həmişəlik pozulması demək deyil. Bu artıq amneziya sayılır. Unutqanlıq sənin orda qalan informasiyanı lazım olan anda ordan çıxarmaqda, tapmaqda çətinlik çəkməndir.
Dilinin ucunda dolaşan sözü, tarixi, adı semantik yaddaş saxlancından tapıb çıxara bilmirsən. Beyni zədələnməyən sağlam insanın nəyisə unutması, dilinin ucunda olması, dəstək olarsa xatırlaması bəzən normal olur.
Saytımıza açıqlama verən fitoterapevt Elnur Rəhimov müasir dövrdə əziyyət çəkdiyimiz unutqanlığı diqqət əskikliyi sindromu fonunda baş verdiyini deyib:
“Günümüzdə yaddaşın zəifləməsinə daha çox uşaqlarda, yeniyetmələrdə rastlaşırıq. Bu, təkcə yaddaş zəifliyi deyil, diqqət əskikliyi sindromu fonunda baş verir. Məsələn, gün ərzində əldə edəcəyimiz informasiyaları sürətli şəkildə baxaraq keçirik. Və bir gün boyunca çoxlu sayda sürətli və qısa məlumatlar üzərindən keçdiyimiz üçün daha sonra hər hansı bir mövzuda fikir yönləndirməmiz daha çətin olur. Çünki beynin tutumuna uyğun hərəkət etmirik.
Bəzi insanlarda bununla yanaşı digər xəstəliklər də ola bilər. Qan azlığı (anemiya), beyin qan dövranı pozulması, zehni gücsüzlük də yaddaş pozğunluğuna gətirib çıxarma ehtimalı var”.
Bəs, yaddaş pozğunluğunun qarşısını necə ala bilərik?
E.Rəhimovun sözlərinə görə, əsas məsələ yuxu rejimidir:
“Yaddaşı yaxşılaşdırmaq üçün arı məhsulları, ağ küncüt toxumu və ya yağından istifadə etmək tövsiyə olunur. Həmçinin, günlük yuxu rejimimizə daha düzgün əməl etməliyik. Məsələn, yetkin fərdlər üçün axşam saat 11-12 arası, uşaqlar üçün isə 9 radələrində yuxuya başlanılması uyğun bilinir. Çünki bu zamanda beynimiz gün ərzində qəbul etdiyi informasiyaları öz dolabına yerləşdirməyə başlayır. Lakin bu saatlarda oyaq qalıb, daha çox informasiya qəbul etsək, beynimizi zərərlə dolduraraq yaddaşımızı itirə bilirik.
Yaddaşı yaxşılaşdıracaq yağlardan biri tüklü ada çayı bitkisindən alınmış yağdır. Onu gicgah nahiyəsinə sürtərək masaj edə bilərlər”.
Hansı yaddaş texnikalarından istifadə etməliyik?
“Günlük qidalara diqqət yetirərək, bəzi yaddaş texnikaları edə bilərik. Məsələn, çox da robotik olaraq hərəkət etməyin. Hər zaman sağ əllə dişinizi yuyursanızsa, bu dəfə dəyişin sol əllə yuyun. Həmişə getdiyiniz ünvana yolu dəyişərək gedin. Açıq havada hərəkət etməyə üstünlük verin. Kitab oxumaq, yüngül idman hərəkətləri etmək tövsiyə olunur”.
COVİD-19 pandemiyası yaddaş pozğunluğuna yol aça bilər?
Fitoterapevtin koronavirusun dolayı yolla yaddaş pozğunluğu yarada biləcəyini vurğulayıb:
“Tam təsdiqlənməyib, amma davamlı kəskin virus xəstəlikləri beyin parenximasını zədələyir. Birbaşa yox, dolayı yolla koronavirus da yaddaş pozğunluğuna gətirib çıxarır”.
Alimlər deyirlər ki, bizim beynimiz kompüter kimi “naqillənməyib”. Kompüterdə bütün informasiyalar səliqəli şəkildə anbarlanıb və istənilən anda bircə düymə ilə çıxarıla bilər.
İnsan düşüncəsi öz təbiəti etibarilə assosiativdir. Yəni biz sözləri ayrılıqda yox, qruplarla yadda saxlayırıq. Məsələn, stüardessa, təyyarə, qanad, hava limanı kimi sözləri biz “küll halında” yaddaşımıza vururuq. Əgər hər hansı bir sözü heç cür yada sala bilmiriksə, bu o deməkdir ki, beynimizdə həmin sözlə əlaqədar assosiasiyalar yarada bilməmişik.
İstifadə edəcəyimiz sözün “izini” tapa bilmirik. Hərçənd bilirik ki, axtardığımız söz haradasa beynimizin dərin qatlarında mövcuddur.
Unutqanlığın psixoloji istiqaməti barədə Lent.az-a danışan psixoloq Fidan Nizamovaqeyd edib ki, orqanizmdə fizioloji və bioloji olaraq dəyişiklik baş verdiyinə görə virusa yoluxmuş şəxslərdə unutqanlılıq ola bilər:
“Unutqanlıq və yaddaşın pozulması bir az fərqli anlayışlardır. İnsanlar buna müşayiət etməyi bacarmalıdırlar. Çünki unutqanlıq yorğunluqla əlaqəli ola bilər. Eyni zamanda, son dönəmlər bir çox şəxs yaddaş pozğunluğunu koronavirusla əlaqələndirir. Çünki orqanizmdə fizioloji və bioloji olaraq dəyişiklik baş verdiyinə görə unutqanlıq olur. Yaddaşın korlanması və pozğunluğa doğru getməsi başqa bir diaqnozdur”.
Psixoloqun fikrincə, müasir dövrdə yaddaş problemlərinin əsas səbəbi insanların gün ərzində çox düşünməsi ilə bağlıdır:
“Vəziyyətdən asılı olaraq unutqanlığın müxtəlif səbəbləri var. Bəzən insanların çox yüklənməsi, gün ərzində əlavə düşüncələri, giperaktivliyə məcbur olmaları, diqqəti bir yerə fokuslaya bilməmələri ucbatından bu hallarda baş verir.
Bütün bunlarla yanaşı, dünyada hər şey digital səviyyəyə keçdiyi, sürətli, tez baş verdiyi üçün diqqəti bir yerə fokuslaya bilmirsən. Bu cizgi filmlərdə, kinolarda, gündəlik həyatda da belədir. Heç nə stabil deyil, hər şey çox dəyişir. Ona görə bir şeyin üzərində insan fikrini çox tuta bilmir. Ona adaptasiya olmağa çalışan beyin də hər informasiyanı qısamüddətli yaddaşa verir. Amma bu hər kəsə aid deyil, ümumi məsələdir”.
Psixoloq Aytən Ələkbərova unutqanlıqda informativ stressi günahlandırır:
“İnsanların informasiyası çox olduqda özlərinin xəbəri olmadan informativ stressə düşürlər. Stress sözü gələndə elə bilirlər ki, bu hər hansısa bir xəstəlik kimi görsənir. Amma bu belə deyil. Məhz insanların unutqan olmasının səbəblərindən biri, informativ stressdir. İnformasiyanın çoxluğundan insan yaşadığı nüansları xatırlaya bilmir.
Digər unutqanlıq isə obsessiv kompulsiv pozuntudan irəli gəlir. Bu birbaşa nevroloq, psixoloq və ağırlaşma zamanı psixiatrın müayinəsi ilə müalicə olunur. Amma ümumi insanlar arasında yayılmış bu unutqanlıq informasiyanın çoxluğundan irəli gəlir. Ötəri informasiyalar o qədər yayılıb ki, lazımı anları da onlarla birgə unuduruq”.
Məlumata görə, qədim yunan mifologiyasında “Leto” yeraltı dünyanın 5 çayından birinin adıdır. Əfsanəyə görə, bu çayın suyundan içən ölülər bu dünyadakı hər şeyi unudurlar.
Pedaqoq Mark Gvyne zarafatla yazır ki, bəlkə bizim də Leto çayından içməyimizdə fayda olardı. Bütün lazımsız informasiyaları silib təmizləyər, beynimizi yalnız lazım olanlarla doldurardıq.