Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Batmış şəhərin əsrarəngiz “oliqarx”ı, əzablar içində ölən qullar, külə dönmüş tarix



news content

Pompeydə qazıntılar aparan arxeoloqlar heyrətamiz incəsənət əsərləri aşkar ediblər. Şəhər eramızın 79-cu ilində Vezuvinin püskürməsi nəticəsində vulkanik kül altında qalıb. 

Arxeoloqların sözlərinə görə, aşkarlanan freskalar nə zamansa buradan tapılanların ən gözəllərindəndir. 

Banket zalının hündür divarlarında yunan mifologiyasının personajları, o cümlədən Gözəl Yelena təsvir olunub. 

Otağın, demək olar, tamamilə salamat qalmış mozaik döşəməsi milyondan çox ağ tikələrdən döşənib. 

Qədim şəhərin təxminən üçdə bir hissəsi vulkanik parçalardan və küldən hələ təmizlənməlidir. İndiki qazıntılar son onilliklər boyu ən böyük miqyaslısıdır. Onlar Pompeyin Roma imperiyasının və burada yaşayan insanların mədəniyyəti barədə əsas bilik mənbəyi statusunu bir daha təsdiqləyir. 

Pompey Arxeoloji parkının (UNESCO-nun Dünya mirası obyekti) direktoru Qabriel Suxtrigel “qaranlıq otaq”la tanış olmaq üçün BBC-yə eksklüziv fürsət yaradıb. 

Divarlar, ola bilər, günəş batandan sonra banket zalını işqlandırmaq üçün  yandırılan şamların hisini gizlətmək üçün qara rənglənib. 

“Onların titrəyən işığında şəkillər yəqin ki, az qala canlı kimi görünürdülər”, - Suxtrigel deyir. 

Otağın əsas bəzəyi iki böyük freska olub.

Onlardan birində Apollon Troya şahzadəsi Kassandranın iltifatını qazanmağa çalışır. Tanrı ona əvvəlcə peyğəmbərlik istedadı verdi, amma şahzadə qarşılıq göstərməyəndən sonra elə etdi ki, onun dediyi sözlərə kimsə inanmadı. 

Paris Gözəl Yelenanı oğurlayandan sonra Kassandra Troyanın məhvini öncədən gördü, amma xəbərdarlıqlarına kimsə qulaq asmadı və nəticədə Troya müharibəsi başladı. Otaqdakı ikinci freskanın süjeti elə Yelenanın oğurlanmasıdır. 

Banket zalı bir il əvvəl başlanan qazıntılar zamanı təmizlənən son otaqdır. 

O, “9-cu region” deyilən yerdə tapılıb. Bu, təxminən 2000 il əvvəl tamamilə Vezuvinin külü altında qalan yaşayış və ticarət məhəlləsidir. 

Arxeoloqlar yeni tapıntıları qorumaq üçün sürətli davranmalı olurlar. Tapılan məişət əşyaları və sənət nümunələri anbara yığılır, freskalara divardan qopmamaları üçün xüsusi yapışqan çəkilir, kərpic hörgülər taxtabəndlə möhkəmləndirilir. 

Tamamilə uçulmuş damların yerinə müvəqqəti örtük düzülür. 

Qazıntıların baş bərpaçısı doktor Roberta Priska yenicə təmizlənmiş tağın uçmamasına bütün günü nəzarət etdi. 

Nəhəng məsuliyyətdir! Bir baxın, mən nəyə dönmüşəm”, - deyən xanım yaşadığı stressin xarici görünüşünə təsir etdiyinə eyham vurur. 

Amma işimizə coşğu və böyük məhəbbətlə yanaşırıq. Aşkar etdiyimiz və sonrakı dağıntıdan qoruduğumuz şeylər təkcə bizə deyil, bizi əvəz edəcək nəsillərə də sevinc bəxş edəcək”, - Roberta əlavə edir. 

Arxeoloqlar “9-cu region”un nədən ibarət olduğunu hələ də qətiyyətlə deyə bilmirlər. XIX əsrin sonlarında aparılan qazıntılar burada camaşırxana aşkar edib. İndiki qazıntılar zamanı isə çörəkxana və şübhəsiz, zəngin birinin iqamətgahı tapılıb ki, möhtəşəm “qaranlıq otaq” da ona aiddir.  

Alimlər əmindirlər ki, camaşırxana, çörəkxana və iqamətgah ümumi su təchizatına malik vahid kompleks olub. Onlar keçidlər vasitəsilə bir-birlərinə birləşirdilər və çox güman, bir nəfərə məxsus olublar. 

Tez-tez rast gəlinən “ARV” inisialı da buna işarə edir. Bu hərflərə divarlarda, hətta çörəkxanada tapılan dəyirman daşlarının üzərində rast gəlmək olur. 

Pompey parkının arxeoloqu, doktor Sofi Hey “ARV” inisiallarının Avl Rasti Verə (Aulus Rustius Verus) mənsub olduğunu deyir: “Biz daha əvvəl də onun siyasi təbliğatı ilə bağlı yazılar tapmışdıq. Siyasətçi və çox zəngin olduğunu bilirik. Çörəkxananın və camaşırxananın arxasında yerləşən dəbdəbəli evin də sahibi yəqin ki, odur”. 

Püskürmə zamanı hər üç obyektdə müəyyən təmir işlərinin aparılması faktı da şübhə doğurmur. Xilas olmağa çalışan fəhlələr səliqə ilə düzülmüş kirəmiti, əhəng qarışığı ilə dolu küpələri, malakeş və külüngləri atıblar. Alətlərin taxta dəstəkləri isə çoxdan yox olub. 

Doktor Liya Trapani qazıntılar zamanı tapılan bütün əşyaları diqqətlə kataloqa daxil edir. O, artefaktlarla dolu minlərlə qutudan birinə əlini uzadır və oradan firuzəyi konus çıxarır. 

Bu, ağırlıq üçün qurğuşun daşdır”, - izah edir. Romalı inşaatçılar eynilə indiki həmkarları kimi bundan divarın şaquliliyini tarazlaşdırmaq üçün istifadə edirdilər. 

Əgər fikir versəniz, onun üzərində hələ də ip olduğunu görərsiniz”, - doktor Trapani barmaqları arasında sıxdığı konusa diqqətlə baxaraq söyləyir. 

Qazıntıların daha bir rəhbəri, doktor Alessandro Russo bizə otaqların birində tapılmış tavan freskasını göstərməyi qərara alır. Tavan püskürmə zamanı çöküb, indi onun bərpa edilmiş parçaları böyük stolun üzərində pazl kimi düzülüb. 

Allessandro onların üzərinə su püskürdür, bundan sonra detallar daha aydın, rənglər daha parlaq olur. Dağınıq parçalarda Misir heroqlifləri, xörəklər, çiçəklər və bir neçə teatr maskalarından ibarət mənzərə ortaya çıxır.  

Bu, qazıntılarda mənim ən sevdiyim tapıntıdır, - Russo deyir. - Çünki bu nadir freska müstəsna keyfiyyətə malikdir, şübhəsiz, yüksək sosial statusa malik adam üçün hazırlanıb”.

Zəngin malikanənin divar və tavanlarındakı freskalar Roma həyatının zərif tərəfini göstərirsə, çörəkxana Roma gerçəkliyinin əks tərəfini ortaya qoyur: quldarlığı. 

Çörəkxananın fəhlələri dəhşətli şəraitdə yaşayıb işləyirdilər: dəyirman daşını fırladan eşşəklərlə yanbayan yatırdılar, bircə pəncərəsi olan otaqda işləyirdilər; o pəncərə də qaçışa imkan verməmək üçün barmaqlıqla örtülmüşdü. 

Çörəkxanada skeletlər tapılıb ki, “9-cu region”da aşkar edilən yeganə insan qalıqlarıdır. İki böyük və bir uşaq dağıntılar altında qalıb. Arxeoloqlar hesab edirlər ki, onlar püskürmədən qaçıb xilas ola bilməyən qullar olublar. Amma bu, yalnız ehtimaldır. 

Qazıntılar zamanı məhz nə tapdığımızı anlamağa çalışırıq. Təsəvvür edin, bizdə teatr səhnəsi var. Dekorasiyaları, fonu görürük və günahkarı da bilirik: burada o, Vezuvidir. Amma arxeoloq boşluqları doldurmağı bacarmalıdır: yoxa çıxan aktyorların, onların ailələrinin və uşaqlarının əhvalatını danışmalıdır”, - layihənin aparıcı arxeoloqlarından biri olan Cennaro İovino deyir. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: BBC






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10