Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İkinci moğol istilası, qorxulu güc kultu, “Pirr qələbəsi” – Rusiya hara gedir?




Xaqani Cəfərli

“Levada” Mərkəzinin apardığı rəy sorğusuna görə, rusiyalıların 66 faizi müharibənin Rusiyaya çox baha başa gəldiyini düşünürlər. Müharibənin ağır nəticələrindən təsirlənməmiş bir sahə qalmayıb. Məsələn, doğum səviyyəsi son 200 ilin ən aşağı səviyyəsinə düşüb. Rusiyanın qaz nəhəngi “Qazprom”un qaz hasilatı şirkətin mövcud olduğu 34 il ərzində ən aşağı səviyyəyə enib. SSRİ Qaz Sənayesi Nazirliyinin dövlət korporasiyasına çevrildiyi 1990-cı illə müqayisədə “Qazprom”un hasilatı 200 milyard kubmetr azalıb. “Qazprom”un itkisi Azərbaycanın qaz hasilatından ən azı 4 dəfə çoxdur. 


ORCID beynəlxalq məlumat bazasını təhlil edən “Novaya qazeta.Evropa”nın hesablamalarına görə, Ukraynaya qarşı geniş miqyaslı müharibə başlayandan Rusiyanı 2500 nəfər alim tərk edib. Onların arasında Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Riyaziyyat Cəmiyyətinin prezidenti Viktor Vasilyev, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yuri Kovalev və onlarla məşhur alim var. Elmi kadrların ən böyük itkisinə Moskva universitetləri məruz qalıb. Rusiyanın ən yaxşı ali məktəbləri hesab olunan Moskva Dövlət Universiteti, Moskva Fizika və Texnologiya İnstitutu, Ali İqtisad Məktəbi və “Skolkovo” İnnovasiya Mərkəzi elmi əməkdaşların 23 faizini itirib. Dövlətin və cəmiyyətin bütün sahələrində eyni fəlakətli vəziyyət hökm sürür. 

Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsinin Moskvanın ehtimal etdiyi kimi ildırımsürətli qələbə ilə başa çatmayacağı aydın olduqdan sonra, Rusiyanın istənilən qələbəsinin “Pirr qələbəsi” ola biləcəyi ilə bağlı fikirlər gündəmə gəldi. Lakin indi belə görünür ki, vəziyyət daha faciəlidir. 

Bütün bu çətinliklər mart ayında keçiriləcək prezident seçkisindən sonra daha da dərinləşəcək. Elə bir vəziyyət yaranıb ki, hətta Kremlə loyallığı ilə seçilən ekspertlər də Rusiyanın gələcəyi ilə bağlı nikbin proqnozlar verməkdən çəkinirlər. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Aleksandr Auzan bildirib ki, Rusiya yaxın gələcəkdə inkişaf edən ölkəyə çevrilə bilməyəcək. Professor bunu cəmiyyətin bölünməsi və dövlətdə bütün məsələlərin zorla həll olunması ilə izah edib. “Biz indi öz içimizdə bölünmüş bir ölkəyik. Ona görə də iqtisadi tərəqqi, texnoloji sıçrayışlar və sair xəyallar qura bilərsiniz, amma doğmalara və yadlara bölünmüş cəmiyyətin olduğu bir ölkədə bütün bunlar tamamilə əlçatmazdır”. Alim bildirir ki, Rusiyada güc kultu formalaşıb və problemlər onun köməyi ilə həll olunur. “Bu, problemin sadə, lakin adətən səhv və ya səmərəsiz həllidir. Bu, iqtisadi inkişaf və gələcək üçün pisdir”.

Rusiyada və Qərbdə isə belə qənaət var ki, mart ayında keçiriləcək prezident seçkiləri professor Auzanın təsvir etdiyi mənzərəni daha da tündləşdirəcək. Bu isə o deməkdir ki, Putinin gözlənilən qələbəsi onun məğlubiyyətindən daha ağır nəticələr doğuracaq. Çünki Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən ilin oktyabrında qəbul etdiyi qətnamə ilə Avropa ölkələrini Rusiya prezidenti Vladimir Putinin 2024-cü il seçkilərindən sonra hakimiyyətdə qalacağı təqdirdə onun hakimiyyətini qeyri-legitim hesab etməyə çağırıb. Qətnamədə deyilirdi ki, Putin 2000-ci ildən bəri prezident və ya baş nazir kimi hakimiyyəti əlində saxlayır. “Bu qədər uzun müddət ərzində qeyri-məhdud prezident səlahiyyəti, güclü parlament, müstəqil məhkəmə sistemi, azad mətbuat və canlı vətəndaş cəmiyyəti kimi nəzarət və tarazlığın olmaması Rusiyanı faktiki diktaturaya çevirib”.

AŞPA-nın yekdilliklə qəbul etdiyi qətnamədə üzv dövlətlərə təklif olunur ki, Putinin prezidentliyini 2024-cü ildən sonra davam etdirəcəyi halda, humanitar əlaqələr istisna olmaqla, Rusiya ilə bütün əlaqələri dayandırmalıdır.

ABŞ-da isə konqresmenlər Stiv Koen və Co Vilson Nümayəndələr Palatasına Vladimir Putinin 2024-cü ildən sonra Rusiya prezidenti kimi tanınmaması ilə bağlı qətnamə layihəsi təqdim ediblər. Qətnamənin mətni ötən ilin noyabrın 18-də Stiv Koenin mətbuat xidməti tərəfindən açıqlanmışdı. Qətnamə layihəsində konqresmenlər xatırladırlar ki, Putinə 2024-cü il mayın 7-dən sonra prezidentlik müddətlərini “sıfırlamağa” və yenidən vəzifəyə qayıtmağa imkan verən Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə çoxsaylı pozuntulara görə legitim sayıla bilməz.

Bütün bunlar onu göstərir ki, 2024-cü ilin 15-17 mart tarixlərində üç gün ərzində keçiriləcək prezident seçkilərində qələbə prezident Putin üçün “Pirr qələbəsi”ndən daha ağır nəticələr doğuracaq. Belə ki, Putinin prezidentliyi qanuni və legitim olmadığı üçün tanınmayacaq. Bu isə haqqında Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi olan Putinin beynəlxalq münasibətlərdə hərəkət imkanlarını daha məhdudlaşdıracaq. Nəticədə Rusiyanın beynəlxalq münasibətlərdən təcrid olunmasını və qlobal iqtisadiyyatdan qoparılmasını daha dərinləşək.  

ABŞ Maliyyə Nazirliyi “Rusiyanın hərbi səylərini dəstəkləyən” xarici bankları sanksiyalarla cəzalandıracağı ilə bağlı xəbərdarlığından sonra Rusiya üçün “nəfəslik” olan Türkiyə və Çindən Moskvaya bəd xəbərlər gəlməkdədir. Türkiyə banklarının ardınca Çin bankları da Rusiyanın maliyyə qurumları ilə əlaqələrini sürətlə kəsirlər. Türkiyə və Çin banklarının bu addımından sonra Rusiyanın xarici ticarət əməliyyatları demək olar ki, tamamilə iflic olub. Bununla bağlı məlumatda deyilir ki, Rusiya ilə işləyən bütün iri türk bankları lirə və rublla ödənişlər də daxil olmaqla bütün əməliyyatları bloklayır, eləcə də  Rusiyadan olan “həmkarları”nın müxbir hesablarını bağlayırlar. Eyni vəziyyət Çin bankları ilə münasibətdə də müşahidə olunur. Ekspertlər isə bu vəziyyətin daha ağırlaşacağı ilə bağlı xəbərdarlıq edirlər.

Buraya Rusiyanın hərb meydanında məruz qaldığı qorxunc itkiləri və Rusiya Mərkəzi Bankının 300 milyard dollar ehtiyatının dondurulmasını da əlavə edəndə Putinin Ukraynaya qarşı müharibə qərarının nə qədər baha başa gəldiyi haqqında aydın təsəvvür yaranır. 

Müharibə dövründə mərmi səsləri bütün səsləri eşidilməz edir. Buna görə də Rusiya dövlət maşının dağılmasından və cəmiyyətin parçalanmasından doğan çıxırtılar indi eşidilmir. Bu səslərin eşidilməsi üçün mərmi səsləri kəsilməlidir. Putinin inadla müharibəni davam etdirməsi də, bu səslərin eşidilməsinə imkan verməmək istəyi ilə bağlıdır. Ancaq müharibə uzandıqca dövlət maşının dağılması və cəmiyyətin parçalanması daha böyük miqyas alır. 

Putin iki il əvvəl elə bir dəhşətli səhvə yol verib ki, onun nəticəsi Rusiya və rus xalqı üçün moğol istilasından sonra ən ağır fəlakət olacaq. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10