Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tehran nişangaha gəlir




Sədrəddin Soltan

İran beynəlxalq arenada cığal uşaq kimi hərəkət edir. Əvvəlcə hay-küy salıb, qalmaqal yaratmaq istəyir, sonra oyunu pozmağa başlayır. Bütün nəzərlər ona dikiləndə isə “mənim xəbərim yoxdur” deyib, yaxasını kənara çəkməyə çalışır. Ancaq onun cığallığını böyüklər qəbul etmir. Tehranın uşaq cığallığı baş tutmur.


HAMAS İsrailə hücum edəndən bir neçə gün sonra təşkilatın Siyasi Bürosunun sədri İsmayıl Həniyə Tehrana səfər etmişdi. Onu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei qəbul etmiş, regiondakı vəziyyətdən danışmışdılar. Həmin görüşdə İran lideri bildirmişdi ki, HAMAS-ın İsrailə hücum edəcəyi tarixdən xəbərsiz olublar. O əlavə etmişdi ki, bu müharibədə  iştirak etmirlər. Bununla belə, ayətullah Xamənei HAMAS-ı dəstəklədiklərini gizlətməmişdi. 

İndi maraqlı vəziyyət yaranıb. ABŞ ilə İsrail İranın Suriya və İraqdakı bazalarına, yaxud proksi qüvvələrinin düşərgələrinə zərbələr endirir. Tehranın Suriyadakı səfiri Hüseyn Əkbəri iddia edir ki, bu ölkədə İranın heç bir vətəndaşı, yaxud hərbi müşaviri ölməyib: “İsrail qırıcıları müqavimət oxunun qətiyyətinə maneə yarada bilməyib”. O, bu təkzibi yanvarın 28-də baş verən hadisə ilə əlaqədar edib. Ancaq bu, həmin ölkələrdə İranyönümlü silahlı qruplaşmaların olduğunu, yaxud onların Suriya və İraqda ABŞ bazalarına hücumlarını inkar etmir. Deməli, İran rejimi Suriya və İraqda ABŞ-yə və onun müttəfiqlərinə qarşı elan olunmamış müharibə aparır. 

Yanvarın 28-də isə ABŞ Mərkəzi Komandanlığı İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəd yaxınlığında yerləşən “Tower 22” bazasına hücum barədə məlumat yayıb. Bu hücum nəticəsində ABŞ-nin 3 hərbçisi həlak olub, 40 nəfər yaralanıb. 

ABŞ Milli Təhlükəsizlik Şurası Ağ evdə Cozef Baydenlə görüşərək, İordaniyadakı məlum hadisəni müzakirə edib. Tədbirdə milli təhlükəsizlik məsələləri üzrə müşavir Cek Sallivan, müdafiə naziri Lloyd Ostin, milli kəşfiyyatın direktoru Eypril Xeyns, Ağ ev aparatının rəhbəri Ceff Makqer və başqa yüksək vəzifəli rəsmilər iştirak edib. Bu, hadisənin ölkə rəhbərliyini nə qədər narahat etdiyindən xəbər verir. 

ABŞ Prezidenti Cozef Bayden bildirib ki, hücum Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi silahlı qruplar tərəfindən həyata keçirilib. 

Tehranın isə bu yerdə uşaq cığallığı yenə tutub. Bildirib ki, hücumla heç bir əlaqəsi yoxdur. O, bu hücumu regiondakı – İraq və Suriyadakı “müqavimət qruplarının” etdiyini bildirməklə zərbədən yayınmağa çalışıb. Bu yerdə sual yaranır: Tehranın “müqavimət qüvvələri” adlandırdığı qüvvələrin arxasında hansı hakimiyyət durur? Birmənalı şəkildə Tehran demək olar. Əks halda, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının “Qüds qolu”nun Suriya, İraq, Livan, Yəməndə nə işi var? 

Bu ilin yanvarında “müqavimət qüvvələrinin” fəaliyyət göstərdiyi ölkələrdə 5 yüksək rütbəli zabiti öldürülüb. Elə “Qüds”ün komandanı general Qasem Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi də İranın İraq və Suriyada pozuculuq fəaliyyətinin göstəricisidir. 

İranın İordaniyada ABŞ bazasının vurması, hərbçilərinin ölməsi artıq tərəflər arasında gərginliyin artacağını ehtimal etməyə əsas verir. ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib ki, qətlə yetirilən amerikalı əsgərin qisası alınacaq.

ABŞ-nin Minnesota ştatından Konqresin Nümayəndələr Palatasında təmsil olunan Din Fillips “X” səhifəsində yazıb ki, İran hakimiyyətinin əməllərinə dözmək vəziyyəti daha da pisləşdirir. 

Miçiqandan olan senator Qeri Piters ABŞ-in 3 əsgərinin ölməsini “dəhşət” adlandırıb. Ağ evin milli təhlükəsizlik şurasının rəsmi nümayəndəsi Con Kirbi hadisə ilə bağlı bildirib ki, Ştatlar İranla müharibə etmək istəmir, ancaq İordaniyadakı hücuma müxtəlif adekvat cavab variantları nəzərdən keçirilir.  

Yanvarın 28-də İranda 4 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub. Tehran onları Mossad-a casusluqda ittiham edib. Onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham olunublar. Edam olunanlar bunlardır: qruplaşmanın başçısı Məhəmməd Fəramərzi, Möhsün Mazlum, Vəfa Azərbar (İranda fəaliyyət göstərən “Komilə” hərbi-siyasi qruplaşmasının üzvü), Peyman Fatehi.

İran hakimiyyəti edam hökmlərini icra etməklə daxili və xarici qüvvələr qarşı sərt mübarizə aparacağını nümayiş etdirir. Heç daxildə mövcud rejimi qəbul etməyənlər də sakit durmur. Qasem Süleymaninin dəfn edildiyi qəbiristanlıqda törədilən partlayış bu qənaətə gəlməyə əsas verir. 

Tehran hakimiyyəti İraq və Suriyada ABŞ bazalarına hücumlar etməklə yanaşı, terrorçuların mövqelərini raket atəşinə tutmaqla da regionda güc sahibi olduqlarını göstərməyə çalışıblar. Ancaq İraqın şimalını idarə edən regional hökumət İranın bu addımına sərt münasibət göstərdi. Onu da qeyd edək ki, bu hökumət də ABŞ-nin bölgədə müttəfiqlərindən sayılır. 

Tehran həmin günlərdə Ştatların daha bir dostunun – Pakistanın ərazisini də bombaladı. Ancaq buna cavab reaksiyası özünü çox gözlətmədi. Rəsmi İslamabad qırıcılarla İranın Pakistanla sərhədyanı bölgələrinə havadan zərbələr endirməklə, buranın İraq və Suriya olmadığını göstərdi. Bunun ardınca İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslamabada dəvət edildi. Məlumatlara görə, bu ilin mayında İran Prezidenti İbrahim Rəisinin də Pakistana səfəri nəzərdə tutulub. Bu hadisədən sonra Tehran hakimiyyəti sanki silkələnib. 

İran hakimiyyəti ABŞ-yə qarşı dinc aksiyalar təşkil edir. Ötən həftə Bəhreyndə Ştatların hərbi dəniz donanmasının bu ölkədən çıxarılması tələbi ilə keçirilən aksiya buna örnək ola bilər. 

İran hakimiyyəti bu kimi hücumlarla çarəsizliyini nümayiş etdirir. ABŞ və İsraillə danışıqlar aparmaq istəmir. Regiondakı silahlı qruplaşmaları isə onun istədiyi nəticəyə nail ola bilmir. Onlar daha çox pozucu qüvvə təəssüratı bağışlayır. Bu qruplar ciddi siyasi təşkilat olaraq qəbul edilmir və onlara qarşı antiterror tədbirləri keçirilir. Bu isə İran hakimiyyətinin Yaxın Şərqdə terrorçu qrupları yaradıb, onlara sponsorluq etdiyini təsdiqləyir. Hədəfdən yayınmaq üçün baş verən hadisələrdə əli olmadığını deməklə, cığallıq edir. Ancaq hamı hər şeyi görür və Tehranın törədikləri onu nişangaha daha da yaxınlaşdırır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10