Tiflis bu dəfə də Fransa hərbi texnikalarının Gürcüstan üzərindən daşınmasına şərait yaratsa, bu, Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan-Gürcüstan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
“Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqəli olsa da, rəsmi Bakının Tiflisin siyasətiylə bağlı bir neçə suala cavab axtarışı ilə də əlaqəlidir. Gürcüstan Azərbaycanın strateji müttəfiqi olsa da, bir müddət əvvəl Ermənistanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb.
Bu, Gürcüstanın hüququdur, qonşu dövlətlərlə sıx əlaqələrə malik olmaq istəyir. Buna baxmayaraq, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var. Məsələn, erməni rəsmilər Gürcüstanla hərbi-texniki əlaqələrin inkişafının vacibliyi barədə açıqlamalar verirlər. Bu, nə deməkdir? Axı Gürcüstan hərbi sahədə NATO ilə əməkdaşlığa, o cümlədən Azərbaycan və Türkiyə ilə üçtərəfli ittifaq çərçivəsində əlaqələrə üstünlük verir.
Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır və bu, təxminən Gürcüstanın da maraqlarına cavab verir. Ancaq bu, hələ baş verməyib və Gürcüstan ərazilərini işğal edən Rusiyanın Ermənistandakı hərbi bazası yerində qalır”.
Elxan Şahinoğlu bildirib ki, Azərbaycan cəmiyyətində müzakirə edilən digər sual Tiflisin Fransanın növbəti hərbi texnikalarının Gürcüstan ərazisindən daşınmasına şərait yaradıb-yaratmayacağıyla bağlıdır:
“Tiflis bu dəfə də Fransa hərbi texnikalarının Gürcüstan üzərindən daşınmasına şərait yaratsa, bu, Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq. Bu səbəbdən Ramil Usubovun Gürcüstana səfəri və Tiflisdə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır”.