Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aktrisanın taleyi, yaxud “qulluqçu” necə xalq atristi oldu




Söhbətdən təsirlənmişəm. O qədər səmimidir ki… Suallarımı çıxartdım, istədim o danışsın, mən susum, oxucu onun həzin lirik musiqi kimi hekayətini  dinləsin. Mənim müdaxiləm dinləyəni o musiqidən ayırmasın…


Həmidə Ömərovadır “oxuyan…” Qalanı bu addan sonra yazılsa, daha doğrudur – Xalq artisti, professor və sair…

“Atalı idi, analı idi uşaqlar…”

Atam Qazaxlıdır, anam bakılı. Sevib evləniblər, amma sonra ayrılmalı olublar. Daha doğrusu, anam məni də götürüb, qayıdıb Bakıya. Atam arxamızca çox gəlib-getdi, anamı geri qayıtmağa razı sala bilmədi. Anam tərs qadın idi. Ailə qurmağa, nikaha yaxşı baxmırdı. Məni də ailə qurmağa qoymurdu, gələn elçilərə deyirdi ki, Həmidənin əlindən iş gəlmir, bütün gün çəkilişlərdədir, ondan evdar olmaz. Atamı 17 yaşımdan sonra, öldüyü günəcən, görməmişəm. 1986-cı il ildə vəfat elədiyi barədə teleqram aldım. Kinostudiyada idim, oradan maşın verdilər, 59 qərənfil alıb, getdim məzarına. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım. Hönkür-hönkür ağladım. İnstitutu bitirəndən sonra içimdə onunla barışmışdım. Həmişə istəmişəm gedib onu tapım, anamdan qorxmuşam. Çox hökmlü qadın idi. Deyirdim, kaş məni Qazağa ezamiyyətə göndərəydilər. Gedib gizlicə atamı axtarıb tapardım. Bu hiss məndə 22-23 yaşımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Atalı uşaqlara həsəd aparırdım. Ona görə də şəxsi həyatımda nə olur olsun, mən uşağımı atasız qoymadım. Öz uşaqlığım mənə örnək olub. Oğlumu bu yaxınlarda evləndirdim, daha nənə havasındayam. Sevib ailə qurmuşam, amma qadın xoşbəxtliyi başqadır. Ölümündən sonra bizə ondan qalan altı dəftər verdilər ki, görün sizi necə sevirdi. Elə bil həyatında bizdən başqa heç kim olmayıb. Anamla tanışlığından tutmuş, ayrılıqlarına və ondan sonrakı iztirablarına qədər yazmışdı. Anam cırdı o dəftərləri.

Qulluqçu Luçetta məni aktrisa etdi

Az.tv-də rejissor Həsən Seyidbəylinin çıxışından eşitdim ki, Azərbaycan incəsənət tarixində ilk dəfə Moskva Kinematoqrafiya institutunda azərbaycanlı tələbələr üçün kurs açılıb. Dedi, oxumaq istəyənlər sənədlərini bizim İncəsənət İnstitutuna təqdim etsinlər. Anam istəyirdi mən həkim olum. Mən də çox sözəbaxan uşaq olduğum üçün tibb institutuna hazırlaşırdım. “Qızıl medal”a namizəd idim, amma yazıdan mənə 4 verib, medalı başqasına ötürdülər. Mən də, atam qazaxlıdır, qanımızda ədəbiyyat, yazmaq-yaratmaq olduğu üçün sənədlərimi verdim BDU-nin filologiya fakültəsinə və qəbul olundum. Heç biri istədiyim peşə deyildi, nə istədiyimi əslində hələ müəyyən etməmişdim. Qəbul olunsam da özümü yerimdə hiss etmirdim. Elə bilirdim ki, BDU-da müvəqqəti oxuyuram. Elanı eşidən kimi aparıb sənədlərimi təqdim etdim. Aktrisa olmaq arzum da yox idi, sadəcə anamın o yaşıma qədər məni “rejim”də saxlamasına bu formada üsyan edirdim. İki övladını itirdiyi üçün məni sıxma-boğmada saxlayırdı. Gün işığına həsrət idim. Məktəbdən gəlirdim, yemək yeyirdim, dərslərimi hazırlayıb, günorta yatırdım. Oyanıb, yenə dərslərimi hazırlayıb anama danışırdım, xoşuna gəlsə, mənə bir saat televizora baxmağa icazə verirdi. Bu buxovlardan qurtulmaq istəyirdim. Ona görə Yevgeni Matveyevin qarşısında imtahan verəndə B. Vahabzadənin “Ümid ver mənə” şeirini deyə-deyə ağladım. Həsən Seyidbəyli dedi ki, qızım, sən bu gözəl gözləri niyə incidirsən, ümid istəyirsən, biz də sənə ümid veririk. Məni qəbul etdilər. Həmin institutun mühiti mənim kimi özünü ifadə etməkdə çətinlik çəkən utancaqlar üçün deyildi. Aktyorluq etüddən başlayır, bu, aktyorluq sənətinin əlifbasıdır. Bir yerdə oxuduğumuz tələbələrin əksəriyyəti bu sahəni əvvəldən seçmiş, hazırlıqlı idilər, onların yanında mən çox zəif görünürdüm. Hamı səhnəyə can atırdı ki, etüd göstərsin, mən büzüşüb pianonun arxasında gizlənirdim. 3-cü kursun sonunda dörd tamaşa təhvil verməli idik. Rollar bölüşdürüləndə mənə tamaşalardan tək birində bir rol düşdü, qulluqçu qız Luçetta. Özümü o yerə qoymadım, amma çox xəcalət çəkdim. Etüd göstərəndə ağlaya bilməmişdim, məni tənqid etmişdilər, indi çəkilib kənara, büzüşüb oturmuşam, elə ağlayıram. Birdən müəllimimiz Yelena Savçenko məni göstərib, dedi ki, baxın, Həmidəyə, görün necə ağlayır, bax bu, həqiqi göz yaşlarıdır. Özümü auditoriyadan bayıra atdım, girdim gizlin bir yerə, doyunca ağladım və özümə söz verdim ki, mən bu institutu əla bitirib, yaxşı aktrisa olacağam. Diplomumuzda dram teatrı və kino aktyoru yazılır. Peşənin bütün incəliklərini səhnədə öyrənirdik. Ona görə tamaşa da verməliyik.  Bu Luçetta mənə elə bir dərs oldu ki, nəhayət, növbəti etüdlərim uğurlu alındı. Luçettanı da çox gözəl oynadım. Üstəlik, “Həyatın dibində” tamaşasında Palo obrazına gözümü dikmişdim, çünki onu oynayan qız öhdəsindən gəlmirdi. Qızın bacarmadıqları yerlərdə deyirdim olarmı onu mən göstərim. Göstərirdim və müəllim məni ona nümunə gətirirdi. Belə-belə özgüvənimi bərpa etdim. Yelena Savçenko Luçettaya əlavələr etdi və mənim Luçettam əsas rollardan birinə çevrildi. Tamaşadan sonra Bondarçuk müəllimimizə dedi ki, sən qulluqçu ilə xanımı səhv salmısan. Baş rolu Həmidə oynamalı idi. Ondan sonra xanım obrazını verdilər mənə. Amma çox nahaq, obrazı bəyənmədim, çünki xarakterik rolu oynamaq daha maraqlıdır. “Zorən təbib” tamaşasında isə bizimlə bir yerdə Azərbaycandan getmiş Ella baş rolda oynayırdı. İmtahana bir həftə qalmış Ella hamilə olduğu üçün onun rolunu verdilər mənə. Məşqlərində iştirak etmişdim, bütün rolu əzbər bilirdim. Lusindanı da belə oynadım. Gedişatda bütün dörd tamaşanın hamısında rolum oldu, özümü doğrultdum. Matveyev qulluqçu Luçettanı mənə verməklə elə dərs keçdi ki, axırda aktrisa oldum. 

Biz Bakıya qayıdanda kinonun yaxşı vaxtları idi. Kinostudiyanın dəhlizləri də parıldayırdı. İş qaynayırdı, dublyajlar, çəkilişlər. Kinoaktyorluq şöbəsi də fəaliyyət göstərirdi. Hər il dörd bədii film, Moskvanın sifarişi ilə dörd bədii televiziya filmi çəkilirdi. Amma məni 6 ay filmə çəkmədilər. Bir gün, nəhayət, o dəvət gəldi. Oqtay Mirqasımov dəvət etdi, amma Moskvanın öz namizədi vardı. Bir az da belə gözlədim. Sonra ardıcıl çəkildim. “Qızıl uçurum”da Şəfiqə, “Anlamaq istəyirəm”də Çinarə, “Yol əhvalatı” Zümrüd, “Babamızın babasının babası”, “Qorxma, mən səninləyəm” “Üzeyir ömrü” və sair. 

Kinomuzun maddi bazası yoxdur

Dünya kinosunun klassiklərindən olan Roman Polanski ömür boyu qara filmlər çəkmişdi, çünki uşaqlığı gestapoda keçmişdi, dramatik həyatı vardı. Ona həmişə sual verirdilər ki, sən necə rejissorsan, necə polyaksan ki, ancaq qara hissləri təbliğ edirsən, bəşəri film çəkmirsən? Heç nə cavab vermirdi. Müharibədən neçə il sonra bir film çəkdi – “Pianoçu” – və hamının cavabı o filmdə var idi. O hadisələri yaşaya-yaşaya film çəkə bilməzsən, üstündən zaman keçməlidir. “Şindlerin siyahısı” da elə yarandı, bütün yəhudi millətinin faciəsini göstərir. O səviyyədə film çəkmək üçün həm də maddi baza olmalıdır. Bizim kinomuzun maddi bazası yoxdur, bu da reallıqdır, amma hazırda bizə zaman lazımdır. Çox keçməyəcək, Azərbaycan kinosu sıçrayış edəcək, buna inanıram. Mərkəzləşmiş sistem dağıldı, 15 respublika eyni vəziyyətə düşdü. Maddi-texniki bazanın yaradılmasının da yolu var. Azərbaycan ziyalılarına anlatmaq lazımdır ki, film yalnız ideologiyaya xidmət etməməlidir. Görürsünüz, kommersiya filmləri inkişaf edir, çünki az pula bayağı film çəkmək olur. Bu mənada, heç olmasa elə kommersiya filmi çəkmək olar ki, həm ideologiyaya xidmət etsin, həm də pul gətirsin. Dövlətin vəsaiti ilə film çəkən hər hansı təşkilat pul qazanacaqsa, artıq özünün maddi bazası olacaq, dövlətdən vəsait almayacaq. Bu yolla Azərbaycan kinosunu yavaş-yavaş dalandan çıxartmaq mümkündür. Rejissorlar ancaq festival filmləri çəkmək istəyir. Festival filmləri baxılmır. Mən özüm Fəcr festivalının münsiflər heyətinin üzvü olmuşam. O filmləri maddi-texniki bazası olan ölkələr çəkir. Zeki Dəmirkubuz istədiyi filmi çəkir, çünki maddi-texniki bazası var, ona vəsait verirlər. Biz də prodüsserlik məktəbi yaratmalıyıq. Prodüsserlərin film çəkməkdə maraqları olur, çünki oradan qazanc əldə edirlər. Kinonu biznesmenlər yaradıb. 1875-ci ildə Lümyer qardaşları ilk kino seansı təşkil edəndə ona biznes kimi yanaşmışdılar. Paris kağız fabrikinin işçiləri idilər, öz bizneslərini yaradırdılar. Sonra müəllif filmləri, kino sənətkarları yarandı. Kino həm də xalqa xidmət etməlidir. Kino İttifaqının katiblərindən biriyəm. Masa arxasında kinonu saatlarla müzakirə edib, problemin həlli yollarını axtarırıq. İllərdir ki, Mədəniyyət və İncəsənət Universitetində kino tarixindən dərs deyirəm. O da taleyin işidir. Həmin fənni tədris edən müəllim işdən çıxandan sonra mənə təklif gəldi, mən də qəbul etdim. “Retro” televiziya layihəsi elə kino tarixi idi deyə, mövzu mənə yad deyildi, kinonu bilirəm. Sonralar düşündüm ki, bəlkə öz ixtisasımdan dərs deyim, amma artıq zaman keçmişdi, bu sahədə ixtisaslaşmışdım.

Afaq roluna məni Heydər Əliyev seçmişdi

“Nizami” filmi çəkilirdi. Heydər Əliyev də kinoya, xüsusi ilə də tarixi filmlərə diqqət ayırırdı axı. Deməli, filmin çəkilmiş 20 dəqiqəlik hissəsinə baxıb, soruşub bu qız kimdi? Deyiblər Tamara Yandıyeva, çeçendi. Deyib Azərbaycanda aktrisa yoxdu ki? Filmin yaradıcı heyəti tez başlayıb Afaq obrazına azərbaycanlı aktrisa axtarmağa. Kinostudiyanın dəhlizindən keçəndə filmin ikinci rejissoru Akif Rüstəmov çağırdı məni ki, Həmidə, tez gəl bura. Apardılar məni fotosexə. Qrimlədilər və şəklimi çəkdilər. Rəhmətlik Heydər Əliyev o vaxt çəkilən bütün şəkillərin içindən bu şəkli seçib, deyib ki, bu qızı çəkin, qoy özümüzünkü olsun. Bir dəfə də Moskvada dünya gənclərinin qurultayı keçirilirdi. Biz də getmişdik, heç yadımda çıxmaz, Kremlin Qurultaylar sarayında açılış oldu, foyeyə çıxanda uşaqlar pıçıldadılar ki, Heydər Əliyev, Heydər Əliyev. Bir neçə nəfərlə dayanmışdı. Pıçıltımızı eşidib, döndü, bizi basdı bağrına. Yanındakı adamlara fəxrlə dedi ki, bunlar mənimkilərdi, azərbaycanlılar. Biz də cavan uşaq idik, o rəhmətlik elə fəxrlə dedi ki, özümüz də başladıq fəxr eləməyə ki, azərbaycanlıyıq.

Qırışları özüm qazanmışam

Moskvada “Nizami” filminə çəkilirdim. Bir yerdə çəkildiyimiz aktrisa ilə gəzirdik, kosmetoloji mərkəz gördük. Getdim yazıldım həkimin qəbuluna. Həkim soruşdu ki, niyə burnunu əməliyyat etdirmək istəyirsən? Qayıtdım ki, uzundu, mane olur. Dedi, get, ona görə nə vaxt səni filmə çəkməsələr, gələrsən əməliyyat edərəm. Həmin hadisədən sonra mənim üçün plastik əməliyyat mövzusu bağlandı. Kompleksim yoxdur. Eldar Quliyevin “Burulğan” filmində çəkilirdim. Tərəf müqabilim Litvalı aktrisa idi, 33 yaşlı əməkdar artist Eqle Qabrenayte. Çəkilişlərdə operator dedi ki, Eqle, saçındakı ağları gizlət. Qız pərt halda dedi ki, mən saçımdakı ağlarla, üzümdəki qırışlarla fəxr edirəm. Onları özüm qazanmışam. O vaxtdan bu sözlər yadımda qalıb. Mən də o qırışları özüm qazanmışam. Nənə roluna da çəkilən aktrisa lazımdır.

Sevgi də tale işidir

Bir dost var idi, daha doğrusu, iş yoldaşlarımdan biri. Həmişə mənimlə zarafatlaşırdı. Düz beş il hər dəfə məni görən kimi bu zarafatı edirdi. Soruşurdu ki, elçilərimi nə vaxt göndərim? Deyirdim sabah yox, birigün. Deyirdi, onda kartof qızart, bizimkilər gələcək. İranda film çəkilişlərində biləndə ki, 33 yaşım var və subayam, bir aktrisa məni yaman danladı. Mən də qərarlı gəlmişdim ki, ailə quracam daha. Bu da yenə məni görən kimi həmin dialoq başladı:

– Elçiləri nə vaxt göndərim? 

– Sabah. 

– Onda kartof qızart… 

Mən zarafat eləmirdim. Dedim, göndərirsən, göndər, göndərməyənin..! Qızardı və “bax göndərərəm ha” – dedi. Dedim, göndər də…

Anası ağır xəstə idi. Dedim, anana baş çəkmək istəyirəm. Getdik onlara, anası ilə tanış oldum. Evin tək oğlu olduğu üçün özü getdi çay gətirməyə, qaldıq anası ilə ikimiz. Dedi ki, indiki qızlar oturub, oturub, yaşı ötürüb, sonra kim gəldi ona gedirlər. Oğlana dedim sən gizlədirsən, amma anan məni istəmir. Heç nə demədi. Bu məsələ bitdi. Sonra da indiki həyat yoldaşımla tanış oldum, qısa müddətə ailə qurdum. Ana olmağa hazırlaşırdım, dəhlizdə həmin iş yoldaşımla rastlaşırdıq. Uzaqdan salamlaşıb hal-əhval tuturduq, hətta zarafatlaşırdıq da. Amma daha o söhbətə qayıtmırdıq. Bir dəfə yaxınlaşdı ki, anam rəhmətə gedəndə məni yanına çağırıb dedi ki, gedib Həmidədən üzr istəyərsən. Mən çox heyfsilənirəm ki, sənə mane oldum. Artıq gec idi, amma oğlan indiyəcən ailə qurmayıb.

“Qaragilə”nin hekayəti

Anam çox əziyyət çəkdi, xəstə idi, yaddaşını tamam itirmişdi. Bir gün mən işdə olanda evdə əlinə keçən qiymətli nə varsa, götürüb qaçmışdı. Uzun müddət axtardıq, polislər də cəlb olundu. Nəhayət, psixi xəstəxanadan tapdım, döyülmüş, əlində nə varsa alınmış vəziyyətdə, cırıq paltarda küncdə oturub “Qaragilə” mahnısını oxuyurdu. O mahnı atamla ikisinin sevimli mahnısı olub, anamın gözəl səsi vardı. Gətirdim onu evə, işdən çıxdım, rəhmətə gedincə özüm baxdım. 

Yekun

Bu günlərdə yaradıcılıq gecəm oldu. Möhtəşəm! Adətən deyirlər ki, sənət adamları bir-birləri ilə yaxın dostluq etmirlər, bir-birinə həsəd aparırlar, bir-birlərinin uğurlarına elə də çox sevinmirlər. Amma yaradıcılıq gecəmdə gördüklərimi sözlə ifadə etməyə belə çətinlik çəkirəm, mən bunu gözləmirdim. Xalq artistləri və Əməkdar artistlər, film və tamaşalardakı tərəf müqabillərim, tələbə yoldaşlarım çıxış etdilər. Əlbəttə, onlardan bu qədər səmimi sözlər eşitmək məni fərəhləndirdi. Salondakı tamaşaçılar arasında çox sayda doğmalarım, mənə yaxın olan insanlar, dostlarım, həmkarlarım, tələbələrim var idi. Tədbir dörd saat davam etdi – insanlar getmək istəmirdilər. Təşkilatçılar dedilər ki, indiyə qədər belə gecə olmayıb. Bu, qazancdı. Yaxşı yekundu…

Ramilə QURBANLI






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10