ADP sədri: “Moskvaya sual vermək lazımdır, sənin nə ixtiyarın var ki, Azərbaycanın daxili işinə qarışırsan?”
Politoloq: “Çox istərdim ki, Azərbaycan rəsmi şəkildə bu məsələyə münasibətini açıqlasın”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə keçirdiyi ənənəvi brifinqdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə ilə bağlı erməni jurnalistin gülünc sualına əcaib cavab verib. Belə ki, brifinqdə erməni jurnalist Prezident İlham Əliyevin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladığını xatırladıb, ADR qurucusunun İkinci Dünya müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq etdiyini” və Azərbaycan legionunun yaradılmasında “iştirak etdiyini” deyib. Erməni jurnalistin şər dolu bu sualına maraqlıdır ki, Rusiya XİN rəsmisi cavabında deyib ki, Moskva bu məsələ ilə bağlı Bakı ilə danışıb: “Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”. Zaxarova “qiymətləndirmənin” nədən ibarət olduğunu, Bakı ilə “əlaqə saxlayaraq” nələri müzakirə etdiyinin detallarını açıqlamayıb.
Rusiya XİN-in bu yanaşması Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. İctimai-siyasi şəxslərin əksəriyyəti hesab edirlər ki, Rusiyanın bu münasibəti, Azərbaycanın tarixi şəxsiyyəti ilə bağlı Prezident Sərəncamına hansısa münasibət bildirməsi absurd olduğu kimi, ölkənin daxili işlərinə müdaxilə cəhdidir.
Bununla yanaşı, məlumdur ki, Rəsulzadənin faşistlərlə əməkdaşlığı erməni uydurmasıdır və heç bir tarixi fakta əsaslanmır. Ekspertlər bildirirlər ki, Rusiyanın rəsmi şəxsinin erməni iftirasına uyması və Rəsulzadə ilə bağlı Azərbaycanda hansısa tədbirə etiraz etməsi təsadüfi deyil.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AYNA-ya deyib ki, Rəsulzadə haqqında faşistlərlə əlaqələr, nasistlərlə müttəfiqlik iddiaları kökündən yanlışdır: “Bununla bağlı yüzlərlə tarixi faktlar var. Əgər Rusiya hökumətinə maraqlıdırsa, bunu araşdıra bilər. İndi bir erməni dığası durub Rəsulzadənin nasistlərlə əməkdaşlığını iddia edir və Rusiya rəsmisi buna xavab verir. Absurdun yekəsi buna deyərlər. Zaxarova bilirmi ki, SSRİ 1941-ci ilədək Hitler Almaniyasının müttəfiqi olub?! Ümumiyyətlə, Rusiya Hitler Almaniyası qədər işğalçı, faşist bir dövlət ola-ola indi Azərbaycanın tarixi lideri Rəsulzadəni faşistlərlə əməkdaşlığından danışır”.
“Moskvaya sual vermək lazımdır, sənin nə ixtiyarın var ki, Azərbaycanın daxili işinə qarışırsan? İrəvanda faşist Qaregin Njdeyə heykəl qoyulub, Moskvanın mərkəzində Njdenin yubileyi keçirilir, Rusiya buna etiraz etmir, durub uydurma ittihama münasibət bildirir. Ümumiyyətlə, Rusiyanın nə haqqı var ki, Azərbaycanın milli lideri haqqında tədbirə narazılıq edə, Bakıya rəsmi sorğu göndərə? Düşünürəm ki, Azərbaycan rəsmi şəkildə Rusiyaya qəti etirazını bildirməlidir. Bu, yenə deyirəm, ölkənin daxili işinə qarışmaq deməkdir. Adama deyərlər, sən kimsən ki, Azərbaycan Prezidentinin haqqında Sərəncam imzaladığı tarixi şəxsiyyətlə bağlı bu Sərəncama görə Bakıdan hesab istəyirsən?”.
Politoloq Şahin Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Zaxarovanın açıqlamasından belə anlaşılır ki, Rusiya dövləti Azərbaycanda Rəsulzadənin yubileyinin dövlət səviyyəsində keçirilməsinə, ümumiyyətlə, bu personanın Azərbaycanda yüksək səviyyədə dəyərləndirilməsindən narahatdır: “Zaxarovanın sözlərindən çıxan nəticə budur. Biz bilmirik ki, Rusiya Azərbaycana bu barədə konkret nə deyib. Ümumən anlamaq çətin deyil ki, Rəsulzadəyə Rusiyanın baxışı neqativdir. Təbii ki, bu, qəbulolunmazdır. Birincisi, Rusiya bununla Azərbaycanın daxili siyasətinə müdaxilə edir. Rusiyaya niyə maraqlıdır ki, Azərbaycanda hansı tarixi şəxsiyyətin rolunu müsbət qiymətləndiririk, hansınınkını mənfi qiymətləndiririk?! Bu, Rusiyanı maraqlandıran məsələ ola bilməz. Biz özümüz bilərik hansı tarixi şəxsiyyətimizə necə qiymət veririk”.
“Çox istərdim ki, Azərbaycan rəsmi şəkildə bu məsələyə münasibətini açıqlasın. Rusiyanın mövqeyinin nədən ibarət olduğunu, narazılığının hansı yöndə və niyə olduğunu bilməliyik”, - deyə analitik vurğulayıb.
Siyasi şərhçi hesab edir ki, erməni jurnalist tərəfindən Zaxarovaya Rəsulzadə ilə bağlı sual təsadüfən verilməyib: “Ola bilsin ki, belə bir sualın verilməsi barədə Rusiya tərəfinin təşəbbüsü olub. Çünki bu cür brifinqlərdə təsadüfü suallar olmur. Qabaqcadan jurnalistlərin suallarının istiqamətləri öyrənilir. Bəzi suallar çıxarılır ki, verilməsin. Erməni jurnalist bu sualı səsləndiribsə, demək ki, Rusiya bu sualın verilməsində maraqlı olub, yaxud ən azı buna qarşı çıxmayıb. Jurnalist nəzərdə tutulmayan sualı səsləndirərsə, buna cavab verməkdən Zaxarova imtina edə bilərdi, yaxud sərt reaksiya verərdi. Ona görə də düşünmək olar ki, bu, Azərbaycana bir mesajdır. Bu mesajın nə olduğunu isə dediyim kimi, rəsmi Bakı aydınlıq gətirsə, yaxşı olar”.
Xatırladaq ki, bu gün Rəsulzadənin anadan olmasından 140 il ötür. Azərbaycan hakimiyyəti Rəsulzadə şəxsiyyətinə və irsinə böyük hörmət bəsləyir. Prezident İlham Əliyev tərəfindən Rəsulzadənin yubileylərinin keçirilməsi barədə bir neçə dəfə Sərəncam imzalanıb. Prezident bu il də AXC qurucusunun 140 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb.