Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda dünyadan köçənlərin dəbdəbəli qəbirləri daim qınaq mövzudur. “Yeni Sabah”a danışan ilahiyyatçı Əkrəm Həsənov bununla bağlı bir sıra məqamlara toxunub:
“Dinimizdə bu məsələyə dair hökmlər var. Həmin məqamlara mütləq formada diqqət etməliyik. İslamda məzar daşlarının üzərində nəinki bər-bəzək, şəkil belə yerləşdirə olmaz.
İslama görə, qəbir daşının hündürlüyü bir qarış olmalıdır. Başdaşına şəkil vurmaq, yazı yazdırmaq, yəni qəbri bəzəmək qadağan olunub”.
İlahiyyatçı bildirir ki, insan ölməzdən əvvəl bu barədə vəsiyyət edib, yaxınlarına xəbərdarlıq etməlidir:
“Belə bir hədis var ki, qəbirdə olan üçün ağladıqlarına görə meyitə əzab verilir. Bəzi alimlər də bunu təsdiqləyəyir. İnsanlar sağlığında vəsiyyət etməlidir ki, onun üçün qəbir bəzədilməsin, başdaşında şəkil olmasın və onun üçün ağlaşma qurulmasın.
Təəssüf ki, bu gün müsəlmanlar qəbirləri ehtişamlı edir, onları bütləşdirirlər. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu örfi bir məsələdir. Yəni adət-ənənəyə bağlıdır”.
Aytac Şahin