Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Litrlərlə qəhvə içən, yumruq zərbəsindən gözünü itirən ABŞ PREZİDENTİ



Teodor Ruzvelt

Teodor Ruzvelt ABŞ tarixinin ən maraqlı və uğurlu prezidentlərindən biri sayılır.

Lent.az Teodor Ruzveltin tərcümeyi-halından ən maraqlı faktları təqdim edir:

Sağlamlığı zəif olsa da, uzun məşqlərlə özünü idmançıya çevririr

1858-ci ildə anadan olan Teodor Ruzvelti dosltarı Teddi adlandırırdı. Uşaqlıqdan o, xəstəliklərə, astma tutmalarına meylli və fiziki cəhətdən zəif olan kövrək bir uşaq idi. Ancaq zəif sağlamlığına baxmayaraq, o, vəhşi təbiəti çox sevirdi və bu, onda taksidermiya sənətinə ( heyvan cəsədlərinin görünüşünü itirməməsi üçün həyata keçirilən proses) həvəsinə səbəb olur. Bir az yetkinləşən Teddi heyvan mumiyaları hazırlamağı bir kənara qoyur və fiziki sağlamlığını möhkəmləndirmək üçün gimnastika və ağır atletika ilə məşğul olmağa başlayır. Daha sonra o, boks və cüdo ilə də məşğul olur. Döyüş sənətinə göstərdiyi fəal maraq onu ömrünün sonuna qədər idmanın qızğın təbliğatçısı edir.

Həqiqətən Harvarda uyğun deyildi

Enerjili və səs-küylü Ruzvelt 1876-cı ildə Harvard Universitetinə daxil olur. Amma buranın mühafizəkar mühiti, sakit həmyaşıdları onun ruhuna uyğun deyildi.. Dostunu görəndə bütün dəhliz boyu onun adını çağırırdı. Amma kobud davranışına baxmayaraq, Ruzvelt idmana olan həvəsi səbəbindən bir çox tələbələrlə dostluq edir. O həm də yaxşı oxuyurdu: məzun olanda dərs göstəricilərinə görə 161 tələbə arasında 21-ci idi.

Son dərəcə qısqanc idi

Harvardda Ruzvelt gələcək həyat yoldaşı Elis Li ilə tanış olur. Onlar nişanlanırlar və məktəbi bitirdikdən sonra evlənməyi planlaşdırıblar. Alisin pərəstişinə baxmayaraq, Ruzveltin hər hansı bir kişinin nişanlısına yaxınlaşmağa cəsarət etdiyini bilən zaman qəzəblənirdi. Bir dəfə o, poçtla bir cüt Fransız duel tapançası sifariş edir və yoldaşına yaxınlaşan istənilən şəxsi duelə çağıracağını elan edir.

Özünü fermerlikdə sınadı 

Ruzvelt ən çox açıq havada - inəklər, atlar, silahlar və sonsuz Amerika torpaqları arasında rahat idi. 1883-cü ildə Dakota ştatında bizon ovlayarkən o, ərazidə mal-qara ferması açmaq ideyası ilə maraqlanır. Tezliklə o, bələdçisinin qardaşı ilə birgə biznes qurub, 14 min dollar sərmayə qoyur. O, həqiqətən də maldarlığı sevsə də, lakin otlaq saəhlərinin quruması və pis hava şəraiti böyük itkilərə səbəb olur. Ruzvelt 1898-ci ildə fermanın özünə aid hissəsini satmalı olur.

Məhsuldar yazıçı idi

Təbiət və ov həvəskarı olan Ruzvelt prezidentliyə başlamazdan əvvəl “Bir Rançerin Ov Macəraları” və “Qərbin fəthi” kimi kitablaryazır. 1884-cü ildə həyat yoldaşı və anası eyni gündə öldükdən sonra o, uzun müddət öz rançosunda qalır və burada yazıçılıqla məşğul olması onu bir növ depressiyadan çıxarır. Ruzvelt həyatı boyu yazmağa davam edir. O 60 il ərzində 35 kitab və 150.000 məktub yazıb.

Bir dəfə qayıq oğrularını təqib etdi

1886-cı ildə Ruzveltin fermasından qayıq oğurlandı və çayın aşağısına sürüldü. Qayığın qaytarılmasını şərəf məsələsi hesab edən, həm də yerli şerifin müavini olan Ruzvelt bir neçə ferma işçisi ilə birlikdə cinayətkarları təqib edir. Silahlı oğruların izinə düşmək özlüyündə təhlükəli olsa da, çayın yarı buzlu olması və soyuq hava səyahəti daha da riskli edirdi. Yolun uzun olacağını gözləyən Ruzvelt un, qəhvə yığdı və boş vaxtlarında oxumaq üçün Tolstoyun bir cildini özü ilə götürdü. Üç gündən sonra təqibçilər oğruları yaxaladılar və onları həbs etdilər. Beləliklə, Ruzvelt öz qayığını qaytarmış oldu.

Litrlərlə qəhvə içirdi

Ailəsinin dediyinə görə, Ruzveltin qəhvə fincanı vedrə ölçüsündə idi və o, hər birinə 7 qaşıq şəkər qoyurdu. O, bu içkini o qədər sevirdi ki, qəhvə hazırlayan Maxwell House şirkəti onun şəklindən bir neçə reklam kampaniyasında istifadə edib.

Prezidentliyi dövründə ölkəni tərk edən ilk ABŞ prezidenti idi

İllər boyu Panama kanalının tikintisini təşviq edən Ruzvelt, plan nəhayət reallaşdıqda onu şəxsən görmək fürsətindən yararlanır. 1906-cı ildə o, Panamaya səyahət edir və beləliklə, səlahiyyət müddəti ərzində ABŞ sərhədlərindən kənara çıxan ilk prezident olur. 

Boks sevgisinə görə gözünü itirdi

Ruzveltin döyüş sənətinə olan sevgisi hətta prezident olanda da onu tərk etmədi. 1905-ci ildə, demək olar ki, 50 yaşında olanda, başqa bir boksçu ilə sparrinq keçirərkən, sağ gözünə zərbə alır. Zərbədən gözünün tor qişası zədələnir və o əhəmiyyətli görmə problemləri ilə üzləşir. Ruzveltin digər idman maraqları da var idi. Məsələn, 1902-ci ildə Ağ Evin düz yanında onun üçün tennis kortu quraşdırılmışdı.

Teodor Ruzvelt haqda daha bir neçə maraqlı fakt:

Öz sözlərinə inansaq, Ruzvelt gəncliyində barda iki tapança ilə silahlanmış bir xuliqanı nokaut edib. Həmin quliqan ehtiyatsızlıq edərək, eynək taxan Ruzvelti “dörd göz” adlandırmışdı.

Qaradərili adamı Ağ Evə ilk dəvət edən Ruzevlt olub. Onun dəvət etdiyi qonaq pedaqoq və yazıçı Buker T. Vaşinqton olub.

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt Teodor Ruzveltin əmisi nəvəsidir.

O, Nobel Sülh Mükafatını alan ilk prezidentdir. 1904-1905-ci illər Rus-Yapon müharibəsində Rusiya və Yaponiyanın barışmasına kömək etdiyinə görə o bu ali mükafatı alıb.

Birləşmiş Ştatlar Birinci Dünya Müharibəsinə girdikdən dərhal sonra, 54 yaşlı Teodor Ruzvelt artıq onunla birlikdə cəbhəyə getmək üçün könüllülərdən ibarət bir dəstə yığmağa başladı, lakin Prezident Vudro Vilson onu müharibəyə göndərməkdən imtina etdi.

Ruzvelt Raşmor dağında təsviri oyulmuş dörd ABŞ prezidentindən biridir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10