Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

F-16 razılaşması: Ərdoğan nəyə razılıq verib?




2024-cü ilin əvvəlindən ABŞ-la Türkiyə arasında aparılan intensiv müzakirələr müsbət nəticə verdi. Dövlət katibi Entoni Blinken Ankarada səfərdə oldu və Türkiyə rəhbərliyi ilə Yaxın Şərq böhranı və ikitərəfli münasibətlərdə yaranmış problemləri müzakirə etdi. Yanvarın 23-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqlədi. Bu, Ankara-Vaşinqton arasında danışıqların başlıca predmeti idi. Məclisin qərarın ardından Prezident Rəcəb Tayyib Ərdoğan dərhal onu təsdiqləyərək, ABŞ-a göndərdi. 

ABŞ Dövlət Departamenti yanvarın 27-də Prezident Baydenin imzası ilə Türkiyəyə təxminən 23 milyard dollara 40 ədəd F-16 “Blok 70” döyüş təyyarəsi və 79 ədəd F-16 döyüş təyyarəsi modernləşdirmə dəstinin satışı ilə bağlı Konqresə rəsmi bildiriş təqdim edib.

Hərbi ekspertlər bildirirlər ki, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Türkiyədə lisenziya əsasında istehsal edilən 235-dən çox “Blok 30”, “Blok 40”, “Blok 50” və “Blok 50+” konfiqurasiyalı F-16 döyüş təyyarələri var. Ən müasir F-16-lar təxminən 10 yaşı olan F-16 “Blok 50+”, ən yaşlı F-16-lar isə təxminən 30 yaşı olan “Blok 30”lardır.
ABŞ-la əldə oluna razılaşmaya görə, Türkiyə 40 ədəd yeni F-16 “Blok 70” təyyarəsi və 79 ədəd modernləşdirmə dəstini almağı planlaşdırır. Bu layihə təkcə yeni təyyarələri deyil, həm də mövcud 235-ə yaxın F-16 təyyarəsinin uzunmüddətli texniki xidmətini əhatə edir. Bu, təkcə yeni təyyarələrin alınması deyil, həm də inventarda olan təyyarələrin yenilənməsi və saxlanılması deməkdir.

Modernləşdirmə təkcə avionik sistemləri deyil, həm də ehtiyat hissələri, texniki xidmət və mühərriklər kimi bir çox detalları əhatə edir. Alınacaq 40 yeni F-16 “Blok 70” təyyarəsindən 32-si tək nəfərlik F-16C “Blok 70”, 8-i isə iki nəfərlik F-16D “Blok 70” təyyarəsi olacaq. İki nəfərlik F-16D “Blok 70” modeli “hava-hava” ilə “yer-yer” missiyalarında ikinci pilota ehtiyac olduqda və təlimdə geniş şəkildə istifadə olunur. Xüsusilə modernləşmə prosesindən keçmiş F-16-lar əlavə avionik inteqrasiya və uzun mənzilli missiyalarda üstünlüklər təmin edən əlavə yanacaq çənləri daşımaq qabiliyyətinə malikdir.

Yanvarın 28-də Ankaraya gələn ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland isə rəsmilərlə görüşdükdən sonra Türkiyənin F-35 proqramına qaytımasının mümkün olduğunu bildirdi. Bir gün sonra Kanada Türkiyə Müdafiə Sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etdiyini açıqlayıb.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, bunun üçün Ankara Rusiyanın S-400 zenit-raket sistemlərindən imtina etməlidir. Kirbi deyib ki, F-35 proqramı Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun gəlməyəcək. Kirbi vurğulayıb ki, bu səbəbdən müzakirələr davam edir, Türkiyə bu məsələ ilə bağlı narahatlığı aradan qaldıra bilsə, F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər.

Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 Hava Hücumundan Müdafiə (HHM) Sistemi aldığına görə, ABŞ administrasiyası tərəfindən sanksiyalarla üzləşib. Türkiyənin ABŞ-ın müdafiə şirkəti “Lockheed Martin”ə verdiyi 100 ədəd F-35 sifarişi ləğv edilib. Bundan əlavə, istehsalı tamamlanan 6 ədəd F-35 döyüş təyyarəsinin tədarükü dayandırılıb və Türkiyə F-35 proqramından çıxarılıb. Bu vəziyyət Türkiyə-ABŞ münasibətlərində ciddi gərginliyə səbəb olub. 

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-la əldə olunmuş razılaşma heç bir şərtə bağlı deyil, yəni Ankara üzərində hansısa öhdəliklər götürməyib:  

“Hərbi Hava Qüvvələri Komandanlığımızın ehtiyaclarına uyğun olaraq 40 yeni F-16 Blok-70-lərin satın alınması, mövcud 79 F-16-nın və onların döyüş sursatının, materiallarının modernləşdirilməsini əhatə edən tələbimizlə bağlı yanvarın 26-dan ABŞ Konqresində təsdiq prosesi başlayıb. Təklif və qəbul məktubları bizə çatdıqda, təqvim üzərində iş başlayacaq. Bəzi Yunanıstan mərkəzli xəbər saytlarında iddia edilənlərin əksinə olaraq, F-16-nın alınması və modernləşdirilməsi məsələsi heç bir şərtə tabe deyil”.

ABŞ-dan F-35 təyyarələri ilə bağlı verdiyi son açıqlamalarla bağlı nazir deyib ki, bu məsələ çox danışılıb və müzakirə olunub. “Hazırda hər iki ölkənin mövqeyində heç bir dəyişiklik yoxdur”, – o əlavə edib. 

Ekspertlərə görə, uzunmüddətli gərginlikdən sonra Ankara və Vaşinqtonun sürətlə dil tapması Türkiyənin bəzi şərtləri qəbul etməsi ilə bağlıdır. Çünki uzun müddətdir modernizasiyadan məhrum olan hərbi aviasiyanın ehtiyaclarını qarşılamaq Ankara üçün son dərəcə vacib məsələdir. Türkiyə yubanmaqda davam edərsə, regionda hava üstünlüyünü itirə bilər. Xüsusən, ABŞ Konqresinin Yunanıstana yeni nəsil F-35 təyyarələrinin satışına icazə verməsi Ankaranın təlaşını artırıb.  

Türkiyə rəhbərliyinin qəbul etdiyi şərtlərdən biri 20 aydır yubatdığı İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırmasıdır. Bu, artıq mübahisə doğurmur. Vaşinqtonun daha bir tələbi Ankaranın Rusiya şirkətlərinə qarşı sanksiya tədbirlərinə qoşulması, məhdudiyyətlərə əməl etməsi ilə bağlıdır. Bu gün Rusiya mətbuatı yazıb ki, Türkiyə bankları rusiyalı müştərilərlə bağlı siyasətlərini sərtləşdirib. 

“Bəzi maliyyə təşkilatları şirkətlərin hesablarını bağlamağa başlayıb və kart almağı planlaşdıran şəxslər üçün tələbləri artırıb”, – “Vedomosti” qəzeti Türkiyə ilə ticarət edən biznes sahibləri, maliyyə məsləhətçiləri və biznes assosiasiyalarının nümayəndələrinə istinadən hazırladığı məqalədə deyilir. 

“Bloomberg” və “Kommersant” nəşrləri yazırlar ki, artıq ilin əvvəlində biznes qurumları Rusiya ilə Türkiyə arasında ödənişlərin dayandırılmasından şikayət edirdilər. “Vedomosti”nin həmsöhbətləri bildiriblər ki, hazırda hesablaşmalar dondurulub. 

Ötən il dekabrın 22-də ABŞ Prezidenti Co Baydenin Maliyyə Nazirliyinə Rusiyaya qarşı sanksiyaları pozan banklara cəzalar tətbiq etmək səlahiyyəti verən fərmanından sonra yerli bankların siyasəti kəskin şəkildə dəyişib. “Dekabrdan əvvəl Türkiyədə Rusiya ilə hərtərəfli işləyən iki bank, qismən əməkdaşlıq edən daha iki bank vardı”, – Türkiyə ilə ticarət  aparan və eyni zamanda Rusiya biznes assosiasiyalarından birinə yaxın olan mənbə bildirib. Onun sözlərinə görə, birinci kateqoriya bankları SDN siyahısına (ən ciddi məhdudiyyətlər səviyyəsinə malik bankların qara siyahısı) daxil edilməklə hədələyiblər. Bundan sonra onlar Rusiya bankları ilə əlaqəsi olan şirkətlərin əhəmiyyətli hissəsinin müxbir hesablarını bağlamağa başlayıblar. Həmsöhbətin sözlərinə görə, qismən əməkdaşlıq edən banklar da münasibətləri kəsməyə başlayıblar. Lakin əsas hədəf Ukraynada “xüsusi əməliyyat” başlayandan sonra müştəri olanlardır. Mənbə qeyd edib ki, şirkətlər bankdan 30 gün ərzində bütün münasibətləri dayandırmaq və hesabları bağlamaq tələbini əks etdirən bildirişlər alırlar. 

Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş tutacaq və Ukrayna ilə müharibə danışıqların əsas mövzularından biri olacaq. Daha əvvəl Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, Prezident Putinin Türkiyəyə səfəri təxminən fevralda baş tuta bilər, lakin vəziyyət Türkiyə və Rusiya liderlərinin qrafikindən asılı olacaq. Prezidentin mətbuat katibi Dmitri Peskov “Vedomosti”nin “Putinin Ərdoğanla ödənişlərin dondurulması məsələsini müzakirə edib-etməyəcəyi” barədə sualına cavab verməyib.

Beləliklə, ABŞ-Türkiyə razılaşmaları Rusiya üçün çətin vəziyyət yaradır. Ehtimal ki, Moskva da əlindəki təzyiq alətlərindən istifadə edərək, Türkiyəni sıxışdırmağa çalışacaq. Belə alətlər isə kifayət qədərdir: Türkiyə mavi yanacağa tələbatının böyük hissəsini Rusiya enerjisi vasitəsi ilə ödəyir, kənd təsərrüfatı və yüngül sənaye məhsullarını Rusiyaya ixrac edir. Bu ölkədə minlərlə türkiyəli iş adamları çalışır və qarşılıqlı kapital yatırımlarının həcmi on milyardlarla dollarla ölçülür. Hazırda yüksək inflyasiya, ağır iqtisadi problemlər Türkiyədə ciddi sosial gərginlik yaradıb, ona görə də Rusiya ilə münasibətlərin pisləşməsi ölkədə sosial partlayışa gətirib çıxara bilər…

Turqut






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10