Xəbər verdiyimiz kimi, ötən il dekabrın 23-də saxlanılan və 25 sutka inzibati qaydada həbs edilən III Respublika Platformasının Qurucu Heyət üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyev yanvarın 17-də axşam saatlarında azadlığa çıxıb.
Yeniavaz.com xəbər verir ki, o öz sosial şəbəkə hesabında barəsində 25 sutka inzibati həbs qərarı verilən məhkəmə prosesi barədə yazıb.
Araz Əliyev bildirib ki, nədə ittiham olunduğu barədə məhkəməyə çıxanadək məlumatı olmayıb:
“Dəfələrlə polislərin saxta izahat yazmaq tələbini rədd eləmiş, vəkilim gəlməsə və ailəmə məlumat verilməsə, heç bir sənədə imza atmayacağımı bildirmişdim.
Çünki ömrümdə yalnız bircə dəfə qayda pozuntusu etmişdim. O da 2017-də qırmızı işıqda keçmək və cərimələnmək olmuşdu. İndi isə 535.1 və 510-cu maddələrlə ittiham edilirdim.
Məhkəmə zamanı öyrəndim ki, sən demə küçədə söyüş söymüşəm. Polis kapitanı, baş leytenantı və leytenantı məndən sakitləşməyi tələb ediblər. Mən də onların “qanuni” tələbinə əməl etməmişəm. Bir ayaqları boyda olduğum 3 kişi üzümə durdu ki, yox e, söyüş söymüsən, biz də eşitmişik.
Hakim də BDU-nun müəllimi, həm də Nizami rayon məhkəməsinin hakimi Qumru Əliyeva idi. Ortaya çıxdı ki, sən demə hətta eyni fakültədə dərs deyirmişik. Qalmışını da o düzəltdi. Dedi, müəllim adamsan, o saatda niyə evində deyildin?!
Əlim üzümdə qalmışdı ki, təyin edilmiş Polad adlı vəkil aldı sazı görün nə dedi. Məni müdafiə etmək üçün 50 azn alacaq olan Polad qayıtdı ki, “möhtərəm hakim, söyüş söyüb söyüb də, cavandır, nə edək?”
Çıxışda da “şahidlərdən” biri yaxınlaşıb dedi ki, “üzürlü say da, işimiz budur. Çalış həftə sonları buralara gəlmə. Mənim smenimə düşür”.”
Qeyd edək ki, eyni zamanda, NİDA Vətəndaş Hərəkatının üzvü olan Araz Əliyev ötən il dekabrın 23-də saxlanılıb. Bir gün sonra – dekabrın 24-də onun həyat yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Əlində “Araz Əliyev hardadır?” yazılmış plakat tutan İsmayılova həyat yoldaşının yerini öyrənməyə çalışıb. Az sonra isə Araz Əliyevə 25 sutka inzibati həbs cəzası kəsilməsi barədə xəbər çıxıb.
Universitet müəllimi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb. İddia olunub ki, Araz Əliyev dekabrın 23-də axşam 21:30 radələrində küçədə gedəndə qışqıraraq söyüş söyüb. Polislər ondan intizamlı olmağı tələb etsələr də, tabe olmayıb. Bu üzdən saxlanılaraq, Nizami rayonu 24-cü polis bölməsinə aparılıb.
III Respublika Platforması bəyanat yayaraq, Araz Əliyevin siyasi motivlərlə həbs olduğunu bildirib.