Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda iş adamlarının üstünə 17 milyon manatlıq "qumar" oynanılıb - SÜRPRİZ YEKUN



Bir ətək pul töküb obyekt aldılar, ancaq sonradan məlum oldu ki, sahibkar obyektləri banka "uduzub" 
 
Azərbaycanda külli miqdarda pul ödəyərək aldığı yeni tikiliyə, daha sonra çıxarış ala bilməyən vətəndaşlarla çox rastlaşırıq. Hələ bu, azmış kimi, bir ətək pul verib aldığı mənzilin sonradan başqasına da satıldığını öyrənənlər az deyil.
 
AYNA-nın redaksiyasına müraciət edən bir qrup vətəndaş da bu təbəqədəndir. Müraciət edənlər - Afət Ağazadə, Natəvan Bağırova və Yalçın Məlikov onların əmlak hüquqlarının pozulduğundan şikayət edirlər. Belə ki, onlar 2009-cu ildə “Mars-M” şirkətinin Səməd Vurğun küçəsi 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzində sahibkarlıq fəaliyyəti aparmaq məqsədi ilə qeyri-yaşayış sahələri alıblar.
 
Şikayətçi Afaq Ağazadənin sözlərinə görə, o vaxt bina hələ istismara verilməyibmiş: “Fövqəladə Hallar Naziriliyi binanın təhvil-təslim aktını verməmişdi. Buna baxmayaraq, “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov 28 nəfərlə alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahələrini satmışdı. Müqavilələr notarial qaydada təsdiqlənmişdi. Hətta alıcılara maliyyə arayışı da verilmişdi”.


Əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı isə bildirir ki, alıcı tikinti şirkətinə bütün məbləği ödədikdən sonra, ona maliyyə arayışı verilməlidir. Bu arayış və ya məhkəmə qərarı əsasında, habelə şəxsiyyəti təsdiq edən sənəd, dövlət rüsumunu təqdim etməklə çıxarış, loru dildə desək, "kupça" əldə etmək hüququnu alır.
 
Sahibkarların dediklərinə görə isə, 2009-cu ildən etibarən bütün tələb olunan sənədləri təqdim edərək dəfələrlə müraciət etsələr də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən çıxarışlarını əldə edə bilməyiblər. Səbəb kimi binanın istismara verilməməsi göstərilib.

Lakin 2013-cü ildə “Mars-M” şirkəti bu arayışı almağa müvəffəq olub. Məhz bu çıxarış əsasında şirkətin direktoru "Xalq Bank"a müraciət edib və 10 milyon manat məbləğində kredit əldə edib. Maliyyə vəsaitini xərcləyən şirkət rəhbərliyi banka borcu qaytara bilmədiyindən, 2015-ci ildə "Xalq Bank"ın nümayəndələri Mərhəmət Bəşirovu ofisə dəvət edib və kredit müqaviləsini restrukturizasiya etməyi təklif ediblər. 

Təklif qəbul olunub və 10 milyon manatlıq kreditin bağlanması, habelə tələb olunan işlərin aparılması üçün "Xalq Bank" yenidən “Mars-M” şirkətinə 17 milyon dollarlıq kredit ayrıb. Lakin bu kreditin də aqibəti əvvəlki kreditdə olduğu kimi naməlum qalıb. Nəticədə şirkət "Xalq Bank"a olan borcunu qaytara bilmədiyindən məhkəmə prosesləri başlayıb.
 
Maraqlısı odur ki, “Yasmin” biznes mərkəzində qeyri-yaşayış sahələri almış şəxslər bu məhkəmə çəkişmələrindən yalnız sahibkarlardan birinin - Yalçın Məlikovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala bilməməsinə görə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsindən sonra xəbər tutublar. Bu zaman məlum olub ki, “Mars-M” şirkəti “Yasmin” biznes mərkəzini 28 nəfərə satılan sahələrlə birlikdə girov qoyub.



Bundan sonra isə hadisənin ən “maraqlı” hissəsi başlayıb. Hələ rəsmi məhkəmə qərarını əldə etməmiş "Xalq Bank" özəl mühafizə şirkətindən bir neçə mühafizəçi tutaraq sahibkarların “Yasmin” biznes mərkəzinin binasına daxil olmasını əngəlləyib. Halbuki məhkəmə proseslərinin 3 il davam etməsinə baxmayaraq, vətəndaşlar məhkəmə tərəfindən əmlak hüququ tanınan qeyri-yaşayış sahələrinə daxil olub, orada təmir işləri aparıb, hətta əşyalarını ora daşıyıblar.
 
Qeyd etmək lazımdır ki, şikayətçilərdən birinin - Afaq Ağazadənin 5 aprel 2017-ci il tarixdə "Xalq Bank" və “Mars-M” şirkəti arasındakı məhkəmədə üçüncü şəxs qismində mülkiyyət hüququ tanınıb.
 
Lakin 9 iyul 2019-cu il tarixdə sahibkarların bütün ümidləri puç olub. Çünki Konstitusiya Məhkəməsi işə baxaraq belə qərar çıxarıb: “İlk üç məhkəmə qərarları qüvvədən düşmüş hesab edilsin. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz”.
 
Vətəndaşlar bu məqamdan sonra başa düşüblər ki, xərclədikləri külli miqdarda vəsaiti batır və gəlir əldə edəcəklərinə ümid bəslədikləri qeyri-yaşayış sahələri "Xalq Bank"a ötürülür. Həmçinin, zərərçəkmişlərə hər hansı kompensasiya ödənilməsinə də heç bir ümid qalmır. Çünki yeni qərara əsasən, "Xalq Bank" “Yasmin” biznes mərkəzini hərracda satacaq, satışdan əldə edilən pul “Mars-M” şirkətinin banka yaranmış borcunun ödənilməsinə yönəldiləcək. Sahibkarların ziyanını kimin ödəyəcəyi isə məlum deyil.

Təəssüf ki, Mərhəmət Bəşirov həbsdə olduğuna görə, “Mars-M” şirkətinin mövqeyini öyrənmək mümkün olmadı. İstismara yararlılığı FHN tərəfindən təsdiqlənməyən binaya çıxarışın necə əldə edilməsini isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə aydınlıq gətirməyə çalışdıq. 

ƏMDK-nin şöbə müdiri Qulu Xəlilov ehtimal edir ki, “Mars-M” şirkəti 2013-cü ildə məhkəməyə müraciət edərək ilkin çıxarışın alınması tələbini irəli sürüb: “Yəqin ki, proses məhz belə gedib. Biz də ali instansiya olan məhkəmənin qərarını yerinə yetirməliyik. Həmin binaya çıxarışın necə verildiyini isə araşdıracağıq”.
 
Güman edirik ki, bu məsələ ictimailəşdikdən sonra daha bir neçə struktur araşdırma aparmalı olacaq. Məsələn, çıxarış məhkəmə qərarı əsasında verilibsə, istismara yararlılığı FHN tərəfindən təsdiqlənməyən binaya çıxarış verilməsi barədə qərar nəyə əsaslanıb?
 
"Xalq Bank"ın konsultantı ilə sözbətimizdən də bəlli oldu ki, FHN tərəfindən təhvil-təslim edilməyən bina bankda girov qoyula bilməz: “İpoteka kreditini əldə etmək üçün mütləq girov qoyulmalıdır. Tələb olunan sənədlər arasında Dövlət Reyestri Xidmətindən verilmiş çıxarış var. Bu çıxarış olmasa, kredit verilmir”.
 
Yaranmış problemlə bağlı  "Xalq Bank"ın mətbuat xidməti ilə də əlaqə saxladıq. Bankın nümayəndəsi bildirdi ki, məsələ araşdırılacaq və aydınlıq gətiriləcək.


Müəllif: Təranə Xudabaxşiyeva 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10