Sosial şəbəkədə qarşımıza Bakıda timsah satılması haqda elan çıxdı. Bu yırtıcı heyvanın satış qiyməti haqda heç bir məlumat olmasa da, ünvan və telefon nömrəsi qeyd olunmuşdu.
“Yeni Sabah”ın əməkdaşı timsahla yerindəcə “tanış olmaq” üçün sözügedən ünvana yollandı. “Memar Əcəmi” metrostansiyanın yaxınlığında yerləşən ekzotik heyvanların satıldığı mağazaya daxil olduqda bəlli oldu ki, əslində burada timsah satılmır. Sadəcə mağazanın sahibi diqqət cəlb etmək üçün belə bir üsula əl atıb.
Timsah olmasa da, maraqlı heyvanlar, quşlar diqqətimizi cəlb etdi.
Burada rəngarəng və bir-birindən gözəl qeyri-adi heyvanlar - gekko, buqələmun, kərtənkələ və quşlar eyni damın altında yaşayırlar.
Mağaza sahibi deyir ki, onların müştəriləri ən müxtəlif cinsə və yaş kateqoriyasına mənsub şəxslərdir.
O, Azərbaycan məşhurları tərəfindən bu heyvanlara maraq göstərilmədiyini deyir, eyni zamanda şou məqsədi ilə istifadə oluna biləcək canlıların satışı və kirayəsinin mövcud olmadığını bildirir.
Bu varlıqların satışı isə 500 manatdan başlayır.
Mağaza sahibi bildirir ki, bu heyvanların satışı və saxlanılması üçün Dövlət Baytarlıq Xidmətinin xüsusi icazəsi tələb olunmur.
Nigar İlqarqızı