Salavat Yulayevlər ölməyib - Başqırdıstanda etnomaydan qızışır
Sovet İmperiyasının dağılmasının necə başladığını xatırlayırsınızmı? Milli ucqarlardakı iğtişaşlardan və qanlı toqquşmalar - bütün azərbaycanlı əhalinin, təxminən 200 min nəfərin qovulduğu Ermənistanda, erməni millətçilərinin Azərbaycandan ayrılmaq üçün separatçı hərəkata başladığı Qarabağda, Gürcüstan SSR-dən ayrılmağı tələb edən Abxaziyada başladı. Cəzalandırıcı sovet ordusunun Tiflisə, Bakıya, Vilnüsə daxil olmasını, Moldovada, Riqada və Orta Asiya respublikalarında baş verən hadisələri xatırlayın.
Hazırda, 1773-1775-ci illər kəndli müharibəsinin lap əvvəlindən bütün üsyankar Başqırdıstanın başında rus avtokratiyasına qarşı üsyan qaldıran başqırd xalqının milli qəhrəmanı Salavat Yulayevin nəslindən olanlar Moskvanın və Kremlin idarə etmək üçün təyin etdiyi Radiy Xabirovun siyasətinə qarşı kütləvi etiraza qalxıblar. Yanvarın 15-də 10 minə yaxın başqırd “etnik ədavəti qızışdırmaqda” ittiham olunan ekoloji fəal Fail Alsınova dəstək üçün etiraz aksiyası keçirib. Onun günahı yalnız 2020-ci ildə regional hakimiyyət orqanlarının soda istehsalı üçün əhəngdaşı yatağının işlənməsi üçün təhvil verdiyi Kuştau dağının müdafiəsi, eləcə də Uralda kənd təsərrüfatı torpaqlarının məhvinə və suyun çirklənməsinə gətirib çıxaran qeyri-qanuni qızıl hasilatına qarşı çıxış etməsidir.
Bu vəziyyətdə A.V.Vinnikovun Fail Alsınovun əcdadı Salavat Yulayev haqqında yazdıqlarını xatırlamamaq olmur: "Ailənin nəsibi pis pay oldu. Atlar otlayan yerdə zavod var...".
Sadə xalqın müdafiəsinə qalxan Alsınovun həbsinə səbəb isə onun İşmurzino kəndinin sakinlərinin etiraz toplantısındakı çıxışında təbii sərvətlərlə zəngin bir bölgənin ekosistemi üçün təhlükə yaradan rus qızıl mədənçiləri tərəfindən daha bir karxana tikintisindən qəzəblənərək, “kara xalıq” (azərbaycanca - “qara camaat”) ifadəsini işlətməsi olub. Göründüyü kimi, Alsınovun bura işləməyə gələn bütün millətlərin nümayəndələrinin (əksərən ermənilərin) qayıdacağı, başqırdların isə burada əbədi yaşayacağı barədə deməsi, görünür, erməni ilə evli olan Xabirovu xüsusilə narazı salıb. Ona görə də o, özü şəxsən ekoloqa qarşı etnik ədavəti qızışdırması ilə bağlı prokurorluğa donos yazıb.
Təxminən 20 min əhalisi olan kiçik Baymak şəhərinin məhkəməsində bölgənin təmizliyi uğrunda mübarizədə Alsınova dəstək olmaq üçün Başqırdıstanın hər yerindən gələnlərə qarşı hakimiyyət insanları dağıdan, səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə edən minlərlə çevik polisi və rus qvardiyasını yerləşdirdi. Qəhrəman başqırd xalqı başqırd mineral sərvətlərini talayanları və rus təhlükəsizlik qüvvələrini, sözün əsl mənasında çılpaq əlləri ilə, onlara qartopu ataraq qovmağı bacardı.
Bir gün sonra mitinq paytaxta yayıldı - 2 minə yaxın insan Ufanın Salavat Yulayev meydanına 4 il həbs cəzası almış Fail Alsınova dəstək üçün toplaşıb. Bu, üsyan deyil, hələlik bir respublikada təbii sərvətlərin nəzarətsiz şəkildə çıxarılmasından narazı olanların kiçik etirazıdır. Onların davam edib-etməyəcəyini, başqa rayonlara, respublikalara yayılıb-yayılmayacağını demək çətindir.
Ancaq qeyd etmək lazımdır: Başqırd üsyanı Priqojin üsyanından və Dağıstanda Mahaçqala hava limanının yerli sakinlər tərəfindən ələ keçirilməsi ilə nəticələnən kütləvi aksiyalardan sonra Rusiyada “xüsusi hərbi əməliyyat” dövründə artıq üçüncü kütləvi etirazdır.
Rusiya hökuməti və respublika rəhbərliyi Rusiyanın dərinliklərində guya “Rusiya qüdrətini darmadağın etməyə, separatçı təfəkkürləri qızışdırmağa, partizan müharibəsi aparmağa” çalışan Qərbi ittiham etməyə çalışsa da, hər şeyi “Ukr-Nasistlər”in üzərinə atmaq alınmayacaq. Ukraynada müharibə davam etdikcə gərginlik artır, Rusiya arxa cəbhəsində isə sakinlərin özlərinə məxsus təbii ehtiyatların çirklənməsi və hakimiyyətin icazəsi ilə bir ovuc rus varlısı tərəfindən oğurlanmasından narazılıqlarını ifadə edirlər.
Yerli sakinlər, eyni zamanda rus müstəmləkəçiliyinin qurbanı olan başqırdlar Ukrayna torpaqlarının istilası üçün canlarını verirlər. Buna paralel olaraq, onların zəngin faydalı qazıntı yataqlarına - neft yataqları (200-ə yaxın qeydə alınmış yataq), təbii qaz (təxmin edilən ehtiyatlar 300 milyarddan kubdan çox), kömür (təxminən 10 yataq, balans ehtiyatları 0,5 milyard tona qədər), dəmir filizi (20-dən çox yataq, balans ehtiyatları təxminən 100 milyon ton), mis (15 yataq) və sink Moskvanın əlaltıları tərəfindən amansızcasına talan edilir.
Başqırd ekoloji üsyanı Ukraynaya qarşı müharibə nəticəsində Rusiyanın başına gələn bir çox böhranlar: toyuq, yumurta və digər məhsulların qıtlığı, benzinin bahalaşması, neftin ucuzlaşması, Avropanın Rusiyadan enerji almaqdan imtinası, istilik, elektrik enerjisi və su təchizatı ilə bağlı problemlər, onların xarab olması və şiddətli şaxtalar səbəbindən təchizat sistemlərində baş verən kütləvi qəzalar nəticəsində əhalinin donması sırasında daha bir “qara qu quşu” sayıla bilər.
Moskva qorxur ki, Başqırdıstanda baş verən hadisələr digər milli respublikalarda da separatizm riskləri yarada bilər. Kreml oradan Ukrayna cəbhəsindəki Rusiya ordusu hissələrini doldurmaq üçün səfərbərlik resurslarını cəlb edir. Başqırd qadınlarının ərlərinin Ukrayna cəbhəsindən qayıtması və onları müdafiə etməsi üçün çağırışları xüsusi narahatlıq doğururdu.
“Başqırdıstanın özündə hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı addımları başqırdların ləyaqətinə, respublikanın azadlığına və suverenliyinə qarşı “xüsusi cəza əməliyyatı” hesab olunur”, - deyə “Dnevnaya Nedelya” yazır.
Qərbə gəlincə, Rusiya Federasiyasının zəifləməsi və dağılması onların ən dəhşətli kabusu hesab olunur. Bəlkə, elə buna görə də onlar Rusiyaya Ukrayna ərazilərinin bir hissəsini işğal etməyə icazə verdilər və yalnız indi Ukraynanın qələbəsinin zəruriliyi barədə düşünməyə başlayırlar?..