Malayziyanın yeni kralı şəxsi ordusu, şəxsi təyyarələri və 300 lüks avtomobili olan milyarderdir. Bu maşınlardan biri Adolf Hitlerin hədiyyəsidir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 65 yaşlı Sultan İbrahim İskəndərə Malayziyanın baş naziri, kabinet nazirləri və Malayziyanın kral ailəsinin üzvlərinin qatıldığı mərasimdə tac qoyulub.
O, keçən ay “Singapore Straits Times” qəzetinə verdiyi müsahibədə “kukla kral” kimi taxtda 5 il vaxt itirmək istəmədiyini demişdi. Yeni kral artıq var-dövlət nümayişi ilə göz qamaşdırır. “Bloomberg“ onu "motosiklet sürən, Ferrari sürən, İnstaqramı bilən kral" kimi təsvir edir.
Sultan İbrahim - Cohor kral ailəsinin başçısı - Malayziyadakı kral titulunun ekvivalenti olan Əlahəzrət Yanq di-Pertuan Aqonq adından istifadə edəcək.
Malayziya dünyada yeganə dəyişən monarx sisteminə malik olduğundan onun taxt-taca gəlişi gözlənilən idi. Belə ki, Malayziyanın "sultanlar" kimi tanınan doqquz irsi hökmdarı hər beş ildən bir kral taxtını digər sultana ötürür. Başqa sözlə krallar 5 ildən bir dəyişir. Yeni monarx yeni titulu qəbul etməzdən xeyli əvvəl ölkənin ən nüfuzlu və varlı adamlarından biri hesab olunurdu.
“Bloomberg“in məlumatına görə, Cohor ailəsinin sərvəti 5,7 milyard dollar qiymətləndirilir. Sultan İbrahim Malayziyanın ən böyük mobil telefon operatorlarından biri olan "U Mobile"ın dörddə birinə, eləcə də Sinqapurda 4 milyon dollar dəyərində torpaq sahəsinə sahibdir. Cohorlar Malayziyada şəxsi ordusu olan yeganə kral ailəsidir.
Kralın şəxsi təyyarə kolleksiyası və 300-dən çox dəbdəbəli köhnə avtomobili var. Onlardan biri Adolf Hitlerin hədiyyəsidir. 2017-ci ildə yayımlanan müsahibəsində Sultan İbrahim Hitlerin babasının dostu olduğunu söyləyib. O əlavə edib ki, Hitlerin avtomobili babasına verilməzdən əvvəl İngiltərəyə, oradan da Malayziyaya göndərilib.
Sultan İbrahim həm də motosiklet həvəskarıdır.
Kralın rolu qismən formal xarakter daşısa da, o, baş naziri təyin etmək, eləcə də cinayətlərə görə məhkum edilmiş şəxsləri əfv etmək səlahiyyətinə malikdir, həmçinin parlamentin üzvüdür. İctimaiyyət nümayəndələrinin kralı açıq şəkildə tənqid etməsi qadağandır.