Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qızdırmalı virusun ölkəmizdə yayılma riski



Həkim deyir ki, Marburq təhlükəlidir, amma yayılma ehtimalı azdır, çünki... 

Xəbər verdiyimiz kimi, alimlər Marburq virusuna yoluxmaların artması ilə bağlı xəbərdarlıq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Marburq virusu yoluxduğu insanların təxminən yarısını öldürə bilər və keçmiş epidemiyada yoluxmuşların 88 %-i ölüb.

Bu, hemorragik virus xəstəliklər qrupuna daxildir. Bu xəstəliklərdə qansızmalar müşahidə edilir, yüksək qızdırma olur. Daxili orqanlara qansızmalar, dəridə səpkilər müşahidə edilir, xəstəlik ümumilikdə ağırgedişli hesab olunur. Alimlər bildirirlər ki, Marburq qızdırmasında ölüm nisbəti 90 faizədək çata bilər. İnkubasiya dövrü 7 gündür, sonra qızdırma qəfildən 40 dərəcəyə qədər qalxır.

Maraqlıdır, yenidən aktivləşən bu virusun ölkəmizə gəlmə ehtimalı varmı? 

Qeyd edək ki, 2022-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Qanada Marburq virusu ilə bağlı epidemiya elan etmişdi. Marburq virusunun səbəb olduğu xəstəlik, birdən yüksək hərarət, şiddətli baş ağrısı və zəifliklə başlayır. Əzələ ağrısı müşahidə edilir. Xəstəliyin üçüncü günündə adətən şiddətli ishal, qarın ağrısı, ürəkbulanma və qusma müşahidə olunur. İshal pisləşməyə davam edir, maye itkisi və bir çox metabolik pozğunluqlar baş verir. Xəstələrdə simptomların başlamasından 2-7 gün sonra dəri töküntüləri müşahidə edilir. Ölümcül hallarda bədənin birdən çox hissəsində (diş əti, vagina, bağırsaq) qanaxma müşayiət oluna bilər. Mərkəzi sinir sistemində qaynaqlanan qarışıqlıq və çaşqınlıq görülür. Ölüm adətən 8-9 gündən sonra baş verir.

Marburq virusundan indiyədək - 1967-ci il Almaniyada 29 hadisə, 7 ölüm, 1998-2000-ci illərdə Konqo Demokratik Respublikasında 154 hadisə, 128 ölüm, 2005-ci ildə Anqolada 374 hadisə, 329 ölüm, 2012-ci il Uqandada 15 hadisə, 4 ölüm, 2017-ci il Uqandada 3 hadisə, 3 ölüm, 2022-ci il Qanada 2 ölüm olub. 

Mərdan Əliyev 

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a deyib ki,  bu xəstəlik təhlükəlidir, qızdırma, səpgilərlə müşahidə edilir: “Qansızmalarla müşahidə olunan qızdırmadır. Yüksək qızdırma olur, daxili orqanlara qansızmalar verir və dəri səpgiləri olur. Xəstəliyin letallığı da yüksəkdir. Bu, daha çox endemik xəstəlik hesab olunur. Avropada, Afrikada müşahidə oluna bilir. Amma bu, koronavirusda, qızılcada olduğu kimi hava-damcı yolu ilə, yəni tənəffüs yolu ilə yoluxmur. Ona görə bu virusun sürətli yayılması baş vermir. Bu ancaq kontakt yolu ilə keçir. Dərinin dəriyə təmas etməsi və cinsi əlaqə zamanı yoluxması var. Yəni sıx təmas yolu ilə yoluxduğu üçün bundan qorunmaq daha rahatdır. Belə xəstəliklər sürətli yayılmır. Təbii ki, müayinə və müalicələrin olması vacibdir. Xüsusən də çox yayılan ölkələrdən bura gələn vətəndaşlar ehtiyac olarsa, yoxlanıla bilir. Amma hazırda hansısa ölkədə bunun yüksək yoluxma halı yoxdur. Sporadik şəkildə rast gəlinir. Sürətli yoluxma ehtimalı olmadığına görə o ölkələrdən bizə gəlmə ehtimalı da çox deyil”. 

Afaq MİRAYİQ
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10