Sünnət (Sirkumsiziya) - bəzi cəmiyyətlərdə dini öhdəlik olaraq tətbiq edilsə də, Amerika Pediatriya Cəmiyyətinin 2012-ci ildə yayımladığı və sünnətin faydalarının zərərlərinə nisbətən daha üstün olduğunu bildirən raportdan da bilindiyi kimi sünnətin tibbi faydaları da mövcuddur.
Tədqiqatlar göstərib ki, həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yolları infeksiyasının əmələgəlmə ehtimalı sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 10 qat daha yüksəkdir.
Sünnət dərisi iltihabi dəri xəstəliklərinin yaranmasına da əlverişli şərait yaradır. Belə ki, balanit, balanopostit, fimoz, parafimoz kimi problemlər sünnətsiz uşaqlarda daha çox müşahidə olunur.
Sünnət prosesini başa vurmuş, cinsi aktivlik yaşına çatan kişilərdə isə QİÇS, HPV, Sifiliz, Herpes kimi cinsi yolla keçən xəstəliklərə yoluxma riski sünnətsizlərə nisbətdə aşağı olur.
Sünnət kişilərdə cinsiyyət orqanının xərçəngi riskini azaldır. Eyni zamanda sünnətli kişilərin cinsi təmasda olduqları qadınlarda uşaqlıq ağzı (serviks) xərçəngi riskinin azaldığı müşahidə olunub.
Sünnətin cinsi funksiyaya və erkən boşalmaya mənfi təsirinin olmadığı da göstərilib.
Belə ki, 40473 sayda kişidə sünnətin cinsi funksiyaya təsirini tədqiq edən 36 araşdırmanın meta-analizi göstərir ki, kişi sünnətinin cinsi funksiyaya, həssaslığa, cinsi istək və ya məmnuniyyətinə mənfi təsiri yoxdur.
2016-cı ildə yayımlanan başqa bir sistematik icmalın nəticəsində də sünnətin cinsi funksiyaya mənfi təsiri göstərilməyib.
Həmçinin 2018-ci ildə yayımlanan, 10019 sünnətli və 11570 sünnətsiz kişiləri araşdıran 12 tədqiqatın meta-analizində də sünnətin erkən boşalmaya səbəb olmadığı göstərilib.
Sünnətlə əlaqəli bir çox elmi araşdırma olsa da, yuxarıda qeyd olunanlar mövzu ilə əlaqəli dərc olunmuş məqalələrdən ən önəmliləridir. Qeyd olunan məlumatlar sübutların etibarlılıq dərəcəsi yüksək olan meta-analiz, sistematik icmal və ya randomizasiya olunmuş klinik tədqiqatların nəticələridir.
Tədqiqatlar göstərir ki, cərrahi sünnət tibbi baxımdan faydalıdır.Amma...
Amma unutmaq olmaz ki, sünnət cərrahi prosedurdur və hər cərrahi prosedur kimi onun da özünə xas risk və fəsadları mövcuddur. Kişilərin 98%-i sünnət olunan ölkəmizdə bu qədər sıx tətbiq edilən cərrahi prosedur təəssüf ki, hər zaman təcrübəli mütəxəssislər tərəfindən icra edilmir. Bu da öz növbəsində fəsadların görülmə ehtimalını artırır.
Sünnət əməliyyatını düzgün edilməməsi hansı problemlərə yol aça bilər?
Sünnətdən sonra erkən və ya gec görülən yüngül fəsadlarla yanaşı, qalıcı və dönüşü olmayan fəsadlar da müşahidə oluna bilər.
Təcrübəsiz əllərdə fəsadların görülmə ehtimalı yüksəkdir.
Bunlar:
Qanama və infeksiya;
Sidik kanalının ucunda daralma, sünnət dərisində yapışıqlıqlar;
Gömülən penis (gizli penis) -qasıqüstü piy toxuması çox olan və bu problem nəzərə alınmadan sünnət edilən uşaqlarda cinsiyyət üzvü gömülə bilər, hətta sünnət dərisi içində boğula bilər (entrapped);
Sünnət dərisinin çox kəsilməsi ilə bağlı problemlər;
Diqqətsizlik nəticəsində cinsiyyət orqanının baş hissəsinin zərər görməsi;
Sidik yolunun zədələnməsi və bənzər ciddi fəsadlar;
Yerli keyitmə üçün istifadə olunan anestetik maddənin düzgün dozada seçilməməsi nəticəsində əmələ gələn ciddi fəsadlar;
Qanamanı kontrol altında tutmaq üçün istifadə olunan alətlərin düzgün seçilməməsi (monopolar koter, “lazerlə sünnət” və.s) ;
Sünnət olunacaq uşaqla düzgün ünsiyyətin qurulmaması və düzgün yaş həddinin seçilməməsi nəticəsində yaranan psixoloji mənfi təsirlər;
Kosmetik və estetik fəsadlar.
Valideynlərə məsləhətlər:
Toplu (kütləvi) keçirilən sünnətlərdən qaçın, çünki toplu sünnətlərdə fəsadların yaranma ehtimalı qismən daha yüksəkdir.
Sünnət etdirmək üçün tələsməyin! Düzgün yaş seçin, çünki 3-5 yaşlı uşaqlara sünnətin nə olduğunu, niyə edildiyini başa salmaq və uşaqdan anlayış gözləmək çox çətindir. Buna görə də, uşaq 6 yaşdan böyükdürsə, sünnət və proseduru sadə dildə qavrayırsa, istisna vəziyyət yoxdursa, sünnət etdirmək olar.
Evdə və ya gigiyenaya riayət edilməyən müxtəlif yerlərdə, eyni zamanda qeyri-professional şəxslərə (“dəlləklərə”) sünnət etdirməyin!
Uşağın yaşından asılı olmayaraq o, ağrı hiss edə bilər, bu səbəblə ya yerli, ya da ümumi anesteziya altında sünnət etdirin.
Ən əsası, sünnətdən öncə uşağı mütləq müayinə etdirin. Cinsiyyət üzvündə və xayalarda hər hansı problemin olub-olmadığı əməliyyatdan öncə bilinməlidir. Bunlar enməmiş xaya, hipospadiya (peyğəmbər sünnəti, doğuşdan yarım sünnətli) kimi uroqenital anomaliyalardır. Həkim bunu öncədən aşkar etməli, ailəyə məlumat verməli və bu xəstəliklərin cərrahi yolla düzəlməsinə uyğun vaxt ayırmalıdır.
Sünnət əməliyyatdır, küçümsəməyin! Çünki bu əməliyyat geri dönüşü olmayan fəsadlara səbəb ola bilər! Uyğun yaş seçin və sünnət üçün professional mütəxəssislərə müraciət edin.
Pərviz Hacıyev – Uşaq Urologiyası Uzmanı