İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İraq, Livan, Yəmən, Suriya və digər ölkələrdə “müqavimət qurşağı” adı verdiyi proksi qüvvələrin, silahlı qruplaşmaların kurasiyasını aktiv həyata keçirir. Bu prosesdə SEPAH-ın komandirlərinin şəxsi nüfuzu, xarizması da böyük rol oynayır.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun tərkibinə daxil olan elit Qüds Qüvvələrinin Komandiri olamuş Qasım Süleymani məhz belə nüfuzlu şəxslərdən biri idi.
Onun ABŞ-ın 2020-ci ilin yanvarın 3-də Bağdadda həyata keçirdiyi hücumda öldürülməsindən sonra İran yaranmış boşluğu doldurmaq üçün SEPAH-ın komandir heyətində yeni namizədlərin axtarışına çıxıb.
Lent.az xəbər verir ki, İranın yeni “Qasım Süleymani”si husilərə dəstək üçün Yəmənə göndərilib. Hazırda husilərin Qırmızı dənizdə gəmilərə raket və dron hücumlarına rəhbərlik edən SEPAH generalı Əbdül Rza Şahlaydır.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun tərkibinə daxil olan elit Qüds Qüvvələrinin
komandirlərindən biri olan Əbdül Rza Şahlayın bioqrafiyası gizli saxlanılır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) onun təxminən 1957-ci ildə anadan olduğunu təxmin edir.
Əbdül Rza Şahlayın bir sıra saxta adlardan istifadə edərək dünyanı gəzdiyi, Yaxın Şərq ölkələrində Yusuf Əbu əl-Kərx və Hacı Yusif kimi tanındığı məlumdur.
Əbdül Rza Şahlay 2000-ci illərdə SEPAH-ın İraqda ABŞ ordusuna müqavimət göstərən radikal şiə qruplaşmalarına dəstək verib. Onun İraqda koalisiya qoşunlarına çoxsaylı hücumlar planlaşdırdığı, şiə qruplaşmalarını silah və partlayıcılarla təmin etdiyi iddia olunur.
ABŞ onu 2007-ci il yanvarın 20-də İraqın Kərbəla şəhərində 5 ABŞ əsgərinin ölümü və 3-nün yaralanması ilə nəticələnən hücumu planlaşdırmaqda ittiham edib.
Bundan başqa, Əbdül Rza Şahlay SEPAH-ın əsas maliyyəçisi və yüksək rütbəli rəsmisi kimi 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Vaşinqtonda öldürülməsi planını maliyyələşdirib, hazırlamaqda əsas təqsirli sayılır. ABŞ kəşfiyyatı SEPAH generalının hücumlarının uğurla həyata keçiriləcəyi təqdirdə ABŞ-da ən azı 200 günahsız vətəndaşın ölə biləcəyini təxmin edib.
11 oktyabr 2011-ci ildə ABŞ Maliyyə Nazirliyi onu o zamankı Prezident Barak Obamanın göstərişi ilə xüsusi kateqoriyaya aid beynəlxalq terrorçu (Specially Designated Global Terrorist) elan edib. Əbdül Rza Şahlay İraq hökumətinin və İraq dövlətinin təhlükəsizliyi üçün də təhdid adlandırılıb.
Onun beynəlxalq terrorçu statusu 2018-c ildən ABŞ-la yanaşı, Bəhreyn, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Böyük Britaniya tərəfindən də tanınıb.
ABŞ kəşfiyyatı Yəməndə Şahlaya qarşı bir neçə sui-qəsd hücumu təşkil etsə də, bu cəhdlər uğursuzluqla nəticələnib.
ABŞ “Ədalət üçün yardım” kampaniyası çərçivəsində Əbdül Rza Şahlayın maliyyə fəaliyyəti, əlaqələri və tərəfdaşları haqqında məlumat üçün 15 milyon dollara qədər mükafat təklif edir.
Hazırda SEPAH tərəfindən Yəmənin paytaxtı Sənaya göndərilən general husi qüvvələrinin 2023-cü ilin oktyabrından bəri Qırmızı dənizə gedən ticarət gəmilərinə dron və raket hücumunu koordinasiya edir.
İranda çoxları regional münaqişələrdə aktiv iştirakına görə, Əbdül Rza Şahlayı Qasım Süleymaninin varisi hesab edir.