Sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilər üçün Ermənistanın Sosial Məsələlər Nazirliyində yeni layihə hazırlanır və bu barədə onlar artıq məlumatlandırılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Past” məlumat verib.
Erməni nəşri yazır ki, söhbət mənzillərin verilməsi proqramından gedir:
“Burada hər bir Qarabağ ermənisinə 5 milyon dram (12.410 dollar) məbləğində sertifikatın ayrılması planlaşdırılır ki, bu da yalnız mənzil alarkən istifadə olunacaq. Tutaq ki, bir ailədə 4 nəfər varsa, bu zaman həmin ailəyə 20 milyon dram (49,627 dollar) veriləcək. Bundan əlavə, həmin arayışlara əmsalların tətbiqi məsələsini də müzakirə edirlər. Məsələn, İrəvandan kənarda yerləşən mərzlərdə mənzillər alındıqda, sertifikatlara 1,6 əmsalı tətbiq ediləcək, yəni 5 milyon dram 1,6 əmsalı ilə artaraq 8 milyon drama (19.855 dollar) çatacaq”.
Qəzet iddia edir ki, sərhəd kəndlərində isə daha yüksək nisbətdən danışılır:
“Ən yüksək qiymətlər İrəvanda olsa da, sertifikat yalnız İrəvanda işləyəcək. Lakin layihə hələ ki, tamamlanmayıb. Əgər nazirlik bunu qəbul etsə, o zaman hakimiyyət paytaxtı Qarabağ ermənilərindən azad etməyə nail olacaq, çünki bu vəsaitlə ancaq mərzlərdə mənzillər almaq olar. Ona görə ki, paytaxtda mənzillərin qiyməti, əsasən, 20-30 milyon dram arasında dəyişir”.
Analitiklərin fikrincə, Qarabağ erməniləri Paşinyan üçün əməlli-başlı başağrısına çevrilib. Baş nazir onları gözünün qabağında, yəni İrəvanda görmək istəmir. Bu məqsədlə hətta dövlət büdcəsindən milyonlar ayırmağa hazıdır. Yeni plan da məhz buna hesablanıb.
Rafi MÜSLÜMOV