Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hörüklü saçlar, 17 dəfə güllələnən qızcığaz - Qanlı faciənin 4 bölməli TARİXÇƏSİ



Hörüklü saçlar, 17 dəfə güllələnən qızcığaz - Qanlı faciənin 4 bölməli TARİXÇƏSİ 

Bu gün bir xeyli keçmişə, bizim üçün o qədər də xoş olmayan xatirələrə qayıdacağıq. 

Qoparılmış hörüklü saçlar, 17 dəfə güllələnən 5 yaşlı qız, güllə başlıqları...

Hə, yəqin ki, çoxunuz artıq söhbətin haradan getdiyini, bu gün yolumuzun hara düşdüyünü təxmin etdiniz. 

Bəli, bu gün Lent.az komandası Memorial Soyqırım Muzeyində oldu.

Binadan içəri girdikdə bizi Firad Əliyev qarşılayır. Muzeyi gəzmədən əvvəl Firad Əliyevlə qısa söhbət aparırıq:

“Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə, onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi artıq 10 ildir ki, fəaliyyət göstərir. Muzey özündə tarixi həqiqətləri əks etdirən rəsmi sənədləri və əşyaları cəmləşdirib”.

Firad Əliyev sözlərinə davam edərək həmçinin qeyd edir ki, muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror adlı 4 bölmədən ibarət olmaqla, 320 kv.m sahəni əhatə edir:

“Muzeyi ziyarət edən şəxslər burada tarixi həqiqətlər - xalqımıza qarşı tarix boyu törədilmiş deportasiyalar, soyqırımlar, terrorlar, digər sülh və insanlıq əleyhinə olan cinayətlər barədə dolğun məlumatlar əldə edir. Bu da təbii ki, vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına, onlarda milli ruhun yüksəlməsinə xidmət edir”.

Muzeyin girişindəki rəsm əsərləri ürək dağlayan hadisələri təcəssüm etdirir. 

Girişdə olan digər fotoda isə rəssam Stanislav Şatikovun “Xocalı fəryadı” adlı əsəri nümayiş olunur. Yalnız qadınların təsvir olunduğu foto köməksiz, silahsız insanların fəryadına həsr olunub. Və bu şəkildə görünən simalar da reallığı əks etdirir.

Tarix bölməsində 1813-cü il oktyabrın 12-də Rusiya imperiyası və Qacar İran dövləti arasında imzalanan, Azərbaycanın tarixi torpaqlarını Rusiya və İran arasında bölən Gülüstan müqaviləsinin, eyni zamanda 1828-ci il fevral ayının 10-da İranla Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsinin əlyazmaları saxlanılır.

Muzeyin soyqırım bölməsinə daxil olduqda o qanlı gecədən fraqmentlər sanki insanın gözünün qabağından film kimi keçir.

Gördüyünüz maket Xocalıya hücumu əks etdirən Azərbaycanda yeganə maketdir. Bu maket 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və Xankəndinin dislokasiya olunmuş 366-cı motoatıcı alayın Xocalıya hücumu əks olunub.

Maketdə Xocalıdan olan dinc əhalinin meşə vasitəsilə soyuq, qarlı havada 10 km yaxınlıqda yerləşən Ağdam rayonuna qaçmağa çalışmaları da təsvir olunur. Ancaq ermənilər bundan xəbər tutub və onların yollarını kəsərək kiçikdən böyüyə qədər bir çox insanı qətlə yetiriblər. Həmçinin, uşaqların su çənlərinə doldurularaq yandırılması da maketdə öz əksini tapıb.

Bu stenddə isə 17 güllə yarası alaraq qətlə yetirilən 5 yaşlı Xocalı sakini olan qızın cəsədi təsvir edilib. 5 yaşında heç kimə heç bir zərəri dəyməyən balaca qızcığazı sadəcə azərbaycanlı olduğuna görə, amansızca güllələyiblər.

Muzeydə həmçinin Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətlərin izlərini əks etdirən əşyalar yer alıb. Erməni silahlı dəstələrinin Meşəliyə hücumu zamanı qətlə yetirilmiş Novruzovlar ailəsindən Adilə Novruzovanın hörüklü saçları, ailəyə məxsus geyimlər və digər əşyalar da saxlanılan eksponantlar sırasındadır. 

Belə ki, erməni silahlı dəstələri 1991-ci ildə dekabrın 2-də Meşəli kəndinə hücum edərkən ilk növbədə Novruz Novruzovun ailəsinə hücum edirlər. Ev sahibi öz ailəsini qorumaq üçün ermənilərə müqavimət göstərdiyinə görə, ermənilər onun ailəsini gözünün qarşısında yandırıb. Buradakı hörük onun həyat yoldaşı Adilə Novruzovaya məxsusdur. Bu hörüklər o qadının başından qopardılıb. Digər geyim əşyaları da həmin ailəyə məxsusdur. 

Bu da o ailənin çırağıdır ki, erməni qəsbkarları tərəfindən bu ailənin işığı söndürülüb.

Burada həmçinin partlayıcı qurğular, güllə başlıqları və hadisə yerindən götürülmüş nümunələr də saxlanılır. 

Muzeyin repressiya bölməsində Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminlinin fotoları da yer alır. Bu vitrinlərdə saxlanılan sənədlər isə Azərbaycanın yazıçı və şairlərinə, mədəniyyət xadimlərinə açılmış cinayət işlərindən çıxarışlardır. 

Xatırladaq ki, 1937-ci ildə Azərbaycanın 16 generalı qətlə yetirilib.

Muzeyin tarix, deportasiya və repressiya bölmələrində həmçinin 20-ci əsrin əvvəllərində Azərbaycanın bir sıra regionlarında törədilmiş soyqırım aktlarının görüntüləri, Gülüstan və Türkmənçay müqavilələri, 1930-cu illərdə repressiya qurbanı olmuş ziyalıların cinayət işlərindən götürülmüş fraqmentlər də var. 

Sonda qeyd edim ki, o qanlı gecədən 32 il keçməsinə baxmayaraq, Xocalıda baş verən hadisələr bu gün də insanlığa qarşı baş tutan ən amansız cinayətlərdən biri hesab edilir.

Məhz buna görə də, tarix boyu millətimizin başına gələn müsibətlər və cinayətlər barədə obyektiv məlumatları özündə əks etdirən bu məkan gələcək nəsillərin ixtiyarına tutarlı dəlil və ətraflı məlumatların verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki 26 fevral tək Azərbaycanın deyil, eləcə də dünya tarixinə qanlı hərflərlə yazılıb.

FOTO: İlkin Nəbiyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10