Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qadınları əxlaqsız adlandıran taksi sürücüsünü öldürdülər - ŞOK TƏFƏRRÜATLAR



Qadınları əxlaqsız adlandıran taksi sürücüsünü öldürdülər - ŞOK TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ

Qısa arayış...

2019-cu il iyunun 5-də Sumqayıt şəhəri 12-ci mikrorayon adlanan ərazidə, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Xanə” restoranın qarşısında bıçaqlanma hadisəsi olur. Yaralı 1978-ci il təvəllüdlü Tahir Babayev Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılır. Lakin o, yolda ölür.

Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə tibbi ekspertinin iştirakı ilə meyitə və hadisə yerinə baxış keçiriblər. Ərazidən cinayət işi üzrə maddi sübutlar götürülüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həmin gün 1-ci Polis Bölməsinə təslim olan Qubadlı rayon sakini 1981-ci il təvəllüdlü Qədir Səfərov restoranın qarşısında Tahir Babayevi öldürdüyünü etiraf edib. Lakin istintaqın gedişatında onun yalan danışması və cinayəti tanışı, Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Turan Hüseynovun əvəzinə boyununa alması məlum olub. Səfərov yalnız xuliqanlıq əməlinə görə saxlanılıb. Hadisədən sonra Türkiyənin İstanbul şəhərində gizlənən Turan Hüseynov iyulun 5-də, Turan Dadaşlı sentyabrın 3-də, Elşad Dadaşov isə sentyabrın 26-da təyyarə ilə Bakıya gələrək, polisə təslim olublar. İş üzrə zərərçəkmiş kimi tanınan Rüstəm Sadıqov avqustun 10-da, yəni hadisədən 2 ay sonra “qaraciyər serrozu” xəstəliyindən vəfat edib.


Məlumata görə, təqsirləndirilən Qədir Səfərəov əvvəllər 3, Elşad Dadaşov 2,  mərhum Tahir Babayev 2 və zərərçəkmiş Rüstəm Sadıqov 8 dəfə məhkum olunublar.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 5-i gecə saat 1 radələrində restoranın qarşısında Tahir Babayev və Turan Hüseynov üzərlərindəki bıçaqlarla bir-birinə zərbələr vurublar. Tahir sol qolundan xəsarət alan Turana təpik ataraq, əlindəki bıçağı yerə salıb. Buna baxmayaraq, Hüseynov cibindən ikinci kəsici aləti çıxararaq Babayevin bədənin müxtəlif nahiyələrinə ümumilikdə 14 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.

İş üzrə dindirilmiş Qədir Səfərov bildirib ki, 2000-ci ilin noyabr ayında qəsdən adam öldürmə ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum olunub. 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Elşad Dadaşovla tanış olub:

“Azadlığa çıxandan sonra onunla münasibətimi saxladım. Ustalıqla məşğul olan qardaşım Məzahir iyunun 4-də Tahir Babayevin idarə etdiyi avtomobilə əyləşib və lazım olan ünvana çatıb. Düşəndə mobil telefonunu maşında unudub. Anam İlhamə Məmmədova həmin nömrəyə zəng edəndə Tahir cavab verib, Məzahirin telefonunun onun avtomobilində qaldığını və yarım saatdan sonra onu sahibinə qaytaracağını bildirib. Buna görə, anam mənə zəng edib, qardaşımın telefonuna cavab verən şəxsin onunla kobud danışdığını dedi. Bundan sonra özüm Məzahirin nömrəsinə zəng edib, Tahirdən telefonu Məzahirə çatdırmamasının və anama kobud cavab verməsinin səbəbini soruşdum. Tahir telefonu yarım saata qaytaracağına söz versə də, vədinə əməl etmədi. Yarım saatdan sonra təkrar zəng vuranda, həmin şəxsə “əşya bazarı”nın qarsışında görüşməyi təklif etdim. Tahirlə tək görüşməyə ehtiyat etdiyimdən, söhbətə gedəcəyimi tanışım Turan Hüseynova danışdım. Saat 23 radələrində anamın dayısı oğlu Azərlə görüşə yollandım. Tahirin yanında əvvəlcədən tanıdığım və birlikdə 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rüstəm adlı şəxs də vardı. Tahir qərəzli danışırdı, söhbət əsnasında “Sumqayıtda yaşayan qadınların” ünvanına nalayıq ifadə işlətdi. Məsələni sülh yolu ilə həllə etməkdən ötrü ona restorana gedib, çay içməyi təklif etdim. Mən, Tahir, Rüstəm və Azər ora yollandıq. Restorana yalnız Turan Hüseynovu dəvət etdim. Onunla birlikdə Elşad Dadaşov və əmisi oğlu Turan Dadaşlı da gəldilər.

Qədir Səfərov

Bir müddətdən sonra ora qardaşım Məzahir və onun tanışı Fehruz da gələrək, masamızda əyləşdilər. Yanımda oturan dost-tanışlarıma Таhiri göstərib söylədim ki, həmin şəxs şəhər qadınlarının barəsində nalayiq ifadələr işlədib. Turan bunun həqiqət olub-olmadığını soruşanda, Tahir eyni sözləri bir daha təkrarladı. Bu vaxt Elşad Tahirlə Rüstəmə tərəf baxaraq, ünvanlarına söyüş söydü. Rüstəm əsəbi şəkildə “ayıbdı, bu nə danışıqdır?!” söyləyəndə, Elşad ayağa qalxıb, stəkanda olan çayı onun üzünə atdı. Tahir ayağa qalxıb çaydana əl atanda, onu əlindən alaraq, buna imkan vermədim. Bundan sonra ara qarışdı. Bizdən başqa restoranda təxminən 10 müştəri vardı. Restoranın həyətində 1-2 dəqiqə mübahisə etdikdən sonra müştərilərin və işçilərinin narazılıq etdiyini görüb bayıra çıxdıq. Tahir hər iki əlində saxladığı bıçaqlarla qaçaraq, yanımdan keçdi. Əvvəlcə Elşada zərbə endirməyə çalışdı”.

Turan Hüseynovun necə Tahir Babayevi bıçaqla vurmasını, onu hansı üsulla öldürməsini görməyib. Çünki qorxaraq, ordan qaçıb və taksi ilə Corat qəsəbəsinə, anasının yaşadığı bağ evinə gedib:

“Hadisədən sonra tanışlarım yanıma gələrək, məndən Turanın əvəzinə cinayəti boynuma almağımı tələb etdilər. Turan gənc olduğunu, adam öldürməyə görə həbs olunacağı təqdirdə həyatının məhv olacağını, davanın mənim problemimə görə başladığını və məhkumluq həyatı yaşamaq istəmədiyini bildirdi. Səhərisi gün 1-ci PB-nə gedərək təslim oldum”.

Turan Hüseynov

Təqsirləndirilən Turan Hüseynov bildirib ki, kikboksing döyüş idman növü ilə məşğul olub, bu sahə üzrə keçirilən yarışlarda mükafatlar qazanıb:

“Restoranın həyətində Tahir mənə qarşı fənd işlətmək istəyəndə, dizimlə alnına zərbə vuraraq, onu yerə yıxdım. Çölə çıxanda Elşadla Turanın Rüstəmlə sözlə mübahisə etdiklərini gördüm. Yaxınlaşıb onları qucaqladım. Tahiri təpiklə vurub yıxdığımı dedim və başqa problem yaranmaması üçün dağılışmalarını bildirdim. Restorandan bir az aralandıq. Bu zaman gördük ki, Tahir hər iki əlində bıçaqla sürətli addımlarla söyüş söyə-söyə bizə tərəf gəlir. Mən qabaqda, Qədirlə Elşad isə  arxada dayanmışdılar. Tahir Elşadın üzərinə gedəndə, cəld təpiklə onu kürəyindən vurdum. Tahirin yerə yıxıldığını görən Qədirlə Elşad hadisə yerindən qaçdılar. Təkbətək qaldıq. Tahir bıçaqla qarnımdan vurmaq istəyəndə, kəsici alət köynəyimi kəsdi. Qolum qanadı. Özümü müdafiə etməkdən ötrü kəmərimə keçirdiyim açılıb-qatlanan bıçağı çıxarаraq Tahirə ardıcıl zərbələr vurdum. Uşaqlıqdan bıçaq oynatmaq hobbim olduğundan həmişə üzərimdə soyuq silah gəzdirirdim. Yaralanmasına baxmayaraq Tahir yenə üstümə gəldi. Arxaya gedə-gedə bir avtomobilə söykəndim. Bir-birimizə bıçaqla məqsədli və kor təbii şəkildə zərbələr endirdik. Artıq Tahirin ayaq üstündə durmaqda çətinlik çəkdiyini və xırıldadığını gördüm. Üzərində ağ naxışları olan bıçağı qatlayaraq cibimə qoydum. Yerə düşən ikinci bıçağımı axtarsam da, tapa bilmədim. Qaçıb binaların arasına girdim. Məhəllələrin birində qolumdan axan qanı yuduqdan sonra Elşada zəng edib məni niyə tək qoyub qaçdıqlarını soruşdum. Tanışım dedi ki, 41-ci məhəllədə yerləşən dayanacağa gəlim. Taksi ilə ora yollandım. Onlara Qədirin məni restorana dərdləşmək üçün çağırdığını və hadisənin məhz ona görə baş verdiyini söylədim. Qədirlə Coratda, göz xəstəxanasının yanında görüşdük. Cibimdəki bıçağı çıxarıb ona verdim. Qədir qana bulaşmış aləti götürüb əllərində sıxdım və hadisəni özünün törətdiyini boynuna götürəcəyini dedi.

Sonra avtomobillə 17-ci mikrorayona gedərək ayrıldıq. Evdə olanda Qədirin, onsuz da cinayəti boynuna alacağını, ölkədən çıxıb bir müddətlik İran İslam Respublikasına getməyi və ara sakitləşəndən sonra geri qayıtmаğı düşündüm. Bu məqsədlə evdə olan 1000 manat pulumu və xarici passportumu götürdüm. Hadisə vaxtı əynimdə olan qara rəngli qısaqol maykanı sellofana bükdüm və aparıb həyətdəki zibil yeşiyinə tulladım. Ruslana zəng edərək, baş vermiş hadisəyə görə tutulacağımı və gizlənmək istədiyimi dedim. Тəxminən 15-20 dəqiqədən sonra Ruslanla görüşdük. Sumqayıtın çıxışında avtomobili saxlatdıraraq Elşada zəng vurdum. Mənimlə birlikdə İranа getməyi təklif etdim. Stansiya Sumqayıt qəsəbəsində, körpünün altında gözlədim. Bir neçə dəqiqədən sonra Elşad əmisi oğlu Turan Dadaşlı ilə birlikdə gəldi və birlikdə cənub istiqamətində hərəkət etdik. Səhər saat 9-da Biləsvur sərhəd-keçid məntəqəsindən mən, Turan Dadaşlı, Elşad Dadaşov və Ruslan Məmmədov İran İslam Respublikasına keçdik. Ərdəbil şəhərində oteldə qaldıq. Sonra Türkiyənin İstanbul şəhərinə getdik. Amma bir müddətdən sonra qayıdıb təslim olmağı qərarlaşdırdım. Bu məqsədlə iyulun 4-də İstanbul Hava limanına gedərək, əməkdaşlara Azərbaycanda axtarışda olduğumu söylədim. Ayın 5-də Heydər Əliyev adına hava limanında özüm polis əməkdaşlarına yaxınlaşaraq təslim oldum”.

Turan Hüseynov əlavə edib ki, Tahir fiziki cəhətdən çox güclü olduğuna və əlində bıçaqlarla ona hücum etdiyindən özünü qorumağa çalışıb. Tahirin çəkisi çox olduğundan, o, çevik hərəkət edərək, zərbələrindən yayına bilib.


Zərərçəkmiş şəxsin hüquqi varisi Minayə Babayeva ifadəsində göstərib ki, həyat yoldaşı Tahir Babayev əvvəllər bir neçə dəfə məhkum olunub:

“Narkotik vasitələrdən istifadə edən ərimin qaraciyərində ciddi problemlər yarandığından Bakıda müalicə alırdı. İyunun 5-də səhər polis əməkdaşı mənə Tahirin öldürüldüyünü xəbər verdi. Hadisənin hansı şəraitdə baş verməsi haqda məlumatım yoxdur”.

Şahid qismində dindirilmiş Emil Əhmədov bildirib ki, 12-ci mikrorayonda yaşayır, adətən axşamlar, işdən sonra dost-tanışla restoranda çay yaxud pivə içiblər:

“İyunun 4-də davanı görüb, qorxumdan ordan 30-40 metr uzaqlaşdım və hadisəni kənardan müşahidə etdim. Dalaşan iki nəfər avtomobilin ön hissəsində bir-birinə bıçaqla zərbələr vururdular. Tahir yerə yıxılandan sonra Turan ordan uzaqlaşdı. Tahir Babayevə yaxınlaşanda, onun hələ nəfəs aldığını gördüm. Оna görə də restorana girib, işçilərdən təcili tibbi yardıma zəng etmələrini xahiş etdim. Nicat adlı işçi DİN 102 xidmətinə məlumat verdi. Ofisiant qız masada mobil telefonların qaldığını dedi. Elə bu zaman əlləri və üzü qana bulaşmış şəxs yaxınlaşıb telefonların ona məxsus olduğunu söylədi və onları alaraq, çıxıb getdi. Bir qədər sonra həkimlər gələrək, yaralanan şəxsi xəstəxanaya apardılar”.


Məhkəmə iclasında Turan Hüseynov, Qədir Səfərov, Elşad Dadaşov və Turan Dadaşlı ittihamlar üzrə özlərini qismən təqsirli biliblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə qanuna müvafiq cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Turan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə, Elşad Dadaşov, Qədir Səfərov və Turan Dadaşlı isə CM-nin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turan Hüseynov 11 il, Qədir Səfərov 2 il 1 ay, Elşad Dadaşov 1 il 1 ay müddətinə azadlıqdan məhrum olunublar. Turan Dadaşlıya 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10