İlahiyyatçı: “Əgər bir insan müsəlman kimi həyatda tanınıbsa, onu bu şəkildə dəfn etmək yolverilməzdir”
“Atam 32 il Dövlət Filarmoniyasında çalışıb. Onun üzərinə köynəyini, kostyumunu və qalstukunu geyindirdik və bu şəkildə dəfn etdik. Molla mənə məsləhət verə bilər, amma əmr edə bilməz. Ailəmizin ağsaqqalı atamı kostyumda dəfn ediblər... Dahi bəstəkar Üzeyir Hacıbəyovu da kostyumda dəfn ediblər. Böyük xadimləri necə dəfn edirlər?..”
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov TV-də qonaq olduğu “Gəl danış” verilişində deyib (Axşam.az). O, özünün də atası kimi dəfn edilməsini vəsiyyət etdiyini efirdən bəyan edib.
Həqiqətən ateist sovet dönəmində bəzi tanınmış azərbaycanlılar kostyum-qalstukda dəfn edilib. Bəs İslam dininin bu xüsusda tövsiyələri, hökmləri nədən ibarətdir? Bir müsəlman xristian kimi, qalstuk-kostyumda dəfn oluna bilərmi?
Qeyd edək ki, dindarların bildirdiyinə görə, həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər qəbir qazaraq ölülərini torpağa dəfn edirlər. Lakin müsəlman qaydalarına görə, meyit üzü qibləyə dəfn olunmalıdır. Ayaq tərəfi günçıxan tərəfdə, başı isə günbatan tərəfdə. Sağ çiyni üstə qəbirə qoyulur, sinəsi, üzü qibləyə doğru olur. Xristianlarda isə bu fərqlidir. Baş tərəf günçıxan tərəfə, ayaq günbatan tərəfə. Qəbirlərin geniş qazılması isə tabutla bağlıdır. Qeyri-müsəlmanlar ölünü tabutla birgə dəfn edirlər. Tabut isə daha böyük yer tutduğu üçün qəbir geniş qazılmalıdır. Müsəlman adətində isə ölü kəfənlə dəfn olunur və o qədər geniş yerə ehtiyac olmur. Müsəlmanlarda ölüyə qüsl verilir. Kafur və sidr adlanan maddələr var ki, onlar suya qarışdırılır, həmin su ilə qüsl verilir. Bundan sonra hənut edilir. Yəni kafur maddəsi ilə onun 7 səcdə əzalarına - alın, əllərin içi, dizlərin gözü və ayağın baş barmaqlarına vurulur. Daha sonra kəfənlənir. Bundan başqa, dəfndən öncə cənazə namazı qılınır. Xristianlar da öz ayinlərinə uyğun icra edirlər, onlarda da ölü yuyulur, kostyum geyindirirlər, tabuta qoyurlar və daha sonra dəfn edirlər.
Fərid Abdulla
İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, İslam dininə görə bir müsəlman vəfat etdikdən sonra onun ehtiramı daha qüvvətlənir: “Çünki həyatda deyil, özünü müdafiə edə bilmir və sair. Əgər bir müsəlman vəfat edərsə, onu İslam ənənəsinə uyğun etmək hər bir müsəlmana vacibdir. Lakin bir nəfər bunu öz öhdəsinə götürsə, digərlərinin üzərindən götürülür. Bir müsəlman İslam ənənələrinə görə dəfn edilməlidir. Belə ki, kostyumla dəfn etmək hazırda xristian ənənəsidir. Əgər bir insan müsəlman kimi həyatda identifikasiya olunubsa, tanınıbsa, onu bu şəkildə dəfn etmək yolverilməzdir. İnsan vəfat etdikdən sonra ona meyit qüslü verilir. Daha sonra hənut və kəfənləmək gərəkdir. Kəfənin də öz hökmləri var ki, riayət olunmalıdır. Bundan sonra torpağa tapşırılır. Bəzən sual olunur ki, bəs müsəlmanlara görə meyiti tabutun içində dəfn etmək olarmı? Bir sıra alimlər bunu icazəli hesab etmişlər. Lakin bir şərtlə ki, müsəlman yenə İslam adəti ilə qüsl-kəfən edilməli, tabutun içində üzü qibləyə uzandırılmalıdır. Fikir verirsinizsə, bu dini ritual detallarına qədər möhtərəm hesab edilib. Əlbəttə ki, mənim söylədiklərim özünü müsəlman saymış kəslərə aiddir. Müsəlman olmayan kəslər öz ənənələrinə uyğun dəfn edilir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”