YAYIM TARİXİ : 18 aprel 2024 18:48
Cəlilabad rayon Muğan kənd sakini, şəhid dayısı Ağayev Tərlan Abasqulu oğlu redaksiyamıza şikayəti zamanı Cəlilabad rayon icra başçısının Muğan inzibati dairəsi üzrə nümayəndəsi Rövşən Həsənov tərəfindən məhkəməyə verildiyini bildirib.
T.Ağayev icra nümayəndəsi ilə aralarında yaranan mübahisənin necə baş verdiyini belə nəql edib:
“Prezident seçkisi öncəsi Cəlilabad rayon İcra Hakimiyyətində iclas keçirilirdi. Mən də bir vətəndaş kimi özümə borc bildim ki, bu tədbirdə iştirak edim və Muğan kəndinin mərkəzi küçəsi şəhid bacım oğlu Hüseynzadə Ramazanın adına verildiyinə görə icra başçısına öz təşəkkürümü bildirim. Lakin icra başçısı zala daxil olmamış Rövşən Həsənov qolumdan tutaraq məni ordan məcbur çıxardı”.
T.Ağayevin sözlərinə görə növbəti gün onların mübahisəsi icra nümayəndəliyinin binasında baş verib:
“Bir gün sonra R.Həsənovun iş yerinə gedib etdiyi bu kobud davranışına görə ona iradımı bildirdim və orda da məni çiynimdən itələyib otağından çıxardı. Sonra da mənim haqda Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə şikayət etdi. Bundan sonra mən də icra nümayəndəsinin və yaxınlarının qanunsuz əməlləriylə bağlı rəsmi qaydada ölkə başçısına və digər aidiyyatı qurumlara şikayət etdim”.
Şikayətçi icra nümayəndəsinin onu məhkəməyə verməklə susdurmaq istədiyini bildirib:
“Bir müddət sonra mənimlə görüşən R.Həsənov bildirdi ki, haqqımda dövlət qurumlarına məktub yazaraq şərəf və ləyaqətimi alçaltmısan. Mən toxunulmaz adamam və səni buna görə məhkəməyə verib nəfəsini kəsəcəm.
Bundan sonra o, məni Cəlilabad rayon Məhkəməsinə verib və iddia edir ki, onun şərəf və ləyaqətini alçaltmışam. Buna görə R.Həsənov məndən 5 min manat təzminat tələb edir. Aprelin 22-də məhkəmə prosesimiz olacaq”.
T.Ağayev bu günlər ərzində keçirdiyi stressə görə ürəyində ciddi problem yarandığını deyib:
“İcra nümayəndəsinin mənə yaşatdığı stress və əsəb nəticəsində səhhətimdə ciddi problemlər yaranıb və hazırda müalicə olunuram. Ürəyimdə yaranan ciddi problemlə görə infarkt həddindəyəm”-deyə Ağayev bildirib.
Qeyd edək ki, Tərlan Ağayevin bacısı oğlu Hüseynzadə Ramazan Həmdulla oğlu 2023-cü ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Ordusu tərəfindən aparılan antiterror əməliyyatı zamanı Xocalı rayonunun Dəhrəz kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib. Şəhid Ramazan Hüseynzadənin qardaşı Eldəniz Hüseynzadə də Vətən müharibəsi iştirakçısıdır. O, da göstərdiyi xidmətlərə görə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarıyla təltif edilib. Əmisi isə birinci Qarabağ savaşı zamanı itkin düşüb və ona şəhidlik statusu verilib.
Redaksiyadan: Ümid edirik ki, şəhid ailələri ilə tez-tez görüşən Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov nümayəndəsi ilə şəhid dayısının arasında yaranan problemi yoluna qoyacaq. Çünki bu cür hallar rayon adına müsbət göstərici deyil.