Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Jurnalistlərin gözü yolda, qulağı səsdədir: O GÜN NƏ VAXT GƏLƏCƏK?



Artıq iki ildir təhvil verilməsinə baxmayaraq, hələ də binadakı mənzillərə çıxarış verilməyib
 
“Jurnalistlərin binası” kimi tanınan yaşayış kompleksinin ikinci binasının sakinləri narahatlıq içindədirlər. AYNA-ya müraciət edən jurnalist sakinlərin sözlərinə görə, artıq iki ildir təhvil verilməsinə baxmayaraq, hələ də binadakı mənzillərə çıxarış verilməyib.
 
“Bizə hər dəfə müxtəlif tarixlər verirlər ki, filan vaxtadək problem həll olunacaq. Ən son bildirildi ki, bu il 22 iyul Milli Mətbuat Günündə çıxarışlar təqdim olunacaq. Lakin bu dəfə də heç bir xəbər-ətər yoxdur. Artıq məcburuq ki, problemin həllinə göstəriş verməsi üçün ölkə Prezidentinə müraciət edək”, - deyə jurnalistlər bildiriblər.


Məsələni aydınlaşdırmaq üçün AYNA-nın əməkdaşı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb. O bildirib ki, jurnalistlər üçün tikilən və istifadəyə verilən ikinci binadakı mənzillərə də çıxarışlar verilməsi üçün işlər görülür.

“Sənədləşdirmə başa çatandan sonra onların qeydiyyat məsələləri həll olunacaq. Daha sonra çıxarış məsələsinə baxılacaq. Çıxarışlar verilən zaman hamıya öncədən xəbər ediləcək. İndiki mərhələdə çıxarışların verilməsi gözlənilmir”, - deyə V.Səfərli vurğulayıb. 

Problemlə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu da AYNA-ya açıqlama verib. O deyib ki, paytaxtın Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binası ilə bağlı sifarişçi tərəfindən Nazirlər Kabinetinin 309 nömrəli qərarına əsasən istismara icazə üçün tələb olunan tikinti sənədləri Komitəyə təqdim edilib: “Hazırda bununla bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində istismara icazə verilməsi üçün təqdim olunan sənədlərə baxılır”.
 
Məsələni AYNA-ya şərh edən daşınmaz əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, Prezident İlham Əliyevin 2019-cu il 19 fevral tarixində imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında fərmanına görə çoxmənzilli binaların istismarına icazələr sadələşdiriləcək: “Həmin fərman çərçivəsində jurnalistlərin də binası daxil olmaqla, paytaxtda sənədsiz bina qalmayacaq. Yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sənədlər gedəcək və bu ilin sonuna kimi proses yekunlaşacaq”.
 
O, çıxarış verilməsinin çətin proses olmadığını qeyd edib: “Vətəndaşın müraciətindən sonra 1, 3, 7, 10 gün müddətinə çıxarışlar verilir. Yəni maksimal müddət 10 gündür. Çıxarış üçün 30 manat dövlət rüsumu, 20 manat da xidmət haqqı ödənilir. Çıxarışın alınmasını tezləşdirmək istəsəniz, xidmət haqqına əlavələr edilir və çıxarış daha tez verilir. İstənilən halda bu ilin sonuna kimi jurnalistlərin ikinci binasındakı mənzillərə də çıxarışlar veriləcək”.

Müəllif: Ayna.az


Təranə Xudabaxşiyeva 


 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10