- Rza Vəlibəyovun İrəvanda 1969-cu ildə nəşr olunan “Keçmişdən səhifələr” kitabı var. Rza Vəlibəyov Ermənistan SSR xalq ədliyyə komissarı, Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini, “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrində çalışıb. İrəvan şəhərində Fəxri panteonda dəfn olunan yeganə azərbaycanlıdır. Rza Vəlibəyov kitabında daşnaklara qarşı mübarizə aparan Cahangir Ələkbərbəyov, Saleh Güllicinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlınski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh edib. Vedidə icraiyyə komitəsinin sədri işlədiyi zaman Saleh Güllicinski Abbasqulu bəy Şadlinski ilə birlikdə Dəvəlidə daş karxanasının istifadəyə verilməsinə böyük əmək sərf edib. Vedidə çalışarkən Saleh Güllicinski daşnaklardan qurtulmuş kəndləri dinc həyata qaytarmaq, qırğınlardan qurtulan əhalinin Türkiyədən, İrandan yurdlarına geri dönmələri üçün əlindən gələni edib, lakin Ermənistan hökuməti İrandan, Türkiyədən gələn erməniləri Vedibasara yerləşdirməyə başlayıb. Əziz Ələkbərlinin “Vedibasar mahalı” kitabında da bu məlumatlar öz əksini tapıb. - Heç bir təşəbbüs olmayıb. İlk mən araşdırmağa başladım. Saleh Güllicinskinin anası mənim babamın bibisidir. Çox tanınmış nəsil olublar. Mənim babamın atası, qardaşı oxuyan olublar - seminariya bitiriblər. Hətta babamın bir qardaşı Peterburqda təhsil alıb. Mənim itkin düşən qohumlarım Saleh Güllicinskinin anası Leyli xanım tərəfdən olan qohumlarımdır. İrəvanda sayılıb-seçilən ailə olublar. Kərbəlayı Cəfərin 8 oğlu və 1 qızı olub. Kərbəlayı Cəfərin bacısı Leyli xanım, Saleh Güllicinskinin atası Məşədi Teymurla qohum olub. Kərbəlayı Cəfərin oğlanları - Əlirza, Məmmədrza, Zeynalabdin, Həsən, Hüseyn, ən kiçikləri Kazım. Bütün oğullarının adı indi yadımda deyil. Kazım uşaq vaxtı rəhmətə gedib. 1918-ci ildə Azərbaycana, Gəncəyə gedib, Yeni İrəvanda məskən salıblar. Saleh Güllicinskinin əmiləri ilə Yeni İrəvanda bir məhəllədə qalsalar da, bir-birlərindən xəbər tutmayıblar. Məşədi Teymur oğlu Saleh Güllicinski güllələndikdən sonra 1944-cü ildə Gəncədə ölüb. İrəvana qohumlarına baş çəkməyə gedibmiş. Müharibə illəri olduğundan Məşədi Teymurun ölümündən qızları 1 ay sonra xəbər tutub. Məşədi Teymurun Gəncədə dəfn edildiyi qəbiristan ərazisində indi Şəmkir avtovağzalı yerləşir. Məşədi Teymurun məzarı qalmayıb. Saleh Güllicinskinin qardaşı Məmməd Güllicinski isə İkinci Dünya müharibəsi zamanı Almaniyada əsir düşüb.