Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri



Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri

Xəbər verdiyimiz kimi, BBC Ruben Vardanyanı ifşa edən geniş araşdırma yayıb.

Lent.az həmin araşdırmanı təqdim edir: 

Rusiyalı milyarder, iş adamı və xeyriyyəçi Ruben Vardanyan 2022-ci ildə Moskvadakı sakit həyatından ayrılmaqla, Rusiya pasportundan imtina edib Qarabağa getməklə hamını təəccübləndirdi.

O, Qarabağda dövlət naziri vəzifəsini tutdu. Bir il sonra Azərbaycan Qarabağı geri aldı, Vardanyanın özü isə Azərbaycan hakimiyyəti tərəfindən həbs edildi.

O vaxtdan bəri onun haqqında, demək olar ki, heç bir məlumat yoxdur - heç kim onun məhkəməsinin başlayacağı tarixi belə bilmir. Məlum olan odur ki, o 3 aydan çoxdur, Azərbaycanda həbsdədir  və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti 2024 cü il, yanvarın 25-də daha 4 ay artırılıb.  

1 milyard dollardan çox var-dövlətinə görə Forbes siyahısına daxil edilmiş rusiyalı biznesmen Ruben Vardanyan 2023-cü il, sentyabrın sonlarında Laçın dəhlizində - keçmiş Dağlıq Qarabağdan Ermənistana yeganə yolda saxlanıldı.

Azərbaycanın qələbəsindən sonra Qarabağın demək olar ki, bütün erməni əhalisi arxada tərk edilmiş evlər və boş küçələr qoyaraq bu yolla oradan çıxırdılar.

Azərbaycan sərhədçiləri sakinlərin əksəriyyətini problemsiz buraxır, lakin tanınmamış respublikanın bəzi rəhbərlərini saxlayırdı. Onların arasında Vardanyan da var idi.

Milyarder bu hadisədən bir il əvvəl Rusiya vətəndaşlığından imtina edərək Moskvadan Qarabağa köçmüşdü. Bəziləri bu gözlənilməz qərarda Rusiya hökumətinə yaxın bir iş adamını bölgədəki proseslərə təsir etmək üçün göndərən “Moskva əli”nin olduğunu deyirdi.

Digərləri üçün bu, Rusiyadan olan əksər iri biznesmenlərə qarşı tətbiq edilən, lakin Vardanyanın indiyə qədər yayındığı Qərb sanksiyalarından qaçmaq cəhdi idi.

Üçüncülər isə hesab edirdilər ki, sonunda Vardanyana azadlığı bahasına başa gəlsə də, bu onun öz həmvətənlərinə səmimi yardım jestidir.

Vardanyan və gələcək

"Niyə Ruben Vardanyan gələcəyi görə bilir", - 2017-ci ildə GQ jurnalında bu başlıq altında məqalə dərc olundu.

Məqalədə Vardanyan - artıq 1990-cı illərdə sərvətini qazandıqdan sonra, - 2010-cu illərdə xeyriyyəçi və uzaqgörən kimi təsvir edilib - o özünü məhz belə göstərməyə çalışırdı.

Elə həmin illərdə o, xeyriyyə layihələrini işə salır, onun fikrincə, Rusiya biznesi üçün kadrlar hazırlayacaq “Skolkovo” biznes məktəbinə sərmayə yatırır, Ermənistanın Dilican şəhərində “insanları, millətləri və mədəniyyətləri sülh və davamlı gələcək naminə birləşdirəcək" özünəməxsus təhsil metodologiyası ilə fəaliyyət göstərən məktəb inşa etdirir.

“Rubenin layihələri miqyası ilə səciyyələnir - onlar bu günlə məhdudlaşmır və gələcəyə yönəlib. Buna görə də o gələcəyi müəyyənləşdirən təhsil, elm, mədəniyyətlə məşğul olur”, - Vardanyanın dostu, yazıçı Yevgeni Vodolazkin BBC ilə söhbətində vurğulayıb.

Ruben Vardanyan

ŞƏKLİN MƏNBƏYİ VYACHESLAV PROKOFYEV/TASS

Snob Media-nın baş direktoru Marina Gevorkyan, Ruben Vardanyan və snob.ru saytının baş redaktoru Kseniya Çudinova "Snob-da. Rusiya istehsalı"

Sanki, Vardanyan həqiqətən də hər zaman gələcək haqqında düşünür: bu mövzu, demək olar ki, onun hər müsahibəsində vurğulanır.

O, 2018-ci ildə nəşr etdiyi "Yol ayrıcında" kitabında gələcək "istedadlılıq" dövründə Ermənistanın inkişaf yollarını müzakirə edir.

Kitabda deyilir ki, yaxın gələcəkdə “nə işçilər ordusu, nə də ərazilər uğrunda döyüşən güclü ordular lazım olacaq. Ən qiymətli resurs sterotipləşmiş çərçivələrdən və məhdudiyyətlərdən kənar düşünməyi bacaran, daim inkişaf edən, insanları “özümüzünkilər”ə və “yadlar”a bölməyən qlokal (ingilis dilində “qlocal”, yəni "qlobal" və "lokal" sözlərinin birləşməsindən yaranmış söz) insan olacaq".

Vardanyanın başqa bir layihəsi Moskvanın Romanov küçəsindəki Noôdome klubudur. Onun saytında çoxlu gözəl sözlər var - yenə də, gələcək haqqında: “Noôdome gələcəyi duyan, dəyişikliyə təşəbbüs göstərən və əlaqələr quran insanları - daha yaxşı sabah üçün bu gün öz hərəkətlərinə görə məsuliyyət daşımağa hazır olan insanları birləşdirir”.

Klubun bir səfiri də yazıçı Vodolazkin olub. “İdeya gözəl oldu və indi “Noodom” mədəniyyət insanlarının ünsiyyət qura biləcəyi ən yaxşı yerlərdən biridir. Mən geniş mənada mədəniyyət adamlarından danışıram - onların peşələri nə olursa-olsun”, - o, BBC-yə deyib.

Klubun bir çox üzvləri - rejissorlar, sənətşünaslar, professorlar, xeyriyyəçilər - həbs olunan iş adamına dəstəklə bağlı açıq məktub imzalayıblar. Bu, Vardanyanın səylə öz ətrafına topladığı şəxslərdir. Bununla belə, onun tamamilə başqa sahələrdən də dostları olub.

Milyarder Vardanyan “Rostex”in baş direktoru Sergey Çemezov və dövlət korporasiyasının digər rəhbərləri ilə birgə “Vremena Qoda” ov klubunun üzvü olub, Aralıq dənizi sahilində “Rostex” rəhbərliyinin villalarının yerləşdiyi eyni kənddə ev tikib və Çemezovun pullarını idarə edib. Hazırda “Rostex” dövlətin müdafiə sifarişlərini yerinə yetirir - Rusiyanın müharibədə Ukraynaya qarşı istifadə etdiyi tankları və sursatları istehsal edir.

“Onun peşəkar keçmişi və işlədiyi şəxslər onun özünün ictimaiyyət arasında görünmək istədiyindən bir az fərqlənirlər. Onun dostları mədəniyyət və teatr elitasından olan insanlar, ictimai rəy liderləri, ulduzlardır”, - BBC ilə söhbətində Transparency International Russia* təşkilatının baş direktor müavini İlya Şumanov* qeyd edir.

Çemezov biznesmenin müdafiəsi üçün çıxış etməyib.

“Troyka”nın ruhu

Vardanyan, deyəsən, hələ postsovet Rusiyada, bu sözün nə demək olduğu bilinməyəndə, uzaqgörən idi. Sovet İttifaqının xarabalıqlarında yenicə formalaşmaqda olan bazar iqtisadiyyatında ilk “Troyka Dialoq” investisiya bankını məhz 24 yaşlı dünənki tələbə Vardanyan qurub.

“Ölkədə heç kim investisiya bankçılığının nə olduğunu bilmirdi. Bu, nədir belə, heç kim bilmirdi. Bunu bütövlüklə sıfırdan etmək lazım idi”, – Rusiya İqtisadiyyat Məktəbinin elmi rəhbəri, İspaniya Pompeu Fabra Universitetinin professoru, tanınmış Rusiya iqtisadçısı Ruben Yenikolopov (ailəsi Qarabağdandır) deyir.

"Və belə bir, özü də dünya səviyyəli bank yaratmaq mümkün oldu, - deyə o davam edir. - Bu, çox nadir hal idi ki, necə deyərlər, ədalətli rəqabət şəraitində Qərbdəkindən daha yaxşı bir iş görmüş Rusiya şirkəti - milli çempion meydana çıxırdı".

Belə bir şirkətin işləməsi üçün analitika və səmərəli ticarət fəaliyyəti yaratmaq lazım idi. Rusiyada o vaxtlar bunu edə bilmirdilər. "Rubenin istedadı onda idi ki, o, çox səmərəli işləyən komanda yarada bildi, - iqtisadçı Oleq Vyuqin (o, 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində "Troyka Dialoq"da işləyib) söyləyib: "Əvvəldən “Troyka”da əsas vəzifələrdə ABŞ və Avropadan olan mütəxəssislər işləyirdi. Çoxları onlardan öyrənirdi”.

Bir çox məşhur rus iqtisadçıları məhz “Troyka”da başlayıblar: “Bu, elə bir kadr hazırlama ocağı idi. Çox fərqli insanları bir araya gətirmək - bunu Ruben çox yaxşı bacarırdı”, - Yenikolopov deyir.

Həmin illərin hadisələrinin iştirakçıları deyirlər ki, Vardanyan komanda işinə meyilli idi və “Troykanın” xüsusi ruhunu təsvir edirlər: hər kəs ümumi işdə öz iştirakı və öz məsuliyyətini hiss edirdi.

"Bu, bütün qərarların icra edilməzdən əvvəl müzakirə edildiyi Direktorlar Şurası olan ilk şirkətlərdən biridir, - “Troykada” işləyən Oleq Vyugin xatırlayır. - Ruben aparıcı rol oynayırdı, amma orada heç vaxt belə bir şey olmayıb: mən bunu belə görürəm, siz hamınız isə yanılırsınız. Onun üçün qərarın hamı tərəfindən qəbul edilməsi vacib idi. Rubenin məharəti onda idi ki, bu Şura ortaq həll yolu tapırdı və hamı bunu dəstəkləyirdi. O, insanlara arxalanırdı”.

Ancaq bununla belə, uzun müddətli perspektivdə təşkilat sağ qala bilmədi. 2011-ci ildə “Troyka”nı Sberbank-a satdılar: dövlət bankı innovasiya şirkətini onun bütün yaxşı cəhətləri ilə birlikdə mənimsədi.

Yenikolopov bunun normal olduğunu təkidlə deyir: “İnvestisiya banklarına müstəqil olmaq çətindir. Uzunmüddətli perspektivdə lokal milli çempionlar ya kommersiya bankları ilə birləşir, ya da JP Morgan kimi beynəlxalq banklara qatılır”. Məhz bu şirkət 2007-ci ildə “Troyka”nı almağı təklif etmişdi, lakin son anda onu satmamaq qərarına gəldilər.

“2007-ci ildə Rusiya iqtisadiyyatı ilə bağlı nikbinlik daha böyük idi. O zaman onlar düşünürdülər ki, sadəcə çox böyüyəcək və beynəlxalq arenaya çıxacaqlar, - Yenikolopov deyir. — 2011-ci ildə isə məlum oldu ki, yox, Rusiya iqtisadiyyatı əsasında qlobal heç nə qurmaq olmaz. Və artıq o zaman aydın idi ki, [şirkəti] satmaq lazımdır”.

"Sber [bank], öz qaydaları və işi olan nəhəng bir qurumdur və aydındır ki, “Troyka” bir butik kimi, sırf broker və investisiya şirkəti kimi onun içində əriyib. Bu, böyük strukturların daha kiçikləri ələ keçirməsi üçün standart bir hekayədir", - Vyugin deyir.

Beləliklə, "milli çempion"dan qalan yalnız xatirələrdir. “Troyka”nı uzun müddət xatırlayıblar - tamamilə "ağ", nümunəvi Rusiya biznesi nümunəsi kimi. 2019-cu ildə korrupsiya hallarını araşdıran jurnalist birliyi OCCRP*** tərəfindən aparılan araşdırma ortaya çıxana qədər.

"O, ofşora pul çıxaran yox, xeyriyyəçi kimi görünməyə çalışır"

Araşdırmadan məlum oldu ki, “Troyka Dialoq” bütöv bir ofşor şirkətlər sistemini yaradıb. Nüfuzlu şəxslərin pulları onların vasitəsilə gizli şəkildə xaricə ötürülürdü: bu şəxslərdən biri kimi jurnalistlər Vladimir Putinin dostu, musiqiçi Sergey Rolduqinin adını çəkiblər. Uzun illərdir ki, araşdırmaçılar violonçel ifaçısını Prezidentin “pul kisəsi”, yəni onun kapitalının "qoruyucusu" adlandırırlar.

Araşdırma Vardanyanın şəxsiyyətinə kölgə saldı, lakin onu ictimaiyyətin gözündə 100 faiz korrupsioner etmədi. Hətta araşdırmanın özündə də vurğulanır ki, “Troyka”nın ofşor şirkətlərinin büdcədən oğurlanmış pulların birbaşa alıcıları olduğunu və ya cinayətkar qruplarla birbaşa əlaqədə olduğunu dəqiq söyləmək mümkün deyil.

Bir çox tanınmış Rusiya iqtisadçıları, məsələn, ofşorun özlüyündə qanuni praktika olduğunu deyərək araşdırmaçı jurnalistlərlə mübahisə edib, Rusiyada isə varlı adamların ofşora getməklə öz əmlaklarını quldurların və ya güc strukturlarının hücumlarından qoruduğunu xatırladıblar.

"Bu, know your client (müştərinizi tanıyın) sistemi bu yaxınlarda sərtləşdi, - Ruben Yenikolopov BBC ilə söhbətində onları dəstəkləyib. - Rusiyanın daxilində qaydalar tamamilə fərqli idi, lakin bu, hətta Rusiya məsələsi deyil, beynəlxalq səviyyədədir. 2000-ci illərin əvvəlinə baxsaq, o zaman hər şey xeyli sadə idi və pulun necə peyda olmasına göz yummuşdular”.

Bir vaxtlar Vardanyanla “Troyka”da işləmiş Oleq Vyuqin araşdırma açıqlanandan sonra təkid edirdi ki, günahkar “Troyka” deyil, onun "vicdansız müştəriləridir".

“Korrupsiyadan danışsaq, burada onun subyekti “Troyka Dialoq” deyil, korrupsiya əməllərini törədən konkret şəxslərdir - Maqnitski işi, Şeremetyevo fırıldağı, rüşvət almaq və s. Diqqəti onların üzərinə cəmləşdirmək lazımdır. Maliyyə təsisatları müştəri sifarişlərinin icraçılarıdır”, - o, The Bell* nəşrinə şərh verib.

Ruben Vardanyan

ŞƏKLİN MƏNBƏYİ ITAR-TASS

Renault-Nissan alyansı ilə "Rostec" dövlət korporasiyası arasında saziş imzalanması: AvtoVAZ-ın prezidenti İqor Komarov, Rostec-in baş direktoru Sergey Çemezov, Renault-Nissan-ın baş direktoru Karlos Qon və Ruben Vardanyan əl sıxır.

Vardanyanın özü araşdırmaya cavab verərək, əslində Rusiya elitasının tələblərinə boyun əyməli olduğunu bildirib.

"Başa düşün, mən mələk deyiləm, - 2019-cu ildə “Meduza”*** ondan sitat gətirib. - Rusiyada sənin üç seçimin var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformist olmaq. Odur ki, mən konformistəm. Amma mənim öz daxili qırmızı xəttim var: girov hərraclarında iştirak etməmişəm, kriminalla işləməmişəm, hər hansı siyasi partiyanın üzvü deyiləm. Buna görə də 1990-cı illərdə mən mühafizəsiz gəzirdim. Və mən özümü və prinsiplərimi qorumağa çalışıram”.

Lakin hadisələrin bu versiyası milyarderin hakim elitanın əhatəsində olmağa çalışması faktına uyğun gəlmir. Yenə də OCCRP-nin sayəsində məlum olmuşdu ki, o, Sergey Çemezovun və dövlətə məxsus “Rostex” şirkətinin digər rəhbərlərinin villalarının olduğu, dəniz sahilində yerləşən İspan kəndində ev tikdirib.

“Troyka”nın satışından sonra Vardanyan onun özünün və eyni zamanda Çemezovun pullarını idarə edən “Quinta Capital Partners” (QCP) şirkətini yaradıb. İndi, SPARK-a görə, şirkət fəaliyyət göstərmir.

2020-ci ildə Aleksey Navalnı Tatarıstan prezidenti Rüstəm Minnixanovun şübhəli sxemləri ilə bağlı araşdırma yayıb: arvadına məxsus otelin 49 faizi ofşor şirkət tərəfindən 2,2 milyard rubla alınıb, mühasibat sənədlərində isə real dəyərini deyil, endirimli - cəmi 6 milyon yarım alış dəyərini yazıb.

Bu sxem bir neçə ildən sonra da təkrarlanıb. Navalnı əmindir ki, bu şəkildə rüşvət ört-basdır edilə bilərdi. Siyasətçi aşkar edib ki, ofşor bütövlüklə Ruben Vardanyana məxsusdur: ümumilikdə, onun hesablamalarına görə, Vardanyan, demək olar ki, 3 milyard rubl ödəyib. Milyarder özü ittihamları “tam cəfəngiyyat” adlandırıb.

Qarabağa köçərkən Ruben Vardanyan RBK-ya bildirib ki, Rusiyadakı bütün aktivlərini ailə vəqfinə keçirəcək. SPARK-ın məlumatına görə, bu vəqf Kayman adalarında ofşor şirkətə, onun kiçik bir hissəsi isə Vardanyanın həyat yoldaşı Veronika Zonabendə məxsusdur. Güman etmək olar ki, Vardanyan və onun ailəsi hələ də ailə vəqfinə verilən əmlaka nəzarət edirlər.

2022-ci ilin oktyabrında, Vardanyan Rusiyanı tərk etdikdən dərhal sonra, Zonabend əvvəllər səhmlərinə Vardanyanın sahib olduğu bir neçə kiçik şirkətin şərikli sahibi olub. Məsələn, 2022-ci ilin oktyabrında, Vardanyan Qarabağa köçdükdən sonra, “Mediakrat” reklam agentliyini alıb. Ancaq artıq 2023-cü ildə agentlikdəki pay Emilia Zonabendə keçib (soyadına görə, bu milyarderin həyat yoldaşının qohumudur).

Vardanyan hazırda Rusiya ordusu üçün yük maşınları və zirehli texnika istehsal edən KAMAZ şirkətinə bağlıdır. 2021-ci ilə olan məlumata görə, KAMAZ-ın 24 faizi “Avtoinvest” şirkətinə məxsus olub, Vardanyan isə hələ də vəqf vasitəsilə bu şirkətin ortaq sahibidir. O, həm də KAMAZ-ın Direktorlar Şurasına daxildir.

“O, pul çıxarmaqla məşğul olan və indi aydın olduğu kimi, bu müharibənin [Ukraynada] başlanğıcında olan çox şübhəli, korrupsionerlərlə ortaqlıq edən bir şəxs kimi yox, xeyriyyəçi kimi görünməyə çalışır”, - Transparency International-dan İlya Şumanov israr edir.

Belə ki, Vardanyan Qarabağa getmək qərarına gələndə onun səmimiliyinə heç də hamı inanmadı.

“Moskvanın əli”, yoxsa yox?

Ruben Vardanyan Ermənistanda anadan olub, lakin bütün yetkin həyatı - 17 yaşından - Rusiyada keçib, orada uğurlu biznes qurub və varlanıb.

“Mən inanmıram ki, Rusiyadan getmək olar, burada baş verənlərə, onların ötüb keçəcəyinə ümid edərək, onlara məhəl qoymamaq olar”, - Vardanyan 2019-cu ildə Forbes jurnalına verdiyi müsahibədə deyib.

Ancaq bundan cəmi üç il sonra - artıq Ukrayna ilə müharibənin qızğın vaxtı - o, Rusiyanı tərk etdi. Putinin işğalı barədə şərh verməkdən imtina edərək, belə bir qeyri-müəyyən cavab verdi ki, hər hansı bir müharibənin əleyhinədir, amma ən çox onu ermənilərin taleyi narahat edir. Rusiyanı isə tənqid edə bilməz, çünki erməni Qarabağının mövcudluğu ondan və onun sülhməramlılarından asılıdır.

Onun Qarabağa köçməsi Vardanyanın BBC-nin danışdığı dostları və tanışları üçün sürpriz olub. Amma çoxları vurğulayırlar ki, belə olacağını hiss edibdlər.

Vardanyan uzun illər Ermənistana sərmayə qoyurdu. Məsələn, “Matena” biznes məktəbini o, yaradıb. Qədim, əlçatmaz Tatev monastırına kanat yolu çəkdirib, bu da turist axınını on qat artırıb və monastırı bərpa edib.

"Erməni soyqırımından" sağ çıxanlar adından bu gün imkansızları və təqiblərə məruz qalanları xilas edənlərə verilən illik “Avrora” mükafatı təsis edilib.

"Onun Ermənistana nə qədər çox şey verdiyini və onu nə qədər çox sevdiyini görən bir adam olaraq, mənim üçün onun insanların çox çətin vəziyyətdə, bir növ cəbhə xəttində olmaq istəməsi təbii idi, - jurnalist Andrey Loşak BBC-yə deyib.

Vardanyanın xahişi ilə o, “Avrora” mükafatı laureatları haqqında videolar çəkirdi və görürdü ki, biznesmen “ilk növbədə Ermənistanın vətənpərvəridir”.

2022-ci ildə Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçdü və orada tezliklə "dövlət naziri" postunu tutdu. Amma nə Azərbaycanda, nə də Ermənistanda çoxları bu addımın səmimiliyinə inandı.

Azərbaycanda belə qərara gəldilər ki, Rusiyadan qəfil peyda olan milyarder Moskvanın vəziyyətə müdaxilə cəhdidir.

2022-ci ildə Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçdü və orada tezliklə birinci nazir postunu tutdu. Amma nə Azərbaycanda, nə də Ermənistanda çoxları bu addımın səmimiliyinə inanmadı.

Azərbaycanda belə qərara gəldilər ki, Rusiyadan qəfil peyda olan milyarder Moskvanın vəziyyətə müdaxilə etmək cəhdidir.

“O, Moskvadan ora çox aydın gündəmlə göndərilib”, – Azərbaycan Prezidenti İlham Əliyev Vardanyan haqda deyib.

2022-ci ilin oktyabrında (o vaxt rusiyalı milyarder Qarabağa yeni gəlmişdi) Prezident Əliyev demişdi ki, Azərbaycan “Qarabağda yaşayan ermənilərlə danışıqlara hazırdır, Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurlanmış milyardlar olan Vardanyan kimi adamlarla yox".

“Hamı düşünür ki, Rusiya hakimiyyəti ilə bağlı olmasan, Rusiyada böyük bizneslə məşğul ola bilməzsən”, - azərbaycanlı politoloq Altay Göyüşov ictimaiyyətin şübhələrini belə izah edir.

Xüsusilə də Vardanyanın Rusiya vətəndaşlığından bu qədər tez imtina edə bilməsi şübhə doğurub. Adi insanlar üçün prosedur 6 aydan 12 aya qədər davam edir: böyük bir sənəd paketi toplamaq lazımdır.

Ruben Vardanyan

ŞƏKLİN MƏNBƏYİ VICTOR BOYKO/GETTY IMAGE

Ruben Vardanyan Ermənistandakı Tatev monastırına gedən, özünün çəkdirdiyi kanatda

Vardanyan həm də onu rusiyapərəst mövqedə ittiham edən ermənilər qarşısında özünə bəraət qazanmalıdır. Onun bədxahları iş adamının səhv iqtibas edilən müsahibəsini xatırlayır.

Həmin müsahibədə o, guya Ermənistanın, Tatarıstan kimi, öz dilini qoruyub saxlayan Rusiya Federasiyasının uğurlu regionuna çevrilməsini təklif etmişdi. Vardanyan buna cavab olaraq hətta YouTube-da xüsusi video da yayıb, orada israr edirdi ki, onun sitatını kontekstdən çıxarıblar: o, Ermənistana Rusiyanın tərkibinə daxil olmağı təklif etməyib, hadisələrin mümkün, lakin arzuolunmaz inkişafı barədə mülahizə söyləyib.

Ancaq erməni politoloq Tiqran Qriqoryan əmindir ki, Rusiyaya Qarabağda əlavə “əl” lazım deyildi. “2020-ci ildən sonra Qarabağda Rusiya sülhməramlı kontingenti yeganə hərbi amil olanda və o vaxtlar hesab edildiyi kimi, Qarabağın təhlükəsizliyinin təminatçısı olanda, orada hakimiyyətdə kim olursa olsun, Moskvanın maraqları və fikirlərini nəzərə almalı idi”, - Qriqoryan BBC ilə söhbətində izah edib.

Qriqoryanın sözlərinə görə, bir neçə ay "dövlət naziri" olaraq, Vardanyan heç bir xüsusi rusiyayönlü addım atmayıb və ümumiyyətlə, çox az iş görə bilib:

“O, heç Rusiya sülhməramlı kontingenti ilə də normal münasibətlər qura bilməyib”. Məsələn, Vardanyan açıq şəkildə deyib ki, sülhməramlılar Qarabağ sakinlərinə yanacaq satır, onlar da onu yenidən satırlar. Bu, sülhməramlıların xoşuna gəlməyib, politoloq bildirib.

"Dövlət naziri" olarkən Vardanyana yaxın adamlardan biri bu xəbəri təsdiqləyib, lakin problemin sülhməramlıların bütün strukturunda deyil, ayrı-ayrı əliəyri insanlarda olduğunu vurğulayıb.

Başqa bir versiya da var: Vardanyan Ukraynaya genişmiqyaslı işğala başlamış, beynəlxalq ictimaiyyətin gözündə təcavüzkara çevrilmiş və Qərbdən sərt sanksiyalar alan Rusiya ilə əlaqəni artıq kəsmək istəyirdi.

“O, əslində liderlik qabiliyyətinə baxmayaraq, çox emosional insandır. Hiss etdiyim kimi, o, bütün bu son illərdə çox narahat idi. Daha doğrusu, bu, Ermənistanla bağlı idi, bəlkə də təkcə Ermənistanla yox, – Vardanyanı çoxdan tanıyan Oleq Vyuqin BBC ilə söhbətində eyham vurur. - O, Rusiyadakı kəskin siyasi məqamlar barədə birbaşa danışmırdı, lakin narahat və təşviş içində idi".

Vardanyanın Rusiya hakimiyyətinə münasibəti dəqiq məlum deyil: o öz qiymətləndirmələrində həmişə ehtiyatlı olub, baxmayaraq ki, keçmişdə son illərdəkindən daha cəsarətli çıxış edirdi.

“İnsan sabahı düşünərək yaşamalıdır. Hətta uzun müddət oğurluq etməli olacaqlarsa, bunu da başqa cür etməlidirlər. Rusiyada hamı bugünkü günlə yaşayır, amma hakimiyyətdə olanlar, görünür, elə bilirlər ki, əbədi yaşayacaq, əbədi hökmranlıq edəcəklər...” – o, 2013-cü ildə “Kommersant”la söhbətində hakimiyyət haqqında kifayət qədər tənqidi danışıb.

Digərləri isə ehtimal edirlər ki, Vardanyan Rusiyadan getməklə Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra rus oliqarxlarına qoyulan Qərb sanksiyalarından qaçmağa çalışıb.

2022-ci ilin yanvarında ABŞ Konqresinin sanksiya sənədlərində onun da adı gözə çarpsa da, milyarderin özünə sanksiyalar toxunmayıb.

Buna cavab olaraq, Vardanyan “Meduza”ya müsahibəsində deyib ki, qaçmaq üçün tanınmamış respublikadansa, daha rahat yer seçə bilərdi. “Sanksiyalardan qaçsaydım, Uruqvaya gedərdim: yaxşı hava, yaxşı ət, meyvələr var, ermənilərə çox yaxşı yanaşırlar və gözəl iqlimi var. Fermada özüm üçün rahat yaşayardım, - o deyib. – Yoxsa, bilirsiniz, çox qəribədir, sanksiyalardan elə bir yerə qaçmaq ki, orada səni sadəcə erməni olduğuna görə öldürə bilərlər”.

“Ermənistan başçısı olmaq”

Politoloq Qriqoryan əmindir ki, Vardanyanın Ermənistanda öz siyasi ambisiyaları olub. Onunla milyarderlə yaxından tanış olan iqtisadçı Ruben Yenikolopov da razılaşır.

“Onun ambisiyaları çox aydın idi: o, Ermənistanın başçısı olmaq istəyirdi. Zənn edirəm, o hədəfə köklənmişdi ki, əgər Qarabağda alınsa, Ermənistan cəmiyyətinin də etimadını qazanmaq olar, - o bildirib. - Əlbəttə, onu ora Kremlin göndərməsi fikri cəfəngiyyatdır. Bilmirəm, bu, onunla razılaşdırılıb, yoxsa yox, amma əminəm ki, motivasiya, olduqca şəxsi olub”.

Vardanyanın əsas şəxsi keyfiyyətini təsvir etmək üçün Yenikolopov ingiliscə “mission-driven” ifadəsindən istifadə edir: “məqsədə fokuslanan”. O, israr edir ki, bu, adi hakimiyyət həvəsi deyil: “Ermənistan elə bir ölkədir ki, onu idarə etməyi düşməninə belə arzulamazsan. Belə bir şeyi hədəfə almaq üçün çox "mission-driven" olmalısan. Qarabağda isə artıq o vaxtlar həyat, məişət baxımından, çox ağır idi. Oraya yalnız yüksək ideyalar naminə getmək olardı, hakimiyyətə gəlmək üçün yox”.

“Vardanyan öz həyatını risk altına qoydu, göstərmək istəyirdi ki, mən sizinləyəm, sizi atmaram, mən vətənimi harada olsam, orada da müdafiə edirəm. Və Qarabağa getdi, - biznesmenin digər bir dostu, psixoloq Aleksandr Asmolov deyir. - Və bu seçim, insanları onun Moskvada, Yerevanda və ya Londonda təhlükəsizlikdə olaraq, humanitar layihələr həyata keçirməsindən daha çox ruhlandırdı".

Doğrudan da, onun gəlişi əvvəlcə Qarabağ ermənilərini ruhlandırdı, politoloq Qriqoryan deyir: “Çətin, mürəkkəb vəziyyətdə bu qəbildən olan adam gələndə, bu, əhalidə ümid doğurur ki, bəlkə burada hələ hansısa gələcək var”.

Lakin sonra Vardanyanla tanınmamış DQR prezidenti Arayik Harutyunyanın komandası arasında münaqişələr başlandı.

Biznesmen qəti şəkildə Azərbaycanla razılaşmaların və güzəştlərin əleyhinə idi. “Vardanyanın mövqeyi bir az ultra-patriotik idi : sona qədər mübarizə aparmalıyıq. Lakin konkret necə döyüşmək barədə heç bir yol xəritələri yox idi”, - Tiqran Qriqoryan deyir.

Vardanyan tanınmamış respublikanın dövlət naziri vəzifəsində cəmi dörd ay - noyabrdan fevralın sonuna qədər - qaldı: daha sonra "prezident" Harutyunyan onu istefaya göndərdi. Vardanyan özü jurnalistlərə izah etdi ki, istefa Azərbaycanın təzyiqi ilə baş verib.

Azərbaycanlı ekspert Göyüşovun ehtimalınca, elə belə də olub. Erməni politoloq Tiqran Qriqoryan isə əlavə edir ki, Bakı, Yerevan və Stepanakertdə (Qarabağ erməniləri Xankəndini belə adlandırırlar-red.) onun getməsini istəyirdilər.

Vəzifədən getdikdən sonra Vardanyan Qarabağda "prezident" Harutyunyana qarşı siyasi qüvvələrin birləşdirilməsi prosesinə başladı. O, Ermənistanın Baş naziri Paşinyanı da tənqid edirdi – ona görə ki, ölkə liderləri “Artsaxı itirirlər”.

Rusiyada özünü biznesmen və xeyriyyəçi adlandıran Vardanyan siyasətdən az danışırdı. Qarabağda, siyasətçiyə çevrildikdən sonra, yerli və Ermənistan hakimiyyətləri haqqında sərt danışmağa başladı.

“Ermənistanda siyasi vəziyyət belə görünür: aşağılar bacarmır, yuxarılar istəmir. “İndikilər” ardıcıl olaraq, Artsaxın təslim olması, Ermənistanın suverenliyinin tamamilə itirilməsi ssenarisini həyata keçirirlər”, - milyarder Telegram kanalında yazmışdı. Və bu problemin həlli kimi seçkilərdə “Yaşamaq üçün ölkə” partiyasının namizədinə səs verməyi təklif etmişdi – və hətta prezident seçkilərində deyil, Yerevan şəhər seçkilərində.

Yerevan Ağsaqqallar Şurası seçkilərində Vardanyanla əlaqəli hesab edilən “Yaşamaq üçün ölkə” cəmi 3,64 faiz səs toplayıb, bu, 14 siyasi qüvvə arasında ən aşağı nəticələrdən biri olub.

Politoloq Qriqoryanın sözlərinə görə, Qarabağda isə Vardanyan 2023-cü il sentyabrın 9-da növbəti seçkilər zamanı hakimiyyətə gələn “müxalifət qütbü” yarada bilib.

Bunu açıq mənbələrdən yoxlamaq mümkün deyil: sentyabrın 9-da "prezident" vəzifəsinə gələn Samvel Şahramanyanın tanınmamış respublikada müstəqil uğurlu siyasi karyerası olub. Onu heç cür Vardanyanın adamı adlandırmaq mümkün deyil. Və əgər onlar biznesmenlə nədəsə razılığa gəliblərsə də, bu, ictimaiyyət üçün açıq olmayıb.

Hər halda, Vardanyan Qarabağda uğur qazana bilmədi və bununla Ermənistanda da siyasi xal əldə edə bilmədi. Sadəcə, ona görə ki, DQR daxilində hakimiyyət uğrunda mübarizə gedərkən, Azərbaycan ərazini hərbi yolla almağa hazırlaşırdı – və bu, seçkilərdən cəmi 10 gün sonra, sentyabrın 19-da baş verdi.

Mən Ruben Yenikolopovdan soruşanda ki, Vardanyan öz planının hesabında yanılmayıbmı, o, belə cavab verir: “O, demək olar ki, öhdəsinə ümidsiz bir iş götürmüşdü və, gözlənildiyi kimi, möcüzə baş vermədi. Mission-driven olan insanlar tez-tez başlanğıcdan ümidsiz işlərə girişirlər. Yüzdən biri nəyəsə çatır və böyük insan olur. Amma bu, dünyanı dəyişmək istəyən insan tipinin xüsusiyyətidir: əksər hallarda dünya daha möhkəm olur”.

Gələcək gəlmədi

Ruben Vardanyan sentyabrın 27-də Qarabağın, bir anda qaçqına çevrilmiş bütün erməni əhalisi ilə birlikdə Ermənistana getmək istəyərkən saxlanılıb. Onun əli qandallı fotosu bir çox media orqanlarında yayılıb. Azərbaycan qanunlarına görə, iş adamı terrorçuluğu maliyyələşdirməkdə, silahlı birləşmələrin yaradılmasında iştirakda və sərhədi qanunsuz keçməkdə ittiham olunur. Onu 14 ilə qədər həbs gözləyir.

Ekspertlər razılaşırlar ki, bu, əvvəldən bəlli idi: Vardanyan Azərbaycanın həbs etmək istədiyi Qarabağın erməni liderləri sırasında idi.

Bir çoxları Vardanyanın bütün hərəkətlərini – onun biznesi, onun mesenatlığı, onun Stepanakertə köçməsini - tamahkarlıq, qəsd və ya şöhrətpərəstliklə izah etməyə çalışırlar. Amma bununla bağlı versiya yoxdur ki, niyə nəhəng kapitala və geniş əlaqələrə malik olan nüfuzlu bir şəxs Qarabağdan çıxa bilməyib və Azərbaycan hərbçilərindən yayınmağın mümkün olmadığı Laçın yolunda özünün saxlanmasına imkan verib.

Ruben Vardanyan

ŞƏKLİN MƏNBƏYİ SIMON WOHLFAHRT/AFP VIA GETTY IMAGES

Brüsseldə Avropa Komissiyasının sədri Ursula von der Leyenin maskasını taxmış və əlində “Ruben Vardanyanı azad et” plakatını tutan etiraz aksiyasının iştirakçısı. 1 oktyabr 2023-cü il

Vardanyanın özü 2023-cü ildə, bir günlük müharibədən əvvəl - blokada zamanı - verdiyi müsahibəsində deyib ki, fiziki olaraq, o cümlədən Rusiya sülhməramlıları ilə birlikdə helikopterdən istifadə edərək, Qarabağı tərk edə bilməz. “Mən uça bilmərəm, bu, mümkün deyil, helikopteri vurarlar. Deyirlər ki, helikopterlərdən yalnız Rusiya hərbçiləri istifadə edə bilər”, - o, rusiyalı jurnalist Yelizaveta Osetinskayaya* müsahibəsində izah edib.

Dostları isə hesab edirlər ki, Vardanyan ordan çıxa bilərdi, sadəcə, hesab edirdi ki, düzgün deyil.

"İnanın, onda olan imkanlarla o, münaqişə zonasını tərk etmək üçün ən müxtəlif variantlar tapa bilərdi, - psixoloq və Vardanyanın dostu Aleksandr Asmolov əmindir. - O bunu etmədi və hamı ilə birbaşa sərhədə getdi. Musanın Misirdə xalqı köləlikdən çıxartdığı kimi, o da yanında olduğu xalqla getdi. O, müsibətə düşən insanları tərk etmədi, bu bədbəxtliyi onlarla bölüşdü”.

Milyarderin özünü isə, görünür, bəla içində qoyaraq tərk ediblər.

Rusiya hakimiyyəti saxlanılan keçmiş rusiyalı haqqında çox az şey deyir. Federasiya Şurasının üzvü Aleksandr Başkin bildirib ki, Vardanyan Rusiyadan kömək görməyəcək, ona görə ki, Rusiya vətəndaşlığından imtina dib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin və Əliyev oktyabrda görüşüblər, lakin Vardanyanın taleyini müzakirə etməyiblər.

Politoloq Tiqran Qriqoryan Vardanyanın vətəndaşı olduğu Ermənistan tərəfindən dəmir barmaqlıqlar arxasından çıxarılacağına qəti şəkildə şübhə edir. “Yerevan mübadilə üçün çox az vasitəyə malikdir”, - o hesab edir.

2023-cü ilin dekabrında Ermənistan 2020-ci il müharibəsindən bəri həbsdə olan 32 hərbi qulluqçusunun mübadiləsinə dair Azərbaycanla, nəhayət ki, razılığa gəlib. Tanınmamış DQR-in rəhbərləri mübadilə siyahısında olmayıb.

Gələcək Ruben Vardanyanın məktəblər tikəndə və humanitar layihələrin əsasını qoyanda gördüklərindən tamamilə fərqli oldu. Bu, “istedadlılıq” və qeyri-standart düşünən insanların dövrü deyil, məhz ərazi uğrunda vuruşan ordular zamanəsi oldu.

Vardanyan illərlə Putin elitasına maliyyə məsələlərinin həllində kömək etdi, Rusiyanı qəzəbləndirməmək üçün müharibəni tənqid etmədi, lakin lazım olan məqamda Rusiya nə Qarabağdakı separatçı erməni respublikasını, nə də Vardanyanın özünü xilas etdi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10